!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Pensiyalarla bağlı dəyişiklikdən GÖZLƏNTİLƏR: "Yoxsullaşdırma, yoxsa sosial müdafiənin gücləndirilməsi..." - MÖVQE

!Reklam – Yazi

Əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ildə 302 manat, 2021-ci ildə 332 manat olub, 2022-ci ildə 371 manat təşkil edəcəyi gözlənilir. Rəsmi statistik məlumatlara görə, 2022-ci ilin 8 ayının nəticələri əsasında orta aylıq əmək haqqının əvvəlki dövrə nisbətən artımı 13.5 faiz olub. Əmək pensiyalarının orta aylıq məbləğinin 2023-cü ildə isə 423 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Mövzu ilə bağlı iqtisadçı Məmməd Talıblı Yenicag.az-a açıqlamasında bildirib ki, gələn il üçün nəzərdə tutulan dəyişiklik sosial müdafiə və sosial təminat sahəsində ciddi bir irəliləyişə təsir etməyəcək:

“Pensiyaçılarımız üçün inflyasiyanın təsiri kimi 3,4 faizlik indeksasiya əsas götürüləcək. Yəni 300 manat pensiya alan vətəndaşlarımızın aylıq olaraq cəmi 11,2 manat artımı qeydə alınacaq. 300 manatlıq pensiyaçıya illik olaraq 200 manatlıq yardım qüvvəsində qalır. Bunu rüblük 50 manatın hər ayı üzrə bölsək, 16,8 manat olacaq. Yekun olaraq, 300 manat pensiya alan vətəndaşımız 28 manat əlavə artım alacaq. Rəsmi statistikaya görə, ölkədə 9 aylıq bütün mal və xidmətlər üzrə inflyasiya həddi 12,9 faiz və ərzaq məhsulları üzrə isə 18,4 faiz təşkil edib. Alternativ inflyasiya metodologiyasına görə gündəlik ərzaq məhsullarında inflyasiya həddi daha yüksəkdir. 529 adda mal və xidmətlərə görə hesablamalara əsasən, real inflyasiya həddi ortalama olaraq 20-30 faiz nisbətində dəyişib. Bu, onu göstərir ki, pensiyaların nominal artımı pensiyaçıları daha da yoxsullaşdırmağa xidmət edəcək”.

“Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulan dəyişikliklərin müsbət təsirlərə malik olacağını vurğulayan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov isə öz növbəsində qeyd edib ki, sözügedən dəyişikliklər pensiyaya çıxış imkanlarını daha da genişləndirəcək:

“Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Pensiya amnistiyası adlandırılan həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Yeni dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır.

Mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün ya 25 il ştaj, ya da minimum pensiya kapitalı tələb olunur. Əgər vətəndaş 2018-ci ilinin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında məbləğindən asılı olmayaraq vəsaiti olanlar pensiya almaq hüququn malik olacaqlar. Hətta ən kiçik məbləğ pensiya kapitalı olan vətəndaşlarımız da yaşayışa görə müavinət deyil, pensiya ala biləcəklər. Bu baxımdan sözügüdən dəyişiklik amnistiya xarakteri daşıyır və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.

Gülşən Şərif

www.yenicag.az

333
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv