İçərişəhərin “Art Garden” sərgi salonunda “YARAT” Müasir İncəsənət Məkanı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “BACARART” layihəsi çərçivəsində geniş miqyasda xeyriyyə satış-sərgisi keçirilib.
Mərasimdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri “BACARART” layihəsinin əhəmiyyətindən söz açıb. Bildirib ki, artıq iki ildir davamlı olaraq həyata keçirilən bu layihə aztəminatlı ailələrdən olan yaradıcı qabiliyyətli uşaqların dəstəklənməsinə yönəlib. Layihənin əsas məqsədi Azərbaycanın müxtəlif regionlarından olan istedadlı uşaqların yaradıcı potensiallarının inkişafına təkan verməkdir. Sonra layihənin iştirakçılarına hədiyyələr təqdim olunub və tədbir iştirakçıları BACARART layihəsi haqqında videoçarxa baxıblar. Mərasim bədii proqramla davam edib.
Xatırladaq ki, 2014-cü ildə layihədə rəssamlardan Ramal Kazımov, Vüsal Rəhim, Sitarə İbrahimova və Reza Hazare iştirak ediblər. Onların rəhbərliyi ilə “BacarArt”ın gənc iştirakçıları kompozisiya, rəsm, kollaj və fotoqrafiyanın əsaslarını mənimsəyiblər.
2014-cü ildə layihə Azərbaycanın artıq 11 regionunu – Bakının Şüvəlan qəsəbəsini, Göygöl, Sabirabad, İsmayıllı, Zərdab, Hacıqabul, Zaqatala, Saatlı, Qəbələ, Goranboy və Ağdam rayonlarını əhatə edib. Layihənin birinci mərhələsində 50 istedadlı uşaq və yeniyetmə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı və Göygöl regional mərkəzlərində toplaşıblar. İş prosesinə komitənin 10 təlimatçısı nəzarət edib.
Layihənin ikinci mərhələsində iştirakçılar Şəkidəki “Marxal” kurort kompleksi ərazisində yay məktəbi çərçivəsində ünsiyyəti davam etdiriblər. On gün ərzində iştirakçılar Şəki xanlarının sarayını, “Gələrsən-Görərsən” qalasını, Cümə məscidini, Kiş qala və məqbərəsini, Yuxarı Çardaxlardakı qalanı, Orta Zəyzitdəki qüllə və məbədi və digər memarlıq abidələrini ziyarət ediblər. Layihə nəticəsində 150-dən çox rəsm və 80-dən çox fotoşəkil yaradılıb. Buna baxmayaraq layihənin final mərhələsi üçün yalnız ən yaxşı 19 fotoşəkil və 41 rəsm seçilib. Satış-sərgidən əldə olunan bütün vəsait 30 finalçının ailələrinə paylanacaq və onların istedadlarının sonrakı inkişafına yönəldiləcək.
Qeyd edək ki, layihə iştirakçıları satış-sərgidən əvvəl Bakıya toplaşaraq Heydər Əliyev Mərkəzini və şəhərin tarixi yerlərini ziyarət ediblər.