Neft bazarlarında "fırtına" qabağı səssizlik: Hörmüz boğazı blokada astanasında
“BƏƏ ərazisinə hücum qarşıdurmanın genişlənməsi üçün zəmin yaradır”
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı bildirib.

Politoloq Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) dünən gecə atıldığı iddia edilən 4 raketin yaradacağı səbəb və nəticələri analiz edib:
“Yaxın Şərq yenidən böyük toqquşma astanasına yaxınlaşır. ABŞ-ın Hörmüz boğazında “Azadlıq əməliyyatı”na başlaması və buna Tehranın sərt reaksiyası Vaşinqton–Tehran xəttində gərginliyi kritik həddə çatdırıb. Mövcud dinamika göstərir ki, tərəflər arasında növbəti hərbi qarşıdurma artıq istisna edilmir.
Donald Tramp administrasiyasının qərarı ilə başlanan bu əməliyyatın rəsmi məqsədi Hörmüz boğazında ilişib qalan gəmilərin təhlükəsiz çıxarılması və naviqasiya azadlığının təmin edilməsidir. Lakin reallıqda bu addım İran üzərində hərbi-siyasi təzyiqin artırılması, dəniz blokadasının gücləndirilməsi və Tehranı danışıqlarda güzəştə məcbur etmək kimi strateji hədəflərə xidmət edir. ABŞ-ın bölgəyə cəmləşdirdiyi güclü hərbi donanma təyyarədaşıyan gəmilər, esmineslər və desant qüvvələri əməliyyatın sırf “mühafizə” xarakterli olmadığını açıq şəkildə nümayiş etdirir.”
Politoloq qeyd edib ki, İranın öz şərtlərindən və məqsədlərindən geri çəkilmək niyyəti yoxdur:
“İran açıq şəkildə ABŞ Hərbi Dəniz Qüvvələrinə xəbərdarlıq edib və Hörmüz boğazında hərəkət edən gəmilərin İranla koordinasiya olunmasını tələb edib. Eyni zamanda, Abbas Araqçı “Azadlıq əməliyyatı”nı “çıxılmazlıq layihəsi” adlandıraraq, siyasi böhranların hərbi yolla həllinin mümkün olmadığını vurğulayıb.
Tehran paralel olaraq Pakistan vasitəçiliyindən istifadə edir Pekin, Ankara, Moskva, İslamabad və digər region ölkələri ilə əlaqələri gücləndirir. Avropa və region ölkələri ilə diplomatik kanalları açıq saxlayır. Bu strategiyanın əsas məqsədi vaxt qazanmaq və mümkün hərbi eskalasiyaya hazırlaşmaqdır. İlkin mərhələdə Pakistanın vasitəçiliyi ilə əldə olunan qısamüddətli atəşkəs və telefon diplomatiyası nəticə vermədi. Səbəblər isə aydındır: ABŞ-ın sərt şərtləri, İranın geri addım atmaması, qarşılıqlı etimadsızlıq və regiondakı güc mübarizəsinin davam etməsidir. Vaxtın uzanması isə Vaşinqton və onun müttəfiqlərinin maraqlarına cavab vermir, çünki Tehran bu müddətdə hərbi və siyasi imkanlarını bərpa etməyə çalışır.”
M. Bünyadlı bildirib ki, Tramp daxili nüfuzunu qorumaq üçün hər yola əl atmaqda israrlıdır:
“ABŞ üçün əsas məqsəd qısa müddətdə nəticə əldə etməkdir. Əks halda bu, Donald Tramp üçün siyasi risk, imicinə ciddi zərbə və beynəlxalq nüfuz itkisi ilə nəticələnə bilər. Bu səbəbdən Vaşinqton hərbi təzyiqi artırır, blokadanı genişləndirir və bununla da İranın iqtisadi resurslarını məhdudlaşdırır. Amma bu gərginlik bölgədə və qlobal miqyasda “domino effekti” yarada bilər.
BƏƏ ərazisinə raket hücumları və buna Şahbaz Şərifin reaksiyası göstərir ki, qarşıdurma genişlənmə potensialına malikdir. Mümkün nəticələrə gəldikdə, bu, Hörmüz boğazının tamamilə bağlanmasına, qlobal enerji bazarında şoka, neft qiymətlərinin kəskin artımına və beynəlxalq ticarətin iflic vəziyyətinə düşməsinə səbəb ola bilər.
Pekin artıq açıq şəkildə Vaşinqtonun siyasətinə qarşı mövqe nümayiş etdirir. Tehranın Pekinlə yaxınlaşması anti-Amerika blokunun formalaşması, iqtisadi və hərbi dəstəyin güclənməsi, həmçinin qlobal güc balansının dəyişməsi kimi nəticələr doğura bilər. Bu isə növbəti müharibə ehtimalını artırır. Mövcud vəziyyət göstərir ki, diplomatik kanallar tükənmək üzrədir, hərbi ritorika sərtləşir və tərəflər geri çəkilməyə hazır görünmür. Əgər yaxın vaxtda kompromis əldə olunmasa, ABŞ–İran qarşıdurmasının yenidən alovlanması real ssenariyə çevrilə bilər. Bu isə yalnız region üçün deyil, bütün dünya üçün ciddi təhlükə deməkdir. Çünki Hörmüzdə baş verəcək hər hansı genişmiqyaslı toqquşma artıq lokal münaqişə deyil, qlobal iqtisadi və təhlükəsizlik böhranının başlanğıcı ola bilər.”
Nurlan Cəfəri













