İqtisadçı-ekpert Natiq Cəfərli son günlər neftin düşməsi səbəblərini təhlil edib.
Ekspert neftin qiymətinin enməsinin 7 fundamental iqtisadi səbəblərini açıqlayıb:
1) ABŞ və Kanadada slans qazı və nefti inqilabı. 2008-ci ilə qədər Şimali Amerika dünyada istehsal olunan neftin 30%-ə yaxınını istehlak edirdi. Əsasən, Venesuela və Ərəb yarmadasından neft alırdılar, Katardan isə ildə 30-35 mldr. kub qaz alınırdı. 2008-ci ildən Şimali Amerikada slans qazı və nefti inqilabı başladı, 2009-cu ildə ABŞ dünyada ən çox qaz istehsal edən ölkə oldu, hamı şoka düşdü, Katardan qaz almasını dayandırdı, özü-özünü qazla tam təmin etdi, 2016-dan isə ixraca başlayacaq. Neftlə bağlı isə ABŞ bu ildən özü-özünü tam təmin etdi, bundan əlavə 40 ildən sonra ilk dəfə olaraq ABŞ gündə 600 min barel neft kondensatını dünya bazarında satmağa başladı.
2) ABŞ-ın Federel Rezerv Sistemi (FED, bir növü onların Mərkəzi Bankı) 2008-dən bəri hər ay dünya birjalarına (tahvil alım proqramı) 85 mlrd. dollar vəsait axıdırdı, bu isə qiymətləri yuxarı çəkirdi, 2014-ün əvvəlindən hər ay bu proqram azaldılmağa başladı, gələn ilin əvvəlindən isə tamam bağlanır, yəni, bazarlarda ucuz pul dövrü bitir. Daha ötəsi odur ki, FED gələn ildən uçot dərəcəsini qaldıracaq, bu isə daha dolların daha “bahalı” olması ilə nəticələnəcək.
3) Avropa ölkələri iqtisadi tənəzzüldən çıxa bilmirlər, AB-də ortalama iqtisadi artım 1% civarında olacaq ki, bu da əsasən, Almaniyanın hesabınadır. Belə vəziyyət neftin istehlakını azaldır, bu isə qiymətlərin enməsinə gətirib çıxarır.
4) Çində də iqtisadi artın xeyli yavaşlayıb, bu il cəmi 7% olması gözlənilir (dünya üçün bu fantastik böyümə rəqəmi olsa da, Çin üçün kiçik rəqəmdir), bu da neftin istehlakını azaldan əsas faktorlardan biridir.
5) OPEK ölkələrində neft hasilatı artır, bundan əlavə ilin əvvəlində Liviyada gündəlik hasilat 250 min barel olduğu halda, indi az qala günə 1 milyon barel neft hasilatı bərpa olunub və yaxın gələcəkdə gündəlik hasilat 1,5 milyon barelə çatacaq.
6) İran kimi böyük neft-qaz potensialı olan ölkə artıq dünya bazarına yenidən daxil olmağa başlayır, əgər yaxın gələcəkdə İranla bağlı sanksiyalar götürülsə, bu ölkə gündə 3,5-4 milyon barel neft istehsal edərək dünya bazarına çıxara bilər. İranın hazır infrastrukturu var, buna görə də, çox kiçik zamanda böyük həcmdə nefti dünyaya çıxara bilər.
7) OPEK ölkələri neft hasilatını azaldaraq qiyməti sala bilmirlər, çünki bu ölkələr illərdir normal iqtisadi model qura bilməyiblər. Hasilatın azalması onların gəlirlərinin azalması ilə nəticələnir. OPEK-ə daxil olmayan Rusiyada da vəziyyət eynidir, qiymət aşağı düşdükcə, Rusiya daha çox neft istehsal edərək itkiləri kompensasiya etməyə çalışır”.
N.Cəfərli qeyd edib ki, harada neft-qaz varsa, orada tək iqtisadiyyat rol oynamır: “Siyasət ciddi təsirlərə malik olur. Bu gün Qərb-Rusiya qarşıdurmasında neftin qiyməti çox kəsgin bir “silahdır” və Qərb dairələri, əsasən də ABŞ, bu “silahdan” istifadə etməyi düşünür və bunu ərəb əlaltılarının köməyi ilə edir və edəcək. Çünki, neftin qiymətinin yuxarı olması ilə Kremlin aqressiv rirotikası və hərəkləri arasında ciddi korrelyasiya var. Bu gün ucuz neft Qərbə tam sərf edir, ən çox da AB ölkələrinə, çünki, ucuz neft daha çox iqtisadi aktivliyə gətirir. Düzdür, bundan Çin də yaralanacaq, amma, bu gün Çin məsələsi aktual deyil”.
Ekspert bildirib ki, qeyd etdiyi fundamental səbəblər olmasa idi, tək siyasətlə neftin qiymətini sala bilməzdilər: “Məhz o köklü səbəblərə görə neftin qiyməti hələ uzun müddət aşağıda olacaq, təvazökarlıqdan uzaq olsa da, ölkədə bununla bağlı illərdir ən çox danışan, yazan insanlardan biri mənəm. Trendləri, iqtisadi göstəriciləri, siyasi prosesləri nəzərə alaraq əminliklə demək olar ki, neftin qiyməti yaxın gələcəkdə 75-85 dollar arasında gedib-gələcək. Gələn il ABŞ koqressi daha çox neft və neft məhsullarının ixracına icazə versə, İranla bağlı bütün sanksiyalar aradan götürülsə, neftin 60-65 dollara qədər enmə ehtimalı da var. “Bu mümkün deyil”, deyənlərə sözüm odur ki, cəmi 10 il bundan qabaq, 2003-cü ildə Brent markalı neftin illik ortalama qiyməti 28,48 dollar olub”.