Paşinyanı devirmək üçün YENİ OYUN: Rusiya səfiri niyə geri çağırdı?
“Rusiya Ermənistanda seçki nəticələrinin saxtalaşdırıldığı barədə iddialar ortaya ataraq, Paşinyana beynəlxalq səviyyədə təzyiq yaratmağı planlaşdırır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Turan Rzayev Rusiyanın Ermənistandakı səfirini məsləhətləşmələr üçün geri çağırması və bu addımın pərdəarxası səbəblərini şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, səfirin geri çağırılması təsadüfi deyil və strateji əhəmiyyətli seçkilər ərəfəsində atılmış bir taktikadır:
“Rusiya Ermənistanı sürətlə itirdiyinin fərqindədir. Ənənəvi təhdid metodları – istər Azərbaycana, istərsə də Ermənistana qarşı sərt ritorika artıq effekt vermir. Kreml hazırda müxalifəti və kilsəni aktivləşdirərək Nikol Paşinyanı məğlub etməyə çalışır. Səfirin geri çağırılması seçki öncəsi Moskvanın atacağı növbəti addımları dəqiqləşdirmək məqsədi daşıyır”.
Turan Rzayev Rusiyanın seçkilərdən sonrakı dövr üçün də planları olduğunu vurğulayıb:
“Ehtimal olunur ki, səsvermədən sonra müxalifət vasitəsilə “seçkilərə müdaxilə” və “səslərin saxtalaşdırılması” iddiaları qabardılacaq. Bununla beynəlxalq təzyiq yaratmağa cəhd edəcəklər. Rusiyanın Ermənistana siyasi yolla təsir imkanları tükənsə də, iqtisadi şantaj vasitələri qalır sanksiyaların tətbiqi və ya Rusiyada işləyən ermənilərin deportasiyası kimi metodlarla İrəvana təzyiq göstərə bilərlər”.
Politoloq Paşinyanın əsas hədəflərini isə Azərbaycanla sülh və Türkiyə ilə normallaşma kimi qiymətləndirib:
“Paşinyanın hədəfi Azərbaycanla sülh müqaviləsini imzalamaq, iqtisadi əlaqələri bərpa etmək və Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Türkiyə bazarı açılarsa, Ermənistan Rusiyadan olan iqtisadi asılılığını azalda bilər. Rusiya tərəfi Ermənistanın ‘alternativ qaz ala bilməyəcəyi’ barədə hədə-qorxu gəlsə də, bu, boş bir təhdiddir. Azərbaycanın Ermənistana qaz nəqli üçün infrastruktur imkanları var və bu, qısa müddətdə bərpa oluna bilər. Rusiya da bu prosesin fərqindədir və səfirin məsləhətləşməyə çağrılması məhz bu narahatlıqdan qaynaqlanır”.
Nurlan Cəfəri













