Növbəti buraxılış imtahanlarının tarixi AÇIQLANDI

23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.

Dövlət İmtahan Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.

Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.

Bundan əlavə, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq 11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər hazırda keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər üçün də buraxılış imtahanının sentyabr ayında keçirilməsi nəzərdə tutulur.

“İmtahana buraxılış vərəqəsi” hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
23-24 iyul tarixlərində imtahan keçiriləcək rayon və şəhərlər, imtahanda iştirak etməli olan şəxslər və imtahanların növləri barədə yaxın 2 gün ərzində məlumat veriləcək.

Xatırladaq ki, qeyd olunan tarixlərində:

• 11-ci sinif üzrə buraxılış imtahanları;

• Əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul imtahanları;

• Azərbaycan dilindən fərqli dildə təhsil alan və kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) və 11-ci sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili) imtahanları;

• Ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.

İmtahan keçiriləcək tarixlərdə rayon və şəhərlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunarsa, həmin bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək.