!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Növbədənkənar seçki ehtimalı - "Nə hüquqi əsas var, nə də ictimai-siyasi səbəb" - VİDEO

!Reklam – Yazi

Son günlər Azərbaycanda ən çox müzakirə edilən mövzu yaxın zamanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyidir.

Ortaya atılmış iddiaların hüquqa söykənib-söykənmədiyinə Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Yenicag.az-da aydınlıq gətirib.

Hafiz Həsənov qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsi Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasına həsr edilib, ancaq bu maddənin tətbiq edilməsi üçün müəyyən şərtlər lazımdır. Konstitusiyanın 109-cu maddəsində yer alan prezidentin səlahiyyətlərində isə parlamentin buraxılması məsələsi öz əksini tapmayıb:

“Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Bu gün Konstitusiyada sadalanan maddələr üzrə parlamentin buraxılması üçün heç bir əsas yoxdur. İndiki halda prezidentin səlahiyyətlərinə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı əlavənin edilməsinə də heç bir gərək yoxdur. Bəzən mətbuatda fikirlər səsləndirilir ki, Konstitusiyaya dəyişiklik edilməlidir, referendum keçirilməlidir. Hüquqi olaraq buna heç bir əsas yoxdur. Hesab edirəm ki, əvvəlki referendumda Konstitusiyaya edilən dəyişikliklərdə belə bir maddənin ölkənin birinci qanununa salınmaması qanuna uyğundur. Konstitusiyaya da dəyişiklik edilməsinə heç bir əsas yoxdur”.

İndiki halda parlamentin özü-özünü buraxa bilmə versiyasına gəldikdə isə, Hafiz Həsənov bunları deyib:

“Hüquqi olaraq həm parlamentin buraxılması, həm də parlamentin özü-özünü buraxması üçün əsaslar yoxdur. Hesab edirəm ki, bu gün Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi üçün nə hüquqi əsas, nə də bunu yaradan hər hansı ictimai siyasi səbəb var”.

Səxavət Məmməd

www.yenicag.az

5273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv