Prezident İran administrasiyasının rəhbəri ilə görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İran İslam Respublikasının prezidenti administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian ilə görüşüb.
Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin səviyyəsindən məmnunluq ifadə olunub. Ötən il Davosda Azərbaycan və İran prezidentlərinin görüşündən keçən müddətdə ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurlu inkişafının məmnunluq doğurduğu qeyd edilib. Son dövrdə dövlət başçılarının görüşlərində ikitərəfli münasibətlərin inkişafına dair aparılan səmərəli müzakirələrin bu gün müsbət nəticələr verdiyi bildirilib. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də fəal əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələri, o cümlədən enerji, qarşılıqlı sərmayə qoyuluşu, neft, turizm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.