!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ofsayd rejimi və ya Azərbaycan cəmiyyəti üçün “etibarlı mənbə” hansı ölkənin mediasıdır? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Azərbaycan yüzillik bir bəladan qurtulub, postsovet məkanında separatizmin kökünü kəsən hələ ki ilk və yeganə ölkə olub, ancaq insanlar indiyə qədər nə qələbənin dadını çıxara, nə də şübhəli yanaşmalardan uzaq dayana bilir.

Xankəndidə Azərbaycanın polis, həkim, icra strukturları, pasport-qeydiyyat məntəqələri fəaliyyət göstərir, ancaq şəhərdə dövlət bayrağımızın niyə asılmadığı soruşulur. Prosesin hara getdiyini, nələrin baş verdiyini bilən şəxslər bu düşüncələrə görə cəmiyyəti qınayır, prosesdən bixəbər insanlar isə, konkretlik gözləyir. Yəni “bayraq asılsın, inanım!”

Qələbələr strateji, taktiki və operativ olmaqla 3 kateqiriyaya bölünür. Azərbaycan lokal antiterror əməliyyatı nəticəsində strateji qələbə qazandı. Ancaq operativ və taktiki uğur haqqında strateji qələbə kimi ürək açıqlığı ilə danışa bilmərik. Araşdırılası çox məqamlar, nəticə çıxarılası xeyli dərslər var.

İnformasiya təhlükəsizliyi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Antiterror əməliyyatından sonra Qarabağda cərəyan edən proseslərə baxsaq, informasiya təhlükəsizliyi ilə bağlı problemlər və boşluqlar açıq görünür.

Təsəvvür edin, bir erməni bloqer Arayik Arutyunyan və ondan əvvəlki qondarma “prezident”lərinin Ermənistana keçdiyini yazır. Azərbaycan mediası isə bunu xəbərə çevirib tirajlayır. İnsanlar da durmadan suallar yağdırır. Ölkənin informasiya məkanı bir sutka ərzində bu xəbərlə çalxalanır. Bir gün sonra Rusiyanın TASS agentiliyi həmin xəbəri təkzib edərək Arayik və digərlərinin Qarabağda olduğuna dair informasiya yayır.

Yeri gəlmişkən, erməni bloqerin paylaşdığı xəbərin yalan olduğunu oxuculara çatdırmışdım. Ancaq Azərbaycan mediası məni yox, erməni bloqeri daha etibarlı mənbə hesab etdi. Ümumiyyətlə, Azərbaycan mediasında bu kimi halları illərdir, görürük.

Burda təkcə etibarlılıq yox, həm də paxıllıq, qarnıqurdululuq var. Artıq neçənci dəfədir ki, erməni mediası xəbər yayır, TASS isə təkzibedici rol oynayır. Başqa bir məsələ də var. Ruben Vardanyan həbs ediləndə də bu barədə ilkin informasiyanı erməni mediası yaydı. Azərbaycan yalnız saatlar sonra Vardanyanın həbsi haqqında rəsmi açıqlama verdi. Ardınca da general Elçin Quliyevin oğlunun yersiz davranışı Azərbaycan mediasını “çalxaladı”.

Yəni Azərbaycan mediasının bu durumunda Rusiya və Ermənistan mətbuatı “etibarlı mənbə” rolunu oynayır. Azərbaycan mediası nə edir? Sayır! Özü də yerində yox, sözün əsl mənasında sayır…

Artıq hərbi əməliyyatlar yekunlaşıb, qarşı tərəfin bunkerlərindən, çətin relyefdən, mühəndis-istehkam işlərindən dəfələrlə yazılıb, mən də yazmışam. Ancaq hələ də bir bunkeri, ya da mühəndis-istehkam qurğusunu, bəhs etdiyimiz çətin relyefi oxuculara, izləyicilərə göstərə bilməmişik.

İnsanlar haqlı olaraq sual verirlər ki, hanı o möhkəmləndirilmiş mühəndis-istehkam mövqeləri, hanı “topdağıtmaz” bunkerlər? Yəqin onu da hansısa ölkənin mediası, yaxud xalq dili ilə desək, “Instagram”ın xanım fenomenləri çəkib xalq göstərəcək. Belə görünür, bu məsələlər də mütləq xarici mediada işıqlandırılmalıdır.

Xarici medianı başa düşdük, burada hədəf hansısa Con, İvan deyil, beynəlxalq qurumlardır. Bəs Azərbaycan insanı? Məmmədin, Həsənin, Əlövsətin, İsfəndiyarın həqiqəti bilmək, görmək haqqı yoxdurmu? Döyüşmək, ölüb-öldürmək məqamı gələndə, Əli, Vəli, Pirvəli, qürrələnmək lazım gələndə isə ortada yeyib, qıraqda gəzənlər?

Böyük ehtimalla, işğaldan yeni azad olunan ərazilərə jurnalistlərin səfərləri başlayacaq. Zərrə qədər şübhə etmirəm ki, yenə eyni adamlar, eyni hərəkətlər, eyni cümlələr havada uçacaq. İçdən gəlməyən “torpaqöpmə” və Xankəndi torpağına “dizqoyma” ritualının şahidi olacağıq.

Bəs ölkənin informasiya təhlükəsizliyi, bundan sonra baş verəcək proseslər və qaynayan regionun gələcəyi? Boş verin, vurğuladığım rituallar daha vacibdir.

www.yenicag.az

1618
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv