Rusiya ilə Belarus NATO-ya belə meydan oxudular - VİDEO
Rusiya və Belarus ordularının “Zapad-2025” adlı birgə hərbi təlimi başlayıb. Yenicag.az xəbər verir ki, rəsmi açıqlamada, təlimin məqsədinin sülhün qorunması, iki ölkənin maraqlarının müdafiəsi və hərbi təhlükəsizliyin təmin olunması üçün müxtəlif ssenarilərin sınaqdan keçirilməsi olduğu bildirilib.
Belarus Müdafiə Nazirliyi beynəlxalq müşahidəçilər arasında ABŞ zabitlərinin də olduğunu açıqlayıb.
Bu təlimin Avropada ciddi narahatlıq yaratdığı da vurğulanır. Belə ki, Polşa hava sahəsinin bu ay bir neçə dəfə pozulması, Belarus ilə qonşu olan ölkələri narahat edir. Polşa. Litva və Latviyanın rus təhdidi ilə üz-üzə olması ehtimalı hər keçən gün artır. Ukrayna münaqişəsinin Avropaya yayılma ehtimalı hazırda NATO-nın başlıca məsələsidir.
Bu təlimin Avropada narahatlıq doğurmasının bir səbəbi də Ukrayna müharibəsi öncəsi də Rusiyanın “Zapad” təlimi keçirməsi olub. Belə ki, 2021-ci ildə “Zapad” təlimi olduqdan sonra 2022-ci ildə Ukrayna savaşının başlaması bu təlimlə bağlı narahatlığı artırır.
Bu səbəbdən Polşa, Litva və Latviyada potensial müharibəyə hazırlıq ən üst səviyyəyə çıxarılıb.