BBC telekanalının Rusiya bürosunda çalışan Fəridə Rüstəmova rusiyalı siyasətçi Leonid Slutskinin cinsi təcavüzünə məruz qaldığını açıqlayıb.
Yenicag.az xəbər verir ki, Rusiya Dumasının üzvü olan millət vəkili üçüncü dəfədi belə ittihamla qarşılaşır. O, əvvəlki iki qadını da iftira atmaq ittihamı ilə məhkəməyə verməklə hədələmişdi.
Bu dəfə isə o, jurnalist tərəfindən ittiham edilib. Rüstəmova bir il öncə yaşanan hadisə zamanı onunla danışığının səs yazısını da qeydə almağı unutmayıb. BBC hələlik, həmin səs yazısını yayımlamayıb.
Məlumata görə, hadisə 2017-ci ildə, martın 24-də Slutskinin parlamentdəki ofisində görüş zamanı baş verib. Görüş zamanı siyasətçi gözlənilmədən mövzunu dəyişib və Rüstəmovaya BBC-dən ayrılıb, onunla çalışmaq istəyib-istəmədiyini soruşub.
Jurnalist onun təklifinə rədd cavabı verdikdə, Slutski bunları söyləyib: “Məndən uzaqlaşmağa çalışırsan. Məni öpmək istəmirsənmi? Duyğularını incidirsən”.
Rüstəmova bunun qarşılığında sevgilisinin olduğunu və onunla evlənmək istədiyini bildirib. Slutski isə, “Möhtəşəm, onun həyat yoldaşı, mənim də məşuqəm olarsan” deyib.
BBC baş verən hadisə ilə bağlı Slutskidən münasibət öyrənməyə çalışsa da, rusiyalı siyasətçi heç bir açıqlama verməyib.
Maraqlıdır ki, son iki həftədə RTVI telekanalının əməkdaşı Yekatarina Kotrikadze və “TV Rain”də çalışan Dariya Juk da Leonid Slutski tərəfindən oxşar təcavüzə məruz qaldıqlarını açıqlamışdı. Slutski isə bütün bunların siyasi oyun olduğunu və ona qarşı qəsdən aparılan kampaniya adlandırıb.
www.yenicag.az