“Paşinyanın siyasəti bizim müxalifətin siyasəti kimidir”.
Bu fikri Ermənistanla ABŞ-nin birgə təlimi, bunun regiondakı gərginliyi artırma ehtimalını dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.
Zərdüşt Əlizadə bildirib ki, Ermənistanın dövlət kimi qalması üçün mütləq Azərbaycanla dil tapmalıdır:
“Ermənistan Rusiyaya öz narazılığını bildirmək üçün deyir ki, niyə görə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) onları müdafiə etmək istəmir? Paşinyan KTMT-dəki nümayəndəsinİ geri çağırdı və onu Hollandiyaya səfir təyin etdi. Onun yerinə heç kəsi təyin etməyib. KTMT-nin birlik təlimlərinə hərbçi göndərmədi. Hər il Gürcüstan ərazisində keçirilən və yalnız sülhməramlıların təlimini nəzərdə tutan hərbi təlimi ABŞ-yə təklif etdi ki, Ermənistanda keçirsinlər. Bununla da Paşinyan öz aləmində Rusiyanı cırnatdı, eyni zamanda İran da cırnadı. Paşinyanın siyasəti bizim müxalifətin siyasəti kimidir. Hansısa siyasi mübarizə xətti yoxdur.
Ortada çox ciddi seçim var. Ermənistan dövlət kimi qalmalıdır, yoxsa yox olmalıdır. Ermənistanın dövlət kimi qalması üçün mütləq Azərbaycanla dil tapmalıdır. Azərbaycanın qanuni tələblərini yerinə yetirməlidir. Azərbaycanla sülh müqaviləsi bağlamalı, şərti sərhədləri gerçək sərhədlərə çevirməlidir. Delimitasiya komissiyası işə başlamalıdır. Zəngəzur dəmiryolunun tikintisinə başlanılmalıdır. Avropa İttifaqı bunun üçün pul ayırıb. Türkiyə ilə sərhədi açıb barışığa getməlidir. Bunlar baş versə, Ermənistanın dövlət təhlükəsizliyi tam təmin olunmuş olar. Əgər Paşinyan bunu qanmırsa, bu o deməkdir ki, dövlət xadimi deyil və Ermənistanı fəlakətə aparır”.
Səxavət Məmməd
www.yenicag.az