Prezident hədəfdədirsə, susan hər kəs bu hücumun ortağıdır

media-hightechnic-468x90

 

media-banner_tuq

Bu gün Azərbaycan ideologiya müstəvisində açıq bir savaşın içindədir. Bu savaşın mərkəzində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dayanır. 44 günlük vətən savaşında həm ön cəbhədə, həm də ideoloji cəbhədə necə orduya və dövlətə komandanlıq edirdisə, bu gün də yalnız O var bütün düşmənlərin hədəfində…

Nədənsə həm daxildəki siyasi opponentlərin (onlara opponent demək üçün də min şahid tapmaq lazımdlr), həm də xaricdə özünü “müxalifət” adlandıran, amma əslində söyüş və təhqiri siyasi metod seçən qrupların bütün oxları məhz bir nöqtəyə tuşlanır: İlham Heydər oğluna. Sanki ölkədə hər məmur yerindədir və tənqid olunası başqa heç kim yoxdur. Sanki bütün problemlərin, bütün müzakirələrin ünvanı yalnız Odur.

Qəribə bir mənzərə yaranıb. Konstitusiyada söz azadlığı yazılsa da, reallıqda bir naziri, bir deputatı, bir icra başçısını tənqid etmək təhlükəli görünür. Bir icra başçısı haqqında tənqidi fikir səsləndirirsən, dərhal onun ətrafında formalaşmış troll dəstələri, “zəhmətkeş” müdafiəçilər səni virtual meydanda linç etməyə başlayır. Sanki toxunulmaz bir qalaya hücum etmisən.

Amma eyni adamlar, eyni resurslar, eyni səfərbərlik prezidentə qarşı aparılan açıq təhqir kampaniyalarının qarşısında görünmür. Susurlar. Laqeyddirlər.

Bəli, bu gün Azərbaycan ideoloji savaşın içindədir. Bu savaş dövlətin gücü və gələcəyi uğrunda gedir. Azərbaycan regionda lider dövlətə çevrilib. Ərazi bütövlüyünü bərpa edib. Qafqazın siyasi və iqtisadi mərkəzinə çevrilmək yolundadır. Avropa üçün alternativ enerji mənbəyi rolunu oynayır. Qlobal layihələrin marşrutu artıq Bakıdan keçir. ABŞ kimi dünya gücü Azərbaycanın bölgədəki ən böyük strateji müttəfiqi sayır. Fransa kimi Avropadakı ən radikal əleyhdarımız belə bizimlə yenidən münasibət qurmağa çalışır.

Bu reallıqlar isə bəzi gücləri narahat edir. Və həmin narahatlıq özünü seçilən hədəf üzərində göstərir – dövlət başçısının. Azərbaycan prezidentini ailə üzərindən vururlar. Heç bir şərqli əxlaqına yaraşmayan alçaq üsulla prezidentin üstünə gəlirlər.

Daha acınacaqlısı isə odur ki, dövlətin bütün imkanlarından faydalanan bəzi şəxslər və qurumlar bu hücumlar qarşısında susmağa üstünlük verir. Deputatından diasporuna qədər kimsə dövləti üçün fədakarlıq etmək istəmir. Kağız üzərində böyük görünən, ancaq şəkərburaya naxış vurmaqdan o tərəfə getməyən layihələrlə qaz vurub, qazan dolduranlar dövlətin başçısına qarşı hücumlar zamanı özlərini “səssiz”ə alırlar.

Yazının bu gərgin yerində sizə bir lətifə əxz edim. “Lətifə zamanı deyil”, deyib keçməyin, mövzuya birbaşa aidiyyatı var.
Beləki məclislərin birində birisi əlindəki şüşəni silkələyir və içərisindən cin çıxır və deyir ki,
– Buyur mənim ağam.

Adam da cinə yaxşı bir çay süfrəsi açmasını əmr edir.
Cin də “ləbbeyk” deyib, süfrəni təşkil edir.
Bunu görən digərləri o cini satmasını istəyirlər və içərilərində ən çox pulu verən də onu alır.

Evə gedər getməz, şüşəni silkələyir və cin çıxır:
– Buyur mənim ağam.
Adam başlayır saymağa ki,
– Mənə təcili son model “Bentley”, şəhərin mərkəzində villa, bağ evi…
Cin adamın sözünü kəsir və deyir:
– Ağam, mən ancaq çay işinə baxıram.

İndi bizim vətəndaş cəmiyyətimiz və ya diasporumuz ancaq şəkərburanın naxışı, paxlavanın neçə qat olmasına baxır? İllah da kimsə deməlidir? Bəs şəxsi təşəbbüs etmək bu qədər çətindir?

Xaricdəki “yumşaq güc”ümüz yalnız paxlavanın neçə qat xəmirindən ibarət olduğunu əcnəbilərə izah etmək üçün var?

Əgər bir ölkədə Azərbaycan Prezidentinə qarşı açıq təhqir və kampaniya aparılırsa, oradakı azərbaycanlılardan ibarət təşkilatların ən azı hüquqi və ya ictimai reaksiya verməsi vətən qarşısında borcdur. Bu, siyasi seçim deyil – bu, milli məsuliyyətdir.

Unutmayaq ki, təhqir bütün dillərdə və ölkələrdə yolverilməzdir. Biz bu gün ölkə başçımızı və ailəsinin təhqir olunduğu ölkələrin rəhbərlərini təhqir etsək, bizi elə öz məhkəmələrimizdə məhkum edərlər. Bəs nə üçün o ölkələrdəki diplomatik nümayəndələrimiz və ya diaspor təşkilatlarımız müvafiq qurumlar qarşısında məsələ qaldırmırlar? Nə üçün bir azərbaycan vətəndaşı ya da diplomatı o ölkənin məhkəməsinə baş vurub, “sizin ölkənizdə bu şəxslərə Azərbaycanı söydürmək üçün sığınacaq vermisiniz” sualını vermir? Başqa vaxt hər dildə bəyanat verən vətəndaş cəmiyyətimiz nə üçün bu ölkələrdən bizə qarşı atılan daşlara qarşı petisiyalar təşkil etmir və ya o dövlətlərin müvafiq qurumlarını mail və ya tvit yağmuruna tutmurlar?

Susmaq bəzən ehtiyatlılıq kimi görünə bilər. Amma dövlətin əsas sütununa – başçısına hücum ediləndə susmaq artıq neytrallıq deyil. Susmaq – tərəf seçməkdir.

Bu gün hamı bir sual qarşısındadır: dövlətin imkanlarından istifadə edənlər, dövlətin hesabına imtiyaz sahibi olanlar niyə dövlətin başçısı hədəfə alınanda səhnədə görünmürlər? Niyə təşəbbüs göstərmirlər? Niyə hər hansı bir addım atmırlar?

Bu sualların cavabı gec-tez veriləcək. Çünki tarix hər şeyi yadda saxlayır. Tarix kimlərin danışdığını da yazır, kimlərin susduğunu da.

Bu gün seçim sadədir. Ya bu ideoloji savaşda mövqe göstəriləcək və Ailəmizin başçısı İlham Əliyev üçün sipər olunacaq, ya da susqunluqla məsuliyyətdən qaçılacaq. Amma bir həqiqət dəyişməz qalır:

Dövlətə qarşı hücum zamanı bitərəf qalmaq xəyanətə səssiz ortaq olmaqdır…

Aqil Ələsgər

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05