Paralel idxalın "vurduğu" bazar: Kimlər ziyana düşəcək?
Azərbaycan avtomobil bazarında son aylarda müşahidə olunan durğunluq və qiymət enişi diqqət mərkəzindədir. Ekspertlər bu mənzərəni bazarda yaranmış təklif bolluğu və paralel idxalın artması ilə əlaqələndirirlər.
Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Eyyub Əliyev bildirib ki, qiymət artımının dayanmasının başlıca səbəbi bazardakı izafi bolluqdur.
Onun sözlərinə görə, son iki ildə ölkəyə paralel idxal vasitəsilə rəsmi diler olmayan şəxslər və kiçik avtosalonlar tərəfindən çox sayda nəqliyyat vasitəsi gətirilib:
“Ötən il bu proses pik həddə çatdı. Vəziyyət o yerə gəldi ki, peşəsindən asılı olmayaraq, demək olar, hər kəs avtomobil idxalı ilə məşğul olmağa başladı. Hibrid avtomobillər üçün tətbiq edilən güzəşt müddətinin başa çatacağı ilə bağlı qərardan sonra bazarda ciddi ajiotaj yarandı. İnsanlar növbəti ildən rüsumların bərpa olunacağından ehtiyat edərək, avtomobilləri güzəştli şərtlərlə ölkəyə gətirməyə tələsdilər”.
Eyyub Əliyev əlavə edib ki, bu proses zamanı avtomobillər müxtəlif şəxslərin adına rəsmiləşdirilir, hətta bəzi hallarda investorlar cəlb edilərək kütləvi idxal həyata keçirilirdi: “Avtomobil biznesinə 100 min, 200 min, hətta 300 min manat sərmayə qoyan investorlar prosesə cəlb olunur, idxal mərkəzləşdirilmiş qaydada təşkil edilirdi”.
Assosiasiya sədrinin fikrincə, nəticədə təklif tələbi kəskin şəkildə üstələyib və bu da satışların zəifləməsinə səbəb olub: “Əvvəllər gətirdikləri avtomobili bir neçə günə satmağa alışmış investorlar gözlənilməz vəziyyətlə qarşılaşdılar. Yanvarda satışlar azaldı, fevralda demək olar ki, dayandı, martdan etibarən isə qiymətlər sürətlə enməyə başladı”.
O qeyd edib ki, qiymət enişi investorlar arasında təşviş yaradıb:
“Sərmayəsini geri qaytarmaq istəyən investorlar satıcıları tələsdirməyə başladılar. Hətta bəzi hallarda avtomobillərin maya dəyərinə satılması tələbi qoyulurdu. Nəticədə satıcılar çətin vəziyyətdə qalaraq, çıxış yolu kimi nəqliyyat vasitələrini mənfəətsiz və təcili şəkildə satışa çıxardılar”.
Eyyub Əliyevin sözlərinə görə, hazırda bəzi avtomobillər ötənilki qiymətlərdən də aşağı təklif olunur: “Bu, bazarda unikal bir durğunluq yaradıb. Ehtimal olunur ki, mövcud ehtiyatlar tükəndikdən və ölkəyə yeni, artıq rüsumla rəsmiləşdirilmiş avtomobillər daxil olduqdan sonra qiymətlər yenidən tənzimlənəcək”.
Samir Məcidov













