Netanyahu Bakıya GƏLİR? – “Məsud Pezeşkianın ölkəmizə səfər öncəsi...”
“Hazırda Azərbaycana səfər İsrailin belə maraqlarına uyğun deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı, Ədalət Hüquq və Demokratiya Partiyasının (ƏHDP) sədr müavini Elçin Mirzəbəyli bildirib.
Millət vəkili İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri ilə bağlı yayılan xəbərləri şərh edib. O, bu məlumatları dezinformasiya adlandırıb:
“Netanyahunun səfəri ilə bağlı xəbər Məsud Pezeşkianın ölkəmizə səfər öncəsi gərginlik yaratmaq, səfər çərçivəsində əldə oluna biləcək nəticələri öncədən şübhə altına almaq, İrandakı Ermənistanı dəstəkləyən radikal mühafizəkar qruplara ənənəvi anti-Azərbaycan ritorika və əməllərini davam etdirmələri üçün bəhanə verməkdən ibarətdir. Bu xəbərdə bir neçə təxribat və sabotaj elementi var və hazırda hətta İsrailin belə maraqlarına uyğun deyil”.
E. Mirzəbəyli hesab edir ki, yayılan xəbər İsrail- Türkiyə münasibətlərindəki Azərbaycanın roluna təsir göstərmək xarakteri daşıyır:
“Xəbərin təxribat yükünün digər istiqaməti, şübhəsiz ki, Türkiyə ilə bağlıdır. Görünür, kimlərsə qardaş ölkənin ictimai rəyini qıcıqlandırmaq və Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin normallaşmasında vaxtilə oynadığı və həyata keçirməkdə olduğu missiyanı zədələmək istəyirlər. Xəbərin həqiqəti əks etdirdiyini düşünmürəm və hesab edirəm ki, bu bir informasiya savaşı elementidir”.