Tokio Tibbi Elmlər İnstitutunun tədqiqatçılar qrupu insan orqanizmini bütün həyatı boyu qorumağa qadir olan peyvəndin hazırlanması üzərində çalışır.
Axar.az xəbər verir ki, bu barədə yanvarın 1-də “Japan Tayms” qəzeti məlumat yayıb.
Bildirilir ki, peyvəndin sınaqlarına 2023-cü ildə başlanması planlaşdırılır. İnstitutun professoru Miçinori Koharanın rəhbərlik etdiyi qrupun üzvləri peyvəndin hazırlanması üçün ingilis həkimi Edvard Cennerin XVIII əsrdə çiçək xəstəliyinə qarşı düzəltdiyi peyvəndi əsas götürüblər. Həmin peyvəndin hazırlanması zamanı insan üçün təhlükəsiz olan inək çiçək xəstəliyinin virusu əsas götürülüb ki, bu da bəşəriyyətin ölümcül xəstəliyə qalib gəlməsinə kömək edib.
Yapon alimlərin ideyası COVİD-19-a səbəb olan SARS-CoV-2 virusunun hüceyrəsinə malik çiçək peyvəndini ehtiva edən virus peyvəndi yaratmaqdır. Onların qənaətinə görə, belə yanaşma koronavirusa qarşı ömür boyu davam edən peyvəndin hazırlanmasına səbəb ola bilər.
Bildirilir ki, siçanlar üzərində quş qripinin geninə malik çiçək peyvəndinin rekombinə edilmiş virusunun istifadəsi ilə aparılan sınaqlar 20 aydan çox davam edən anticisimin yaranmasına səbəb olub. Belə ki, peyvənd edilən bütün siçanlara 20 ay sonra quş qripi yoluxdurulsa da, onlar yaşamaqda davam ediblər.
www.yenicag.az