Mürəkkəb geosiyasi gündəm və İŞİD: Təşkilat hansı boşluqlardan yararlanıb yenidən qruplaşır?
İŞİD terror təşkilatının son aylarda Suriyadan başlayaraq Türkiyə və Avropaya qədər uzanan geniş coğrafiyada yenidən fəallaşması təsadüfi bir hadisə deyil, bir neçə mürəkkəb geosiyasi amilin kəsişməsinin nəticəsidir.
Dekabrın 28-də Türkiyənin Yalova şəhərində baş verən silahlı insident bu qruplaşmanın təkcə müharibə zonalarında deyil, həm də şəhər mərkəzlərində “yatan hücrələri” vasitəsilə hələ də əməliyyat qabiliyyətini qoruduğunu göstərir. Bu aktivləşmənin kökündə dayanan əsas səbəblərdən biri Yaxın Şərqdəki mövcud qeyri-sabitliyin yeni fazaya qədəm qoymasıdır. Xüsusilə Suriyanın şimalında rejim qüvvələri ilə müxalif qruplar arasındakı gərginliyin artması, müxtəlif güc mərkəzlərinin diqqətinin Ukrayna müharibəsi və Çinlə rəqabətə yönəlməsi bölgədəki nəzarət mexanizmlərinin zəifləməsinə və İŞİD-in yaranan güc boşluqlarından istifadə edərək yenidən qruplaşmasına şərait yaradır.
Beynəlxalq geosiyasi gündəm, xüsusən də Ukrayna və Qəzza zolağındakı münaqişələr, qlobal güclərin diqqətini İŞİD-lə mübarizədən yayındırıb. Qərb dövlətlərinin və regional aktorların resurslarını başqa cəbhələrə yönəltməsi terror qruplaşması üçün unikal manevr sahəsi açıb. Eyni zamanda, Əfqanıstanda “Xorasan vilayəti” (İŞİD-K) qolunun güclənməsi və buradan Orta Asiya, Türkiyə və Avropaya doğru uzanan logistik kanalların aktivləşməsi təşkilatın qlobal şəbəkəsini canlandırıb. Avropadakı hücum cəhdləri və Türkiyədəki atışmalar göstərir ki, qruplaşma artıq ərazi nəzarətindən daha çox, “mərkəzsizləşdirilmiş terror” taktikasına üstünlük verir. Bu taktika kəşfiyyat orqanları üçün daha çətin hədəf yaradır, çünki kiçik və müstəqil qruplar yerli səviyyədə qərar qəbul edərək hərəkətə keçirlər.
Nəticə etibarilə, İŞİD-in bu “qayıdış” cəhdi həm ideoloji, həm də strateji bir mesaj xarakteri daşıyır. Təşkilat sübut etməyə çalışır ki, fiziki xilafət məhv edilsə də, onun şəbəkə strukturu və təsir gücü hələ də sarsılmazdır. Yalovadakı hadisə kimi lokal toqquşmalar Türkiyənin təhlükəsizlik strategiyasında preventiv tədbirlərin və kəşfiyyat mübadiləsinin nə qədər həyati əhəmiyyət kəsb etdiyini bir daha xatırladır. Regional sabitlik bərpa olunmadıqca və beynəlxalq koalisiya diqqətini yenidən bu təhlükəyə cəmləmədikcə qruplaşmanın həm fiziki, həm də rəqəmsal platformalarda radikallaşma və hücum cəhdlərini davam etdirəcəyi gözləniləndir. Bu vəziyyət dövlətlərarası əməkdaşlığın yenidən prioritetləşdirilməsini və terrorun maliyyə qaynaqlarına qarşı daha sərt qlobal nəzarətin tətbiqini zəruri edir.
Camal CAVANŞİR












