“Bütün bunlar Ermənistan baş nazirinin sülh sazişini imzalamağa hazır olduğu anlamına gəlmir”.
Bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyanın aprelin 18-də parlamentdə çıxışı zamanı Azərbaycanla nizamlama prosesinin durumu haqda dediklərini şərh edən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun fikrincə, Paşinyanın səsləndirdiyi son fikirlər Ermənistanda növbəti parlament seçkilərinin yaxınlaşması ilə bağlıdır:
“Həqiqətən, Paşinyanın bu gün parlamentdə Azərbaycanla sülh kontekstində səsləndirdiyi fikirlər forma etibarilə, əvvəlkilərdən fərqlənir. Hiss olunur ki, Paşinyan müharibədən ötən bir-iki ildə olduğundan daha fərqli bəyanatlar verməyə başlayıb. Onun istər Azərbaycanla sülh sazişinin imzalanması, istər sərhədlərin delimitasiyası, istəırsə də kommunikasiyaların açılması və humanitar məsələlərlə bağlı səsləndirdiyi fikirlərdə ton və məzmun yeniliyinin olduğu görünür.
Ancaq bütün bunlar Ermənistan baş nazirinin sülh sazişini imzalamağa hazır olduğu anlamına gəlmir. Çünki erməni cəmiyyəti hələ ki bu məsələlərdə nisbətən passiv mövqedə dayansa da, ayrı-ayrı partiyalar və vətəndaş cəmiyyətinin müəyyən təmsilçiləri, o cümlədən media revanşist əhval-ruhiyyədən hələ ki çıxmayıb. Belə bir şəraitdə Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması, həmçinin Ermənistanın 1991-ci il sərhədləri çərçivəsində tanınması, kommunikasiyaların açılması haqda dediyi fikirlər özlüyündə manevr təsiri bağışlayır.
Burada daha çox blef və taktiki gediş elementinin olduğu görünür. Belə bir mövqe ifadəsi isə Ermənistanda növbəti parlament seçkilərinin yaxınlaşması ilə bağlıdır. Bildiyiniz kimi, Paşinyan 44 günlük müharibədən ötən iki il yarım ərzində hakimiyyətdədir və müşahidələr göstərir ki, o, 2025-ci ildə keçiriləcək növbəti seçkilərdə də qalib gələrək iqtidarda qalmağı hədəfləyib. Ona görə də indiki ərəfədə forma və məzmun baxımından “yumşaq” görünən fikirlərlə özünün “ən uyğun siyasətçi” olduğunu göstərməyə çalışır. Mən Paşinyanın son bəyanatlarını belə qiymətləndirirəm”.
A.Zeynalov
www.yenicag.az