“… ölkəmiz üçün heç də yaxşı perspektiv vəd etmir”
Azərbaycan Avropa İttifaqının «Şərq Tərəfdaşlığı» sammitinin yekun Riqa bəyannaməsinə qoşulub. Amma iclasda da qeyd olunub ki, Azərbaycan Respublikasının yekun bəyannamə ilə əlaqədar öz qeyd-şərtləri var. Həmçinin Azərbaycanın bəyannamə ilə bağlı bir neçə iradı olub. Novruz Məmmədov Azərbaycanın iradlarını belə ifadə edib: “İradlarımız odur ki, biz bu bəyannamənin ruhunu Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığına uyğun görmürük”.
Bu aspektdən yanaşdıqda Riqa bəyannaməsinin Azərbaycan üçün gələcək mahiyyəti olduqca mühümdür.
Politoloq Natiq Miri Yenicag.az açıqlamasında bildirir ki, Azərbaycanın bəyannamədə etiraz etdiyi əsas müddəa Krımın Rusiya tərəfindən ilhaq olunmasının xüsusi olaraq qeyd olunmasıyla bağlıdır.
“Ancaq bu etiraz Krımın işğalını tanımamaq kimi anlaşılmamalıdır. Azərbaycan burada prinsipial mövqe ortaya qoymaqla Krımla bərabər Dağlıq Qarabağ və ətrafının Ermənistan tərəfindən işğalının da göstərilməsini tələb edib. Və bu da beynəlxalq hüquq adına çox doğru və ədalətli yanaşmadır”.
Natiq Miri qeyd edir ki, dünya birliyi bu hüququ təsdiq etmək əvəzinə fərqli yanaşma ortaya qoyur və ikili standart tətbiq edir.
“Əgər söhbət işğaldan gedirsə, Şərq Tərəfdaşlığı proqramının əhatə etdiyi bütün coğrafi məkanlarda mövcud olan münaqişələr, işğal hadisələri eynən göstərilməlidir. Krım Ukrayna üçün necə əziz və ayrılmaz hissədirsə, Qarabağın dağlıq hissəsi də Azərbaycan üçün ayrılmaz və mənəvi xarakter daşıyır. İşğalın adı hər yerdə işğaldır, bu Ukraynada da, Azərbaycanda da belədir. Ancaq konkret hadisədə Ukrayna Avropa Birliyinin həmsərhəd ölkəsi olduğu üçün xüsusi yanaşma tətbiq edilir. Çünki düşünürlər ki, Ukraynada baş verən proseslər birbaşa Avropa Birliyinin təhlükəsizliyini təhdid edir, ancaq Dağlıq Qarabağda baş verənlər birbaşa AB üçün təhdid olmadığı üçün ikinci plana çəkilir və 10 illərlə problemin həlli uzadılır. Rusiyaya dərhal sanksiyalar tətbiq edirkən Ermənistana gözün üstə qaşın var belə deyən tapılmır. Bu onu göstərir ki, BMT başda olmaqla bütün beynəlxalq qurumlar, eyni zamanda AB-da özünü xərcləyib qurtarıb və artıq bu qurumlara etimad yoxdur. O ki, qaldı sənədin Azərbaycana əhəmiyyətli olmasına, Azərbaycan sənədə imza atsa da öz prinsipial mövqeyini ortaya qoymaqla bir daha Avropadakı sağır qulaqlara öz haqlı səsini eşitdirdi”-deyə politoloq sözlərinə əlavə edib.
Natiq Miri Azərbaycan və AB arasında münasibətləri ümumi kontekstdən belə təhlil edib:
“O ki, başqa etirazlara, Azərbaycan AB-la münasibətləri iki tərəf arasında razılaşdırılmış strateji tərəfdaşlıq kimi görür. Tərəfdaş ölkələrdən tələb olunan bir Avropa standartları var ki, bunların içində siyasi, iqtisadi islahatlar da yer alır, Azərbaycan bu məsələdə özünə qarşı fərqli yanaşma tələb edir. Xüsusilə də demokratiya və insan haqları kimi məsələləri qabartmaqla Azərbaycanın daxili işlərinə qarışılmasını istəmir. Bu kriteriyaların siyasi təzyiq vasitəsi kimi çıxış etməsini istəmir. Düşünürəm ki, bu məsələlərdə AB-la Azərbaycan arasında problemlər qalmaqda davam edəcək. Çünki Avropaya məkanı olacaq ölkə Qərb standartlarını qəbul etməli və həyata keçirməlidir. Məhz o zaman Azərbaycan Avropanın yaxın tərəfdaşı ola biləcək. Azərbaycansa göründüyü kimi hələ də Avropaya və bütövlükdə Qərbə dirənir və bu da ölkəmiz üçün heç də yaxşı perspektiv vəd etmir”.
Kamran