Ölkədaxili daxili turizmdən razısınız? – Sorğu
Ölkəmizdə qeyri neft sektorunun inkişaf etdirilməsi həmişə prioritet məsələlərdən olub. Elə götürək turizmi. Turizm sahəsində də müəyyən addımlar atılsa da, mövcud problemlər hələ də özünü göstərir. Əvvəla, Azərbaycanda turizm obyektlərinin qiymətləri çox bahadır. Azərbaycanda otellərin birində bir gecəlik kirayə üçün ödədiyiniz məbləğə Antalyanın ən komfortlu otellərində istirahət edə bilərsiniz. Belə demək mümkünsə, ödənilən pul müqabilinə uyğun xidmət göstərilmir. Xidmətin səviyyəsi çox aşağıdır. Üstəlik bəzi bölgələrdə fəaliyyət göstərən turizm obyektlərində vaxtı keçmiş qida məhsullarına da rast gəlmək mümkündür. Belə olan halda, ölkəyə gələn əcnəbi turistlərin sayında ciddi artım gözləmək absurddur.
Yenicag saytı olaraq, sosial şəbəkədə bu barədə sorğu apardıq. “Ölkəmizdə turizm sahəsində hansı problemlər var?” sualı ilə vətəndaşlarımıza müraciət etdik.
Məzahir Heydərli : “Məncə ilk növbədə peşəkarlığın artırılması sahəsində işlər durmadan davam etdirməli, turizm və əlaqədar sahədə genişləndirilməlidir. Turizm zonaları haqqında əsasnaməyə uyğun olaraq, bu zonaların master planları tezliklə hazırlanmalı, turistlərə xidmət edəcək bütün tərəfdaşlar buna uyğun təlimatlandırılmalıdır. Turizm məhsullarının dünyada tanıtımı işi davam etdirilməlidir. Bir sözlə hazırda icra olunan turizmin inkişafı üzrə dövlət proqramının həyata keçirməklə turzimin inkişafında yeni mərhələyə çıxa biləcəyimizə əminəm”
Günel Cəlilova : “Hazırda Azərbaycan turizmində bir yox bir neçə problem mövcuddur. Həmin problemlərden biri ölkədaxili turizm obyektlerində keyfiyyət aşağı, qiymət isə yüksəkdir. İstirahət etmək istəyən isə ölkə daxilində istirahət üçün xərclədiyi pulla eyni məbləğdə bəlkə də ondan aşağı məbləğdə qonşu ölkələrdə yüksək keyfiyyətə malik istirahət mərkəzlərində istirahət edə biler. Digər problem isə hələ də Azərbaycan turizminin tanıdılması istiqamətində peşəkar kadrların olmaması ilə bağlıdır.Hazırda turizm sahəsində Türkiyə və Gürcüstan inkişaf dönəmini yaşayır. Amma inkişaf hələ ki, Azərbaycanda müşahidə olunmur. Ümid edirik ki, yaxın illər ərzində bu inkişaf hiss olunar.
Məryam Cəfər: “Burda turist üçün əlverişli şərait yoxdur. Nəqliyyat, yemək, bir sözlə xidmət otellerdə çox baha olur. Mənim Azərbaycanda turist qonağım olub. Qafqaz Hotelde bir gecə qaldı və gedəndə hər şeyin baha olmasından şikayət etdi. Birdə bizim turizm obyektlərində millilik yoxdu. Turistlər qeyri-adi yerləri sevirler.Heç yerdə görülməyənlərə maraq göstərirlər. Bakı getdikcə Dubay və ya hansısa başqa xarici ölkələrə bənzəyir və artıq turistin bura marağı olmur.Burda yegane turist axını Olimpiya oyunlarında olacaq Turizm sahəsində işləyən yoldaşlarım deyirlər ki, yaxın zamanda turizmdə inkişaf gözlənilmir”
Faiq Kərimoğlu: “Turizm obyektləri çox azdır. Məsələn, əlverişli yerlərdə turistlər üçün məkanlar yaradılmalıdır. Varsa da, azlıq təşkil edir. İkinci bir səbəb isə qiymətlər düzgün tənzimlənmir. Daxili turistlər üçün olan qiymətlər, xarici turistlərlə nisbətdə fərqlənir. Xarici turistlərə yüksək qiymətlər təklif olunur”
Kamran Ədalətoğlu
Yenicag.az