“Ermənistan tərəfi vaxt uzatmaq üçün hər yola əl atacaq. Onlar bunun üçün provokativ addımlar ata bilərlər. Atəşkəsin pozulması, sülhməramlılarla Azərbaycanı üz-üzə gətirmə cəhdləri, ən son halda hansısa bir ssenari üzrə Rusiya ilə Azərbaycanı qarşıdurmaya çəkmək oyununu quracaqlar. Fakt odur ki, bu oyunu alındıra bilmirlər”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyanın “Azərbaycanla müharibə qaçılmazdır və onlar buna hazırlaşır” fikirlərini şərh edən olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.
Elxan Şıxəliyev bildirib ki, bölgədə söz sahibi Azərbaycandır və rəsmi İrəvan Bakı ilə müharibə dilində danışa bilməyəcəyini yaxşı başa düşür:
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün də, birinci növbədə, sərhədlərin tanınması həyata keçirilməlidir. Sərhədlərin tanınması ilə bağlı erməni tərəfi siyasi qərar verə bilmir. Çünki o zaman Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınmalıdır. Dolayısı ilə Ermənistan siyasi hakimiyyəti bu qərarı versə, öz sonunu gətirmiş olacaq. Siyasi hakimiyyət də öz sonunu gətirməmək üçün qarşı tərəfi günahlandırmalıdır. Sərhədlər və sülh sazişi üzərinə yeni siyasi böhranın içərisindəyik. Azərbaycan siyasi hakimiyyətinin istəyi ondan ibarətdir ki, qarşı tərəf verilmiş təklifləri qəbul etsin. Ermənistan siyasi hakimiyyəti isə bunu istəmir. Siyasi böhran çözülmürsə, bu hərbi yolla həyata keçməlidir. Postmüharibə dövrünün siyasi böhranı yüksəlmək üzrədir. Bu mərhələdə erməni siyasi dairələri blef edir.
Diplomatiyada iki yol var – yumşaq güc, sərt güc. Bunun ikisində də gündəmi Azərbaycan müəyyən edir. Şərtlərimiz budur ki, bizi qəbul edirsiniz, qarşılığında bu coğrafiyada yaşamağınız üçün təhlükəsizliyinizə təminat veriləcək. Qəbul etmirsinizsə, “Dəmir yumruq”a hazır olun. Azərbaycanın Ermənistan sərhədləri ilə bir işi yoxdur. Obrazlı dildə desək, gəminin içində su var. Qarabağda yaşayan erməni əhalisi və silahlı qüvvələr var.
Sülhməramlıların fəaliyyətinin sonuna çatmasına qədər Azərbaycan istəyəcək ki, keçid mülayim olsun. Ermənilər də Azərbaycan Silahlı Qüvvələrinin son vəziyyətini analiz edəndə görürlər ki, müharibədən sonra, adətən, siyasi hakimiyyət arxayınlaşır, ancaq görürlər ki, bizdə temp artan xətlə gedir. Erməni tərəfi bundan ehtiyatlanır. Paşinyan və hiyləgər erməni beyin mərkəzi düşünür ki, Azərbaycanın güc istifadə etməsindən daşındırsınlar. Erməni tərəfi yaxşı bilir ki, Azərbaycanla müharibə etmələri imkansızdır”.
Səxavət Məmməd
www.yenicag.az