Hazır hədiyyə qutularının TƏHLÜKƏSİ: Yeni ildə bu qaydalara əməl edin - VİDEO
Yeni il bayramı yaxınlaşdıqca mağazalarda hazır hədiyyə qutularının satışı da artır. Əksər hallarda uşaqlar üçün nəzərdə tutulan bu qutuların tərkibi isə valideynlərə məlum olmur.
Qida eksperti İlkin Şirinov Yenicag.az-a açıqlamasında qeyd edib ki, valideynlər hazır hədiyyə qutuları alarkən son dərəcə diqqətli və məsuliyyətli olmalıdırlar.
Onun sözlərinə görə, bu qutuların içərisində karamelli, cemli və kremli məhsullar olur ki, onların yararlılıq müddəti və saxlanma şəraiti istehlakçıya çox vaxt məlum olmur:
“Qutular, adətən, bağlı olur və valideynlər alandan sonra bəzən içərisindəki məhsullara baxmadan onları ya hədiyyə edirlər, ya da uşaqlara verirlər. Halbuki bu məhsulların yararlılıq müddəti, saxlanma şəraiti hansı vəziyyətdədir, biz bunu bilmirik”.
Ekspert vurğulayıb ki, hədiyyə qutularının üzərində mütləq şəkildə içərisində olan məhsullar haqqında ətraflı məlumat yer almalıdır. İstehlakçı bilməlidir ki, aldığı qutunun içində hansı məhsullar var:
“Qutular qəsdən elə bağlanır ki, açıb baxmaq mümkün olmur. Mən tövsiyə edərdim ki, valideynlər hazır qutuları almaqdansa, qutunu ayrıca alıb, içərisinə övladlarının istifadə edəcəyinə əmin olduqları məhsulları özləri yığsınlar və hədiyyə kimi təqdim etsinlər. Bu daha məqsədəuyğundur”.
İlkin Şirinov bildirib ki, əgər hədiyyə qutusunun içərisində vaxtı keçmiş, saxlama müddəti bitmiş və ya saxlanma şəraitinə düzgün əməl olunmamış məhsullar aşkar edilərsə, vətəndaşlar AQTA-nın qaynar xəttinə müraciət edib şikayətlərini bildirə bilərlər.
Ətraflı videomaterialda:
Samir Məcid












