Paytaxtın Sabunçu rayonu ərazisində azyaşlılar – Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən işgəncələrə məruz qalmaları faktı ilə bağlı Bakı şəhər prokurorluğunda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov özünün facebook profilində yazıb.
Belə ki, aparılmış istintaqla Ağcabədi rayon sakini Xəqani Əkbərovun Nüranə Əkbərova ilə köməksiz vəziyyətdə olan övladları Qulu Əkbərov və Hüseyn Əkbərzadəni Zabrat qəsəbəsində yaşadıqları evdə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə fiziki ağrılar yetirərək 2019-cu ilin oktyabr ayında Q.Əkbərova alın və burun nahiyələrinin ikinci dərəcəli termiki yanıqları, mexaniki asfiksiyaya səbəb olmayan boyun nahiyyəsinin stranqulyasiya şırımı, sol said nahiyəsinin sıyrığı, sol bazu sol dirsək oynağı və sol baldır nahiyyələrinin qançırları kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid, H.Əkbərzadəyə isə sağ ayağın dərialtı hematoması ilə müşayiət olunan sağ ayaqda V ayaq-daraq sümüyünün yerini dəyişən qapalı sınığı, sol budun, sol baldırın və sol ayağın dərialtı hematomaları, sağ yanaq-çənə nahiyəsinin, hər iki bazunun, sol dirsək oynağı nahiyəsinin sağ saidin, döş qəfəsinin, sağ budun, sağ diz və sağ aşıq-baldır oynağı nahiyələrinin qançırları, sol əlin III barmağının, sağ budun və sağ baldırın II dərəcəli termiki yanıq yaraları kimi, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Azyaşlıların aldıqları bədən xəsarətlərinin əmələ gəlmə müddətlərinin ataları və analıqları ilə birlikdə yaşadıqları vaxta uyğun gəlməsi məhkəmə-tibbi ekspertizasının rəyləri ilə bir daha təsdiq olunub.
İstintaq zamanı azyaşlılar Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinin, Sabunçu rayon İcra Hakimiyyəti başçısının yanında qəyyumluq və himayəçilik komissiyasının nümayəndələrinin, 371 saylı orta məktəbin ixtisaslaşmış müəllim-psixoloqu və xalasının iştirakı ilə ataları və analıqları tərəfindən işgəncələrə məruz qalmaqla çoxsaylı bədən xəsarətləri yetirilməsi barədə ifadə veriblər.
X.Əkbərov və N.Əkbərova iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, onlara Cinayət Məcəlləsinin 127.2.2, 133.2.3 və 133.2.4-cü maddələri ilə ittiham elan olunmuş, X.Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs, N.Əkbərovanın 6 aylıq hamilə olması nəzərə alınmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə azyaşlılar barəsində əlavə komissiyon məhkəmə-tibbi və kompleks məhkəmə psixatrik və psixoloji ekspertizaları təyin edilmiş, bundan başqa onların “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmin edilməsi məqsədi ilə atası X.Əkbərovun valideyn hüququndan məhrum edilməsi üçün əsaslar olduğu halda müvafiq tədbir görülməsini təmin edilməsi məqsədilə Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsinə, Sabunçu və Ağcabədi rayon İcra Hakimiyyətlərinə müraciət olunub. Eyni zamanda azyaşlıların müalicə və sosial reabilitasiyasının həyata keçirilməsi, onların mövcud vəziyyətə adaptasiyasının təmin edilməsi və psixoloji durumlarının korreksiya olunması məqsədilə peşəkar mütəxəssislər cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.