"Nüvə proqramı məhdudlaşdırılır, sanksiyalar ləğv edilir" – ABŞ-İran xəttində yeni mərhələ
“İran Amerika ilə razılaşdı: Nüvə proqramı məhdudlaşdırılır”
Bu sensasion iddianı Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Politoloqun sözlərinə görə, İran-ABŞ razılaşmasının gerçəkləşməsi yaxın günlərin məsələsidir:
“Hazırda İranla ABŞ arasında 14 maddədən ibarət anlaşma memorandumu masadadır. Tərəflər ötən gecə mühüm məsələlərdə böyük razılığa gəliblər. Artıq ABŞ tərəfi Hörmüz boğazındakı əməliyyatları dayandırıb. Hesab edirəm ki, çox yaxın müddətdə rəsmi razılaşma elan oluna bilər. Vaşinqton və Tehran rəsmiləri hazırda üç əsas istiqamət üzrə danışıqları yekunlaşdırır: nüvə proqramının məhdudlaşdırılması, sanksiyaların mərhələli şəkildə aradan qaldırılması və Hörmüz boğazındakı blokadanın qarşılıqlı olaraq götürülməsi.”
Ekspert qeyd edib ki, Tehran rejimi iqtisadi və siyasi şərtlər daxilində bu anlaşmaya getməyə məcbur qalıb:
“Prezident Pezeşkian SEPAH rəhbərliyinə Amerika ilə razılığa gəlməyin qaçılmaz olduğunu bildirib. Onlar yaxşı başa düşürlər ki, gözlənilən ‘ikinci dalğa’ İranı tamamilə iflas etdirə bilər. Əgər bu razılaşma baş tutmasa, ABŞ-ın İranı hərbi hədəfə alması qaçılmazdır. Hesab edirəm ki, Xarici İşlər naziri Əraqçının Çinə son səfərində də məhz bu 14 maddəlik gizli planın detalları müzakirə edilib.”
M. Əsədullazadə vurğulayıb ki, SEPAH-ın daxilində bu geriçəkilmə ilə barışmayan qüvvələr hələ də mövcuddur:
“SEPAH daxilində bu razılaşmaya qarşı ciddi narazılıqlar var. Lakin Amerikanın tətbiq etdiyi blokada ölkədə inflyasiyanı pik həddə çatdırıb. Bu iqtisadi gərginlik əhalinin yenidən küçələrə çıxmasına və ölkə daxilində idarəolunmaz etiraz dalğasına səbəb ola bilər.”
Nurlan Cəfəri













