Qırğızıstanda keçiriləcək Dünya Köçəri Oyunlarında azı 95 ölkənin nümayəndəsinin iştirakı gözlənilir
Qırğızıstan bu il avqustun 31-dən sentyabrın 6-dək keçiriləcək VI Dünya Köçəri Oyunlarına hazırlığı davam etdirir. Oyunlar yenidən layihənin vətənində dünyanın müxtəlif ölkələrindən minlərlə idmançını, mədəniyyət xadimini, alim və qonağı bir araya gətirəcək.
Yenicag.az “Kabar” agentliyinə istinadla xəbər verir ki, hazırlıq prosesinin növbəti mərhələsi Joqorku Keneş deputatlarının, Nazirlər Kabinetinin və aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə İssık-Kul vilayətində keçirilən səyyar müşavirə olub. İştirakçılar Oyunların əsas tədbirlərini qəbul edəcək obyektlərdə, o cümlədən Kurmancan Datka adına Köçəri Sivilizasiya Mərkəzində, “Ruh-Ordo” mədəniyyət kompleksində və Baktuu-Dolonotu qəsəbəsindəki ippodromda hazırlıq işlərinin gedişatı ilə tanış olublar.
Təşkilatçıların məlumatına görə, VI Dünya Köçəri Oyunları “Gücün vəhdəti! Ruhun vəhdəti!” şüarı altında keçiriləcək. Azı 95 dövlətin nümayəndəsinin iştirakı gözlənilir.
Təntənəli açılış mərasimi avqustun 31-də “Bişkek-Arena” stadionunda keçiriləcək və Qırğız Respublikasının Müstəqillik Gününə həsr olunacaq. Əsas idman və mədəni tədbirlər İssık-Kul vilayətində keçiriləcək, bağlanış mərasimi isə Çolpon-Ata şəhərində baş tutacaq.
Proqrama əsasən, oyunlarda 3 mindən çox idmançı iştirak edəcək. Yarışlar Çolpon-Ata ippodromu, Kırçın yaylağı və “Qazprom” bədən tərbiyəsi-sağlamlıq kompleksi də daxil olmaqla, regionun müxtəlif məkanlarında 43 etnosport növü üzrə keçiriləcək.
Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin Milli İdman Növləri Direksiyasının direktoru Ulukbek Omurbekovun sözlərinə görə, milli yığmanın hazırlığı təsdiq edilmiş plana uyğun şəkildə aparılır. İdman növlərinin əksəriyyəti üzrə seçmə yarışlar artıq başa çatıb və iştirakçı heyətləri formalaşdırılıb, bəzi atçılıq idman növləri üzrə isə seçim prosesi davam edir.
İdman proqramı ilə yanaşı, təşkilatçılar geniş mədəni proqram da hazırlayırlar. İssık-Kulda konsertlər, sərgilər, təqdimatlar və 40-a yaxın ölkənin nümayəndələrinin iştirakı ilə beynəlxalq etnik festivalın keçirilməsi nəzərdə tutulub. Qonaqlar xalq yaradıcılığı ənənələri, etnik musiqi, rəqslər, moda və nağılçılıq sənəti ilə tanış ola biləcəklər.
Proqramda köçəri sivilizasiyanın öyrənilməsinə, tarixi-mədəni irsin qorunmasına və humanitar əməkdaşlığın inkişafına həsr olunmuş beynəlxalq elmi konfrans xüsusi yer tutacaq. Tədbirdə 40-dan çox dövlətdən təxminən 75 alimin iştirakı gözlənilir.
VI Dünya Köçəri Oyunlarının rəsmi talismanı kimi Qırğızıstanın rəmzlərindən biri olan qar bəbiri seçilib. Təşkilatçıların fikrincə, bu obraz köçəri mədəniyyətinin mühüm dəyərləri olan gücü, ləyaqəti və harmoniyanı özündə əks etdirir.
Oyunlara hazırlıq beynəlxalq simvolik aksiyalarla da müşayiət olunur. Belə ki, ötən ilin dekabrında VI Dünya Köçəri Oyunlarının bayrağı Qırğızıstan Alpinizm və Qayaya dırmanma Federasiyasının prezidenti Eduard Kubatov tərəfindən Kilimancaro zirvəsində qaldırılıb.
Növbəti layihələrdən biri ölkənin regionlarını qarşıdan gələn Oyunlar ətrafında birləşdirməyi hədəfləyən “Birlik karvanı” olacaq. Layihənin kulminasiya nöqtəsi açılış mərasimi zamanı Qırğızıstanın müxtəlif regionlarından toplanmış suların birləşdirilməsi olacaq. Bu, milli birliyin, ənənələrin varisliyinin və ortaq gələcəyin rəmzi kimi təqdim ediləcək.













