PKK döyüşçüsü xəstəxanadan qaçdı-Video
Türkiyənin Diyarbəkir şəhərində Səlahəddin Əyyubi adına dövlət xəstəxanasında müalicə alan PKK döyüşçüsü Bedrettin Güçlü, 4 polisin mühafizəsinə baxmayaraq oradan qaçmağı bacarıb.
Yenicag.az saytı Türkiyə mediasına istinadən məlumat verir ki, bir aydır polislərin nəzarəti altında müalicə alan Bedrettin xəstəxanaya yaralı olaraq gətirilib. Elə həmin gündən kəşfiyyat orqanları tərəfindən nəzarətə götürülüb.
Qeyd edək ki, gizli əməliyyat nəticəsində məlum olub ki, PKK terrorçusu başqa şəxsin adıyla qeydiyyatdan keçib və həmin xəstəxanada müalicə alırmış. Barmaq izləri ilə onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Diyarbəkirin hüquq-mühafizə orqanları, sözügedən 4 polis işçisini də nəzarətə götürüb. Hadisədə onların təqsirkar olub-olmaması araşdırılır.
Şübhəli məqam da ondan ibarətdir ki, 2 gün öncə Diyarbəkir polis idarəsinə PKK döyüşçüsünün qaçırılacağı xəbəri daxil olub. Ancaq bu məlumat onu mühafizə edən 4 polisə çatdırılmayıb.