“Əslində, Ermənistanın baş naziri yenə də üstüörtülü formada KTMT-nin tam adını çəkmədən Moskvaya mesajlar verdi. Lakin mən düşünmürəm ki, atəşkəsin pozulması sırf onun bu açıqlamasına görə olsun”.
Bu sözləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
Hərbi ekspert Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı fikirlərindən sonra Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan MR istiqamətində Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması faktına münasibət bildirib.
Polkovnik xatırladıb ki, Ermənistanın KTMT-dən çıxmaq niyyəti yeni başlamayıb:
“Əksinə, İrəvanın Moskvaya qarşı olan demarşları Rusiya-Ukrayna müharibəsi başlayandan start götürüb. Bu da ona hesablanıb ki, əgər Rusiya-Ukrayna müharibəsi Ukraynanı dəstəkləyən qüvvələrin istədiyi kimi bitəcəksə, onda Ermənistanın dediyi kimi ola bilər və onlar KTMT-nin təhlükəsizlik çətiri altından çıxıb, Fransa və Yunanıstanla bu barədə razılaşa bilərlər. İrəvan bu gün təhlükəsizlik zəmanətinə cavabdeh ölkə axtarışındadır. Lakin bu baş verməsə də, anti-Rusiya bəyanatları səsləndirilsə də, 102-ci baza bu gün Gümrüdədir, habelə Ermənistanın İran və Türkiyə ilə sərhədlərində rus hərbçiləri dayanıb”.
Onun sözlərinə görə, Ermənistanın niyyəti var ki, KTMT-dən çıxsın:
“Amma ermənilər ehtiyatlanırlar ki, çıxsalar, nə baş verə bilər? Ona görə də mərhələli şəkildə onlar Rusiyanın yanaşmalarını izləyirlər. Lakin Paşinyanın son açıqlaması Rusiyanın informasiya cəbhəsində də rezonans doğurub. Zatən, Rusiya ilə Ermənistanın informasiya cəbhəsində münasibətlər müharibə vəziyyətindədir. Fikrimcə, Ermənistan ordusunda Rusiya ilə bağlantıları olanlar “təmizləniblər”, yerdə qalanlar isə loyallaşdırılıblar”.
“Hər bir halda, Ermənistanın Rusiya münasibətləri üstündən təxribatların törədilməsi mümkündür. Bunu daxildə, yaxud xaricdə kimin planlaşdırmasından asılı olmayaraq, sülh olmayana qədər atəşkəsin pozulması və yeni münaqişə ocağının yaradılmasında maraqlı olanlar var. Böyük güclərin Ermənistanın üstündə maraqları kəsişir deyə, İrəvanın KTMT-dən çıxması məsələsi sakit halda baş verməyəcək. Adətən, bundan öncə Gürcüstan və Moldovaya NATO və Qərb nümayəndələri gələndə bu ölkələrdə vəziyyət gərginləşib. İndi də Ermənistan növbəsini gözləyir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az