Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezident və xanımı Qubadlıda bir sıra açılışlar etdilər - FOTO

Reklam: High Technic

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda səfərdə olublar.

Yenicag.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində iştirak ediblər.

Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına və birinci xanıma Şərqi Zəngəzur iqtisadi rayonunda tikintisi aparılan avtomobil yolları barədə məlumat verib.

Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri də Xudafərin-Laçın yoludur. Başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Xudafərin su anbarı yaxınlığından keçən hissəsindən götürən bu yolun uzunluğu 56,4 kilometrdir. Qubadlı-Eyvazlı avtomobil yolunun uzunluğu 26 kilometr, eni 3,5 metr olacaq. Qubadlı-Xınzirək avtomobil yolunun isə uzunluğu 23,5 kilometr, eni 3,5 metr olacaq. Hər iki yol iki hərəkət zolaqlı inşa edilir.

Bu yollar Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində tikilir. Xudafərin-Laçın avtomobil yolunun Xanlıq yaşayış məntəqəsindən ayrılaraq Qubadlı şəhərinə qədər 14 kilometr uzunluğunda yeni avtomobil yolu inşa ediləcək. Prezident İlham Əliyevin tapşırığına əsasən, Qarabağın inkişaf planı nəzərə alınmaqla Xudafərin-Laçın və Xanlıq-Qubadlı avtomobil yolları dörd hərəkət zolaqlı olacaq. Yeni inşa olunan yollar işğaldan azad edilmiş Zəngilan, Qubadlı və Laçın rayonlarının ərazisindən keçir. Avtomobil yolu Qubadlı və Laçın şəhərləri də daxil olmaqla, bu rayonların 30-dan çox yaşayış məntəqəsini əhatə edir.

Dövlət başçısı Xanlıq-Qubadlı yolunun təməlini qoyub.

*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının açılışında iştirak ediblər.

Yenicag.az xəbər verir ki, “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya yarımstansiya barədə məlumat verib.

Bildirilib ki, yarımstansiyanın tikintisi ilə paralel olaraq Qubadlının Azərbaycanın ümumi enerji sisteminə qoşulması, rayonun dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi üçün Füzulidəki “Şükürbəyli” yarımstansiyasından “Cəbrayıl” yarımstansiyasına giriş-çıxış olmaqla 76 kilometr məsafədə ikidövrəli 110 kV-luq yüksəkgərginlikli “Qubadlı-1”, “Qubadlı-2” elektrik verilişi xətti çəkilib. 150-160 MVt gücötürmə qabiliyyətinə malik yeni xətt layihələndirilərkən rayon üçün səciyyəvi iqlim parametrləri – buzlaşma, küləyin maksimal sürəti, qarın qalınlığı, çirklənmə və başqa amillər, o cümlədən baş verə biləcək qəza hallarının qarşısının alınması, lokallaşdırılması üçün zəruri sistem yaradılıb.

Yeni çəkilən xətt boyunca ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi, internet üçün fiberoptik kabel çəkilib və bununla da Qubadlıya təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürücülük qabiliyyətinə malik sürətli internet xətti gətirilib. İldırımötürücü xəttin içərisində keyfiyyətli internet şəbəkəsi, o cümlədən SCADA dispetçer idarəetmə sistemi informasiyalarının, proqram təminatının, televiziya, telefon, rabitə, müşahidə kamera, canlı bağlantı, mərkəzləşdirilmiş arxiv şəbəkəsinin və başqa məlumatların sinxronlaşdırılması həyata keçirilib. Bu günə qədər “Azərenerji” ASC tərəfindən Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda 110 kV-luq yeni yarımstansiyalar tikilib. Bütün yarımstansiyalara çəkilən elektrik xətlərində ildırımdan mühafizə və yarımstansiyalararası siqnal mübadiləsi üçün fiberoptik kabellər quraşdırılıb. Beləliklə, işğaldan azad edilmiş ərazilərin 80 faizi Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, elektrik xətləri üzərindəki optik kabellər vasitəsilə yarımstansiya və rayonlardakı lazımi strukturlar internetlə təmin edilib. İşğaldan azad edilən digər rayonlardakı yarımstansiyalarda olduğu kimi, Qubadlıda da Dördüncü Sənaye İnqilabına uyğun olaraq intellektual enerjisistem şəbəkəsi konsepsiyası həyata keçirilərək müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya yaradılıb.

Dövlət başçısı yarımstansiyanı işə salıb.

Məlumat verilib ki, yarımstansiyanın rəqəmsal idarə edilməsinin prioriteti olan iki əsas məsələ – rəqəmsallaşmaya inteqrə olunan avadanlıqların təmin olunması və idarəetmə üçün informasiya mübadiləsi və aktivlərin onlayn müşahidəsinə imkan verən fiberoptik kabel şəbəkəsinin yaradılması məsələləri həllini tapıb.

“Qubadlı” yarımstansiyasının işçi personalı üçün təhlükəsiz və rahat iş şəraitinin yaradılması məqsədilə müasir texnologiyalar əsasında yeni İdarəetmə Mərkəzi tikilib. Yarımstansiyada iki ədəd 25 MVA gücündə transformator quraşdırılıb. Yarımstansiyanın idarəetmə sistemi müasir tələblərə cavab verən Micro SCADA sistemi yaradılmaqla “Azərenerji”nin mərkəzi SCADA sistemi ilə əlaqələndirilərək birbaşa mərkəzdən idarə edilməsi təmin olunub.

Qeyd edək ki, işğala qədər 38 min nəfərdən çox əhalisi olan, sənaye və digər təsərrüfat sahələri üzrə Qubadlı rayonunun ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. 47 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı il üçün elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Yeni “Qubadlı” yarımstansiyası tikilərkən bu amil nəzərə alınıb.

*

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

Yenicag.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə yaradılan şərait barədə məlumat verib.

Bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə fəaliyyətlər davam etdirilir. Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır. Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

Qeyd edilib ki, hərbi hissə kompleksində qərargah binası, zabit-gizir və əsgər yataqxanaları, şəxsi heyət üçün lazımi şəraitlə təmin edilmiş iş otaqları, yeməkxana, yaşayış binaları, anbarlar və digər zəruri infrastruktur yaradılıb. Kompleksdə hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətlərinin yüksəldilməsi, şəxsi heyətin hərbi biliklərinin və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi üçün zəruri xidməti və təlim-tədris bazası formalaşdırılıb. Tibb məntəqəsində hərbi qulluqçulara lazımi tibbi xidmətin göstərilməsi məqsədilə zəruri şərait var. Hərbi hissənin poliqonunda təlim məşğələlərinin təşkili və keçirilməsi, hərbi qulluqçuların döyüşə hazırlığının və fərdi məharətlərinin yüksəldilməsi, hərbi bölmələr arasında qarşılıqlı əlaqələrin işlənilməsi və birgə döyüş qabiliyyətlərinin artırılması üçün zəruri baza yaradılıb. İdman şəhərciyində futbol və voleybol meydançaları, həmçinin kazarmalarda müasir standartlara uyğun idman avadanlığı və alətləri ilə təchiz olunmuş məşq zalları təşkil edilib.

Kinoloji təlim şəhərciyində işğaldan azad olunmuş ərazilərdə minaların və partlamamış sursatların axtarışına və aşkarlanmasına cəlb olunan xidməti itlərin hazırlanması, vərdişlərinin təkmilləşdirilməsi, xidməti it təlimatçılarının peşəkar hazırlığının inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.

Hərbi hissə kompleksi istilik sistemi, daimi su və elektrik enerjisi ilə təmin edilib. Ərazidə əsaslı tikinti-abadlıq işləri həyata keçirilib, geniş yaşıllıq zolaqları salınıb.

Beləliklə, bu hərbi hissədə xidmətin yüksək səviyyədə aparılması, şəxsi heyətin döyüş qabiliyyətinin təkmilləşdirilməsi, peşəkar vərdişlərinin daha da inkişaf etdirilməsi üçün hərtərəfli şərait yaradılıb.

www.yenicag.az

220
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100