Turist yoxdur, amma turizm inkişaf edir... - Fuad Nağıyev dediyinə özü inanırmı?

media-hightechnic-468x90

Son illər turuzm sektoruna milyonlar xərclənsə də, bu sektordakı geriləmə danılmaz faktdır.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, gözləntilər Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin bunun səbəbləri ilə bağlı açıqlama verməsi olsa da, o, son açıqlamasında hər şeyi ört-basdər etməyə çalışıb.

O bildirib ki, bu gün turizmdə uğur artıq yalnız ölkəyə gələn turistlərin sayı ilə ölçülmür. Sədrin sözlərinə görə, müasir dövrdə əsas diqqət turistlərin xərclədiyi vəsaitə, xidmət keyfiyyətinə və dayanıqlı inkişafa yönəlir.

Təbii ki, turist axınının azaldığı bir vaxtda belə açıqlamalar daha çox uğursuz statistikanı gizlətmək cəhdi kimi görünür. Amma turizm sektoru elə bir tənəzzül yaşayır ki, Fuad Nağıyevin bu kimi açıqlamaları belə acı reallığı ört-basdır etmək gücündə deyil.

Rəqəmlərə baxaq, onlar nə deyir?

Rəsmi məlumatlara əsasən, 2026-cı ilin ilk beş ayında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz azalıb. Başqa sözlə, ölkə bu il yüz minlərlə potensial turist itirib.

Halbuki, son illər turizm sektoruna dövlət büdcəsindən milyonlarla manat vəsait ayrılır, xarici ölkələrdə reklam kampaniyaları keçirilir, Azərbaycan beynəlxalq sərgilərdə və forumlarda turizm məkanı kimi təqdim olunurdu. Bütün bunların nəticəsi isə turist sayında artım olmalı idi.

Turizm sahəsində uğurun yalnız turist sayı ilə ölçülmədiyi doğrudur. Lakin turist sayı bu sahənin əsas göstəricilərindən biri olaraq qalır. Çünki ölkəyə gələn turistlərin sayı azaldıqca hotellərin doluluğu, restoranların gəlirləri, nəqliyyat sektorunun dövriyyəsi və minlərlə insanın qazancı da azalır.

Əgər turist sayı geriləyirsə, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır. Azərbaycanda hotellərin bahalığı, regionlarda xidmət səviyyəsinin zəif olması, aviareyslərin məhdudluğu və ölkənin bəzi bazarlarda kifayət qədər tanıdılmaması illərdir müzakirə olunan problemlərdir. Buna baxmayaraq, vəziyyətin yaxşılaşdığı hiss olunmur.

Fuad Nağıyev bir neçə il əvvəl Azərbaycana gələn turistlərin sayının milyonlarla artacağını, ölkənin regionun əsas turizm mərkəzlərindən birinə çevriləcəyini bəyan etmişdi. Bu gün isə statistika əks mənzərə ortaya qoyur.

Turizmdə meyarlar dəyişə bilər. Ancaq bir ölkəyə gələn turistlərin sayı azalırsa, bunu uğur kimi təqdim etmək mümkün deyil. Əksinə, bu, görülən işlərin nəticəsinin yenidən qiymətləndirilməsini tələb edir.

Çünki turizmdə ən vacib sual hələ də dəyişməyib: insanlar niyə Azərbaycana gəlir və ya niyə gəlməkdən imtina edir? Bu suala cavab tapılmadan uğurdan danışmaq çətindir./SAVASHMEDİA/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05