Politoloq: "İran üçün ən rasional ssenari iqtisadiyyatı çökmədən ABŞ ilə razılığa gəlməkdir"

media-hightechnic-468x90

“Çin və Rusiya müəyyən dəstək verə bilər, amma bu, vəziyyəti köklü şəkildə dəyişməyəcək”

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHDP) Baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.

media-whatsapp-image-2026-04-21-at-23-30-35-1

Politoloq ABŞ və İran qarşıdurmasının dalana dirəndiyini və rəsmi Tehran üçün ən uyğun seçimin atəşkəs olduğunu qeyd edib:

“İran-Amerika danışıqlarının yenidən Pakistanda keçirilməsi ilə bağlı hər iki tərəfdən gələn rəsmi açıqlamalar çox müsbət haldır. Əslində, düşünürəm ki, tərəflər müəyyən razılaşmaya gələcəklər, çünki hər iki dövlətin buna ehtiyacı var. İranla müharibə iki əsas məsələni Ukrayna savaşını və daha çox Ceffri Epşteyn qalmaqalını siyasi gündəmdən çıxarmaq üçün başladıldı. Venesuelada əldə olunan asan və başgicəlləndirici uğur da burada böyük rol oynadı. Tramp aralıq seçkilərə ‘”böyük fateh” kimi qatılmaq istədi. Son dövrlərdə Rusiyanın Trampa təzyiqlərinin artdığını müşahidə edirdik ki, münaqişə Kremlin istədiyi formada yekunlaşsın. Tramp isə Ukraynaya yalnız müəyyən həddə qədər təzyiq edə bilərdi, ona görə də bu müharibə bir çıxış yolu oldu.

ABŞ müharibənin birinci mərhələsində İrana dağıdıcı zərbələr endirməklə öz gücünü nümayiş etdirdi. Ona atəşkəsə nail olmaq və vəziyyəti yenidən dəyərləndirmək lazım idi. Trampın ‘İranda sivilizasiyanı məhv edəcəyəm’ tipli açıqlamaları daha çox psixoloji təzyiq vasitəsi idi və Tehranı danışıqlar masasına gətirmək məqsədi daşıyırdı. Görünən odur ki, buna nail olundu və tərəflər arasında dialoq imkanları yarandı. Əslində, elektrik stansiyalarının, sutəmizləyici qurğuların, körpülərin və neft emalı zavodlarının vurulması ciddi humanitar fəlakətə səbəb ola bilərdi. Lakin Tramp belə bir ssenariyə getməzdi; çünki o, Nobel Sülh Mükafatı almaq istəyən bir siyasətçidir və tarixdə böyük humanitar faciəyə səbəb olan lider kimi qalmaq istəməz.

İlk gündən qeyd olunurdu ki, Amerikanın ikinci mərhələ addımı İranın blokadaya alınması ssenarisidir. Neft gəlirləri olmadan İran yaşaya bilməz. İqtisadi vəziyyətin kəskin pisləşməsi iqtidarın parçalanmasına, vətəndaş qarşıdurmasına və inqilablara səbəb olacaq. Əminəm ki, müharibənin başladılmasında Çin amili də mühüm rol oynayır. ABŞ cəmiyyətində Donald Trampın bu addımlarının dəstəklənməsinin səbəblərindən biri odur ki, insanlar bunu Çinə qarşı yönəlmiş strategiyanın tərkib hissəsi kimi qiymətləndirirlər. Keçən ilin iyun ayında 12 gün davam edən toqquşmalar zamanı İranın nüvə obyektlərinə ciddi ziyan vurulmuşdu. Bu baxımdan, hazırda əsas məqsədlərdən biri də Çini ucuz enerji resurslarından məhrum etmək, onun iqtisadi inkişaf tempinə və siyasətinə təsir göstərmək imkanları əldə etməkdir.

Çin iqtisadiyyatı böyüdükcə hərbi potensialı da paralel şəkildə genişlənir ki, bu da gələcəkdə Tayvan ətrafında mümkün hərbi ssenariləri aktuallaşdıra bilər. Yəni burada geniş və mürəkkəb geosiyasi qarşıdurma mövcuddur. Hazırda Çin ABŞ-dan sonra dünyanın ən böyük hərbi donanmalarından birinə sahibdir. Lakin yaxın gələcəkdə Pekinin ABŞ ilə birbaşa hərbi qarşıdurmaya girməsi real görünmür. Güc nisbəti hələlik Çinin xeyrinə deyil və tərəflər bunu yaxşı anlayır. ABŞ İranı müəyyən güzəştlərə məcbur edəcək. Yaxşı olar ki, İranda bunu anlasınlar və iqtisadiyyatları tam dağılmamış ABŞ ilə anlaşsınlar.”

Politoloq qeyd edib ki, İran Rusiya və Çinin dəstəyi ilə ayaqda qala bilməz, ona görə də atəşkəsə getməlidir:

“İran güzəştlərə getməsə, bəzi strateji obyektlərə zərbələr endirilə bilər. İran üçün ən rasional ssenari iqtisadiyyatı tam çökməmiş ABŞ ilə razılığa gəlməkdir. Çin və Rusiya müəyyən dəstək verə bilər, amma bu, vəziyyəti köklü şəkildə dəyişməyəcək. Alternativlər məhduddur; onlar İran tərəfdən müharibəyə qatılmayacaqlar. Rusiya Ukrayna ilə müharibə səbəbindən özü də ciddi iqtisadi problemlərlə üzləşib. Digər bir faktor da odur ki, İran xüsusilə 12 günlük müharibədən sonra əsas hava hücumundan müdafiə sistemlərini Çin və Rusiyadan əldə edib.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05