Prezident İlham Əliyev NATO Baş komandanını qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Yenicag.az xəbər verir ki, Azərbaycanın NATO ilə tərəfdaşlığının uzun tarixə və geniş gündəliyə malik olduğunu deyən dövlət başçısı bu ilin iyul ayında NATO-nun mənzil-qərargahına son səfərini və Brüsseldə keçirilmiş Zirvə toplantısında iştirakını xatırladı və bunun əlaqələrimizin inkişafına müsbət təsir göstərdiyini qeyd edib.

Dövlət başçısı ümumilikdə NATO-nun mənzil-qərargahına etdiyi bütün səfərlərin müsbət xarakter daşıdığını qeyd edib. Prezident İlham Əliyev NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında ölkəmizin fəal iştirak etdiyini, Azərbaycan hərbçilərinin sayının artırıldığını və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat və logistik dəstək göstərildiyini vurğulayıb. Prezident İlham Əliyev eyni zamanda Azərbaycanın ikitərəfli əsasda da Əfqanıstana dəstək göstərdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin Əfqanıstan üçün yeni imkanlar yaratdığını vurğulayıb. Dövlət başçısı NATO-nun yüksək səviyyəli nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli tərəfdaşlığın gündəliyində duran vacib məsələlərin müzakirəsi üçün əlverişli imkan yaratdığını deyib.

NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti onu və rəhbərlik etdiyi nümayəndə heyətini qəbula və Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyi etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd edib, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.

Dövlət başçısı qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəmizə olan hörmət və etimadın təzahürü kimi dəyərləndirib və bunun eyni zamanda ölkəmizin regional təhlükəsizlik, inkişaf və sabitliyin təmin edilməsində oynadığı rolun və yürütdüyü siyasətin göstəricisi olduğunu deyib.

COP29