Həkim çatışmazlığının SƏBƏBLƏRİ: Tanışlıqla təyinatlar, sosial təminat...

media-hightechnic-468x90

“Bəzən vəzifələrə bilik və bacarıq yox, tanışlıq əsasında təyinatlar olur, gənc həkimlər isə bundan ruhdan düşürlər”.

media-aydin-aliyev-radioloq-1

Bunu Yenicag.az-a açıqlamasında radioloq həkim Aydın Əliyev deyib.

Onun sözlərinə görə, aşağı maaşlı rezidentlər özlərini inkişaf etdirmək üçün keçirilən konfranslarda belə iştirak edə bilmirlər:

“Belə hallarda həkimlər özlərini dəyərsiz hiss edir və başqa ölkələrə köçmək qərarına gəlirlər. Bu problemləri görməzdən gəlmək yox, açıq şəkildə qəbul edib həll yolları tapmaq lazımdır, əks halda həkim çatışmazlığı daha da dərinləşəcək”,- deyə o bildirib.

Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025″in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın əksər rayonlarında həkim çatışmazlığı müşahidə olunur.

Aydın Əliyev bildirib ki, həkim çatışmazlığı yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində mövcuddur:

“Bunun əsas səbəblərindən biri tibb təhsilinin uzun və ağır olmasıdır. Bir həkimin formalaşması üçün azı 10 il tələb olunur: universitet təhsili, ixtisaslaşma, davamlı öyrənmə və təcrübə mərhələləri. Bu proses həm vaxt, həm də güc baxımından çox çətindir. Tibb sahəsində işləmək fasiləsiz məsuliyyət, gecə-gündüz oxumaq və şəxsi həyatdan imtina deməkdir. Buna görə də gənclər bu peşəni seçməkdə tərəddüd edir və həkim sayında azalma müşahidə olunur”.

Onun sözlərinə görə, Azərbaycanda vəziyyəti çətinləşdirən əlavə amillər də var:

“Ən başlıca problem həkimlərin maddi rifahıdır. Dövlət və hətta bir çox özəl tibb müəssisələrində çalışan həkimlər maaşlarından narazıdırlar. Gənc həkimlər inkişaf etmiş ölkələrdə həm maaşların, həm də iş şəraitinin daha yaxşı olduğunu görüb Almaniya, Türkiyə, İngiltərə, ABŞ kimi ölkələrə üz tuturlar. Xaricdə həkimlər sosial təminat, sığorta və sabit gəlirlə işləyirlər, bizdə isə bu sabitlik çox zaman yoxdur”.

Mütəxəssis hesab edir ki, digər mühüm səbəb tibb müəssisələrinin maddi-texniki bazasının zəifliyidir:

“Xüsusilə bölgələrdə tibbi avadanlıqların çatışmazlığı, infrastrukturun zəifliyi həkimləri orada işləməkdən çəkindirir. Çox vaxt yüksək ixtisaslı mütəxəssislər tələb olunan cihaz və şərait olmadığından öz biliklərini tam tətbiq edə bilmirlər. Buna görə də hamı paytaxtda işləməyə üstünlük verir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 31.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa