!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak etdi - YENİLƏNDİ

!Reklam – Yazi

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət başçılarını qarşıladı.

İclasda iştirak edən dövlət başçıları birgə foto çəkdirdilər.

Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.

Qırğızıstan Prezidenti Sadır Japarov dedi:

-Çıxış üçün söz Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə verilir. İlham Heydər oğlu, buyurun, söz Sizindir.

Prezident İlham Əliyev iclasda çıxış edərək dedi:

-Hörmətli Sadır Nurqojoyeviç, hörmətli dövlət başçıları. Əvvəlcə, qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidenti Sadır Nurqojoyeviç Japarova təşəkkür etmək istərdim.

Şadam ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Fürsətdən istifadə edərək Qırğızıstan rəhbərliyini ölkənin sosial-iqtisadi inkişafında uğurları münasibətilə təbrik etmək istərdim.

Rusiya Federasiyasının növbəti ildə MDB-də sədrliyinin həyata keçirilməsində hörmətli Vladimir Vladimiroviç Putinə uğurlar diləmək istərdim.

Tədbirimizin əlamətdar hadisəsi Özbəkistan Prezidenti, hörmətli Şavkat Miromonoviç Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif edilməsidir. Şavkat Miromonoviçi bu layiqli mükafat görə təbrik edirəm. Qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisə Səmərqənd şəhərinin 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı qərardır.

Humanitar sahə bizim Birliyin çərçivəsində əsas istiqamətlərdən biridir. Azərbaycan bu sahədə əməkdaşlığımızın inkişafına böyük töhfə verir. Azərbaycanın 2025-ci ildə üçüncü MDB Oyunlarının keçirilməsi üzrə namizədliyini dəstəklədikləri üçün həmkarlarıma minnətdarlığımı bildirmək istərdim.

Əminəm ki, üçüncü MDB Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.

Fürsətdən istifadə edərək, Belarus Prezidenti, hörmətli Aleksandr Qriqoryeviç Lukaşenkonu ikinci MDB Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik etmək istərdim.

Hörmətli həmkarlar, iqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə MDB ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur.

Azərbaycan MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. MDB-nin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Bu iki nəqliyyat dəhlizinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.

Bir daha tədbirin yüksək səviyyədə təşkilinə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, sammitin nəticələri gələcəkdə əməkdaşlığımızın möhkəmlənməsinə xidmət edəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Sadır Japarov: Sağ olun İlham Heydər oğlu.

***

11:27

Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilir.

Yenicag.az xəbər verir ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarov iclasda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

www.yenicag.az

271
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv