!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“O, xəstədirsə, Azərbaycanda müalicə olunmalı, öləcəksə, yenə burada ölməli idi” – Hərbi icmalçıdan İLGİNC AÇIQLAMA

!Reklam – Yazi

“Ehtiyata buraxılmaq zabitlərə aid praktikadır, generallar yalnız istefaya göndərilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Müdafiə Nazirliyinin general-polkovnik Nəcməddin Sadıkovun ehtiyata buraxılması və Rusiyada müalicə alması haqda yayılan məlumatlara münasibət bildirən hərbi icmalçı Nazim Bayram deyib.

Nazim Bayram bildirib ki, əgər Nəcməddin Sadıkov müalicə olunmaq üçün Rusiyaya gedibsə, bu, Azərbaycanın “Dövlət sirri haqqında” qanununun pozulmasıdır:

“Nəcməddin Sadıkov şübhəsiz ki, dövlət və hərbi sirr daşıyıcısıdır. Onun bildiyi məlumatlar öz əhəmiyyətini 2-3 aya itirən informasiyalar deyil. Baş Qərargahın Silahlı Qüvvələrin “beyni” olduğunu nəzərə alsaq, Sadıkov ölkə xaricinə buraxılmamalı idi”.

Müdafiə Nazirliyinin Nəcməddin Sadıkovun məhz ehtiyata buraxılmasına dair məlumat yaymasına gəldikdə isə Nazim Bayram bunları qeyd edib:

“İstər Nəcməddin Sadıkov, istər Rövşən Əkbərov, istərsə də Xaqani Cəbrayılov olsun, bir generalın müharibənin qızğın dövründə işdən çıxarılması onun vəzifə borcunu yerinə yetirə bilməməsi deməkdir.

Adıçəkilən şəxslər və digərləri müharibənin ortasında öz istəyi ilə ordu sıralarından çıxıblarsa, bu, artıq fərarilikdir. Adam vəzifəsinin icrasından yayınıb, fərarilik edib və yaxud vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün işdən götürülüb.

Qayda pozanlar, zamanında törətdikləri əməllərə görə ordu sıralarından kənarlaşdırılanlar, müharibə vaxtı geri qaytarıldılar, onların rütbələri artırıldı, müharibədən sonra bəziləri normal şəkildə ehtiyata buraxıldı, bəziləri isə hələ də xidmətdədir.

Nəcməddin Sadıkovu ordudan qovublar. Bundan əlavə, Nəcməddin Sadıkov ehtiyata buraxıla bilməz, çünki generallar yalnız istefaya göndərilə bilərlər. Nəcməddin Sadıkovun istefaya göndərilməsini onun pensiya yaşına çatmasından həmən sonra tələb edirdik.

Təsəvvür edin, Sadıkov pensiya yaşı çatanda istefaya göndərilmir, ancaq müharibənin ortasında ehtiyata buraxılır. Zabitin ehtiyata buraxılması o deməkdir ki, lazım olsa, yenə hərbi xidmətə çağırıla bilər. Yenə deyirəm, ehtiyata buraxılmaq zabitlərə aid praktikadır, generallar yalnız istefaya göndərilir.

Bununla belə, Nəcməddin Sadıkovun istefaya göndərilməsi onun öz hərəkətlərində tam sərbəst olması anlamına gəlmir. “Dövlət sirri haqqında” qanunun 25-ci maddəsinin 2-ci bəndinə görə, Nəcməddin Sadıkov ölkəni tərk edə bilməz. O, xəstədirsə, Azərbaycanda müalicə olunmalı, öləcəksə, yenə burada ölməli idi.

Nəcməddin Sadıkov elə bir ölkəyə gedib ki, müharibə vaxtı biz həmin ölkəyə üzümüzü tutub deyirdik ki, Azərbaycanda F-16-lar var, işimizə qarışma. Biz hələ kontekstə toxunmuruq, demirik, Nəcməddin Sadıkov kimin adamıdır, haralara bağlıdır…

Qətiyyən unutmaq olmaz ki, Nəcməddin Sadıkov Silahlı Qüvvələrə aid bütün məlumatları detallarına qədər bilir. Kim təminat verə bilər ki, o sirr xarakterli həmin məlumatları yaymayacaq?”

Hərbi ekspert Nəcməddin Sadıkovu ordunun “əyləc”i adlandırıb:

“2019-cu ilin 3 dekabr tarixində rus dilində Nəcməddin Sadıkov haqqında yazı yazmışdım. Orada qeyd etmişdim ki, Nəcməddin Sadıkov ordumuzun “əyləc”idir, ordumuzun müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə maneədir.

25 ildə orduda nə baş veribsə, ona Nəcməddin Sadıkov cavabdehdir. Hesab edirəm ki, Nəcməddin Sadıkovun ölkədən çıxışına imkan verilibsə, bu, Azərbaycan qanunlarının kobud şəkildə pozulmasıdır. O, müvafiq qanuna görə, ölkəni 5 il tərk etməməli idi”.

Səxavət Məmməd

www.yenicag.az

1759
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv