Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentə yazırlar: Son nəfəsimizə qədər Vətənin xidmətində və Sizin yanınızdayıq!

Azərbaycan vətəndaşları, xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməkdə davam edirlər. Onlar rəşadətli ordumuzun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Yenicag.az Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Cəfər Süleymanovdan, Ştutqart, Almaniya
Hörmətli cənab Prezident.

Sizə bu Qələbəni yaşaya bilməyimiz üçün verdiyiniz şücaətli, möhtəşəm iradə və mübarizəyə görə təşəkkür edirəm. Şuşa bizim gözümüz, Şuşa bizim canımızdır. Siz bizi yenidən diriltdiniz, Siz bizə ikinci həyat verdiniz. Sizin rəhbərliyiniz altında gözəl və şərəfli günlər bizi gözləyir. Bir Millət olaraq sona qədər Sizin arxanızdayıq. Allah Sizi, Ordumuzu və millətimizi qorusun! Qarabağ Azərbaycandır!

Pəri Çəndirovadan, İstanbul, Türkiyə
Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.
Sizə uğurlu siyasətiniz və Azərbaycan xalqı olaraq bizlərə yaşatdığınız Qələbə sevincləri münasibəti ilə təşəkkür edirəm. 8 noyabr tarixində Şuşanın geri alınması xəbərilə bizə qürur hissi bəxş etdiniz. Hər zaman böyük bir maraq və həyəcan hissi ilə Sizləri izləyirik. Xaricdə yaşayan vətəndaş olaraq ilk başda öz adımdan və çevrəmdə olan soydaşlarımızın adından Sizlərə təşəkkür edir və Sizi dəstəkləyirik. Dünya azərbaycanlıları olaraq apardığınız siyasətdə Sizə uğurlar arzu edir, ölkəmiz, xalqımız üçün daha böyük nailiyyətlər əldə etməyinizi diləyirik. Qələbə hər zaman bizimlə olsun!

Tamerlan Qarayevdən, Vilnüs, Litva
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan.

İcazə verin, Şuşanın azad olunması münasibətilə Sizə minnədarlıq hisslərimi bildirim, Sizi səmimi qəlbdən təbrik edim və ən xoş arzularımı çatdırım.
Şuşanın azad olunması sevincini xalqımıza yaşatdığınıza görə Sizə sonsuz təşəkkürümüzü bildiririk.

Fazil Qurbanovdan, Moskva, Rusiya
Hörmətli cənab Prezident!
Rusiyadakı Azərbaycan diasporunun çoxmilyonlu üzvləri və şəxsən öz adımdan Sizi, bütün Azərbaycan xalqını, igid Ordumuzu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə təbrik edirəm!
Biz azərbaycanlılar, hər zaman Vətənimizin – Azərbaycanın yanındayıq və yürütdüyünüz siyasəti tam dəstəklədiyimizi bildiririk!
İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycan xalqının müqəddəs borcudur. Artıq həmin zaman yetişdi – 2020-ci il noyabrın 8-i əbədi olaraq Azərbaycanın tarixinə düşdü!
Bu, əzəmətli qələbəmizin günüdür!
Adınız böyük Azərbaycan xalqının tarixinə əbədi olaraq qızıl hərflərlə yazılacaq!
Yaşasın Azərbaycan Respublikasının xalqı və ordusu!
Qarabağ Azərbaycandır!

Həcər Yusibovadan, Marneuli, Gürcüstan
Əziz İlham baba.
Mənim adım Həcərdir. 10 yaşım var. Biz hamımız Sizi çox sevirik.
Mən qəhrəman Azərbaycan əsgərləri üçün az da olsa, pul yardımı göndərirəm. Erməniləri də dediyiniz kimi, qovduq.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

Əlif Cahangirovdan, Vesteros, İsveç
Salam, cənab Prezident.
Sizə İsveçdən yazıram. Biz çox xoşbəxtik, biz çox qürurluyuq, biz çox şanslıyıq. Biz ona görə xoşbəxtik ki, əzəli və müqəddəs torpaqlarımızı, Qarabağımızı düşməndən azad edirik, Şuşamız artıq bizdədir və biz bu tarixi günlərə sevinc göz yaşı tökərək şahidlik edirik. Biz ona görə qürurluyuq ki, bu tarixi anları bizə yaşadan Şanlı Ordumuz, cəsur əsgərlərimiz, igidlərimiz var! Biz ona görə şanslıyıq ki, bizim kimliyimizi, qürurumuzu, xalqımızın iradəsini dünyaya sübut edən, başımızı uca, alnımızı açıq edən Sizin kimi rəhbərimiz var!
Cənab Prezident, mən ailəmiz adından Sizə təşəkkür etməyi özümə borc bilirəm. Biz həmişə yanınızdayıq və hər zaman əmrinizdəyik!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan!

Zəkiyə Hacızadədən, Aşqabad, Türkmənistan
Azərbaycan Respublikasının hörmətli Prezidenti cənab İlham Heydər oğlu.
Bu məktubu Sizə Türkmənistandan yazıram. Mən Aşqabad şəhərində yaşayıram, 6-cı sinifdə oxuyuram. Adım Zəkiyədir.
Biz hər gün televiya qarşısında əyləşib, Sizin çıxışlarınızı gözləyirik. Siz hər dəfə Azərbaycanın yeni-yeni ərazilərinin işğaldan azad olunduğunu elan edirsiniz. Bu xəbərlər bizi çox sevindirir. Lakin Şuşanın azad edilməsi xəbəri hamımıza xüsusi sevinc bəxş etdi. Biz Sizinlə və igid əsgərlərimizlə qürur duyuruq. Tezliklə bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq.
Yaşasın Azərbaycan!

Rafail Musayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident.
Biz Azərbaycan vətəndaşları olaraq əldə etdiyimiz qələbələrdən fərəh, sevinc və qürur hissləri keçiririk. On illiklərlə gözlədiyimiz günlər nəhayət ki, gəlib çatdı.
Cənab Ali Baş Komandan, inanırıq kı, Sizin rəhbərliyinizlə rəşadətli Azərbaycan Ordusu işğal altında olan bütün torpaqlarımızı tamamilə azad edəcək və üçrəngli Bayrağımız həmin torpaqlarımızda dalğalanacaq.
Möhtərəm Prezident, hər zaman Sizinləyik. Sizi əmin etmək istəyirik ki, göstəriş verdiyiniz halda hamımız bir nəfər kimi cəbhəyə yollanaraq işğal altındakı digər bölgələrimizi də düşməndən təmizləməyə hər an hazırıq.
Allah Sizi və rəşadətli Ordumuzu qorusun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Elçin Rəhimovdan, Biləsuvar, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan!
Sizin düzgün və uğurlu siyasətiniz nəticəsində Qarabağ uğrunda gedən döyüşlərdə əzəli torpaqlarımızın işğaldan azad olunmasına sevinir və hədsiz qürur hissi keçiririk.
Biz məcburi köçkünlər 30 ilə yaxındır ki, gözlədiyimiz bu haqq işinizi dəstəkləyir və Azərbaycan vətəndaşı olaraq hər zaman yanınızda olduğumuzu bildiririk.
Xalqımız öz tarixinin şanlı və qürurverici səhifələrindən birini yaşamaqdadır. Hazırda milyonlarla vətəndaşımızın hər bir qarış Vətən torpağı üçün döyüşməyə, lazım gələrsə, canından belə keçməyə hazır olduğunu bilməyinizi istəyirik.
İnanırıq ki, ən qısa zamanda rəşadətli Ordumuzun qəhrəman əsgərlərinin Sizin rəhbərliyinizlə üçrəngli Bayrağımızı Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, Ağdərədə və bütün Qarabağda dalğalandıracaqlarının şahidi olacağıq. İnşallah!
Tanrı Sizi, Ordumuzu və bütün Azərbaycan xalqını qorusun!

Elmira Həsənovadan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, müzəffər Ali Baş Komandan.
İlk növbədə bizə bu sevinci – Şuşa Qələbəsini yaşatdığınız üçün Sizə və Şanlı Ordumuza öz minnətdarlığımızı bildiririk. Sizin kimi güclü bir Liderimiz olduğu üçün Azərbaycan xalqı çox şanslıdır. Sizinlə və Ordumuzla qürur duyuruq! Son nəfəsimizə qədər Vətənin xidmətində və Sizin yanınızdayıq! Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət etsin və ön cəbhədə Vətəni müdafiə edən igidlərimizi qorusun! Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Xalsa Nəsibovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Şuşa ilə bağlı xəbəriniz bir daha yenilməzliyimizin təntənəsi oldu. Siz qürurumuzu, məğrurluğumuzu, vüqarımızı və şərəfimizi özümüzə qaytardınız. Siz qızıl hərflərlə silinməz bir tarix yazdınız. Dövlət Bayrağı günü ilə əlaqədar Azərbaycan xalqına ən böyük hədiyyə etdiniz. Var olun, cənab Prezident. Allah Sizi və komandanlıq etdiyiniz Ordumuzu qorusun.

Elnur İsmayılovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Zamanı dəyişmək, hadisələrə yön vermək, illərdir ürəyimizdə düyünlənib qalan Qələbə ümidini reallaşdırmaq və insanlara təqdim etmək Sizin Azərbaycan xalqına ən gözəl hədiyyənizdir. Bu hədiyyə mədəniyyət işçiləri üçün “Oskar” mükafatı, tələbələr üçün fərqlənmə diplomu, müəllimlər üçün gələcəyə yatırılan biliyin çiçək açması, elm adamları üçün “Nobel” mükafatı, jurnalistlər üçün alınması mümkün olmayan müsahibədən daha ali, daha dəyərlidir.
Şanlı Ordumuz zəhmətinin şirin bəhrəsini görür və öz hədiyyəsini qəbul edir.
Qələbə xəbərlərini gözləmək, onu eşitmək, hər gün Bayrağımızla söhbətləşmək o qədər gözəldir ki, cənab Prezident!
Allah Sizi var eləsin! Siz bu gün ölkəmiz üçün aşılması çətin olan divarları öz qətiyyətli mövqeyiniz və dəmir iradəniz sayəsində məhv edirsiniz. Bütün bunlar isə xalqın işıqlı gələcəyinə zəmanətdir.
Qarabağ Azərbaycandır!

Nərmin Qurbanlıdan, Mingəçevir, Azərbaycan
Əziz İlham baba.
Mən Sizinlə fəxr edirəm və Sizi Şuşanın alınması münasibətilə təbrik edirəm. Allah Sizi və Müzəffər Ordumuzu qorusun.
İlham baba, bütün dualarımız Sizinlədir. Erməniləri iti qovan kimi qovuruq. Allah Sizi və müzəffər Ordumuzu qorusun. Qarabağ Azərbaycandır!

Həsən Ömərovdan, Zaqatala, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Sizin zəfər yolunda inamlı addımlarınız nəticəsində Azərbaycan Respublikasının incisi olan Şuşa şəhəri düşməndən azad edildi. Bu münasibətlə Sizi təbrik edirik. Bizim dövlətimiz güclü, şanlı Ordumuz yenilməzdir.
Yaşasın Azərbaycan!

Nəbi Kərimovdan, Zaqatala, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Sizi təbrik edirəm. Xalqımızı bu gözəl xəbərlə bir daha sevindirdiniz. İnanırıq ki, işğal altında qalan bütün torpaqlarımız tezliklə şanlı Ordumuz tərəfindən tam azad ediləcək.
Yaşasın Azərbaycan və onun müzəffər Ali Baş Komandanı!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Əli Tahirovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident.
Mən Lənkəran rayonu, Boladi kəndi N.Axundov adına 1nömrəli tam orta məktəbin üçüncü sinfində oxuyuram. Atam zabitdir və hal-hazırda cəbhədə döyüşür, mənfur düşmənə layiqli cavablarını verir. Şuşanın işğaldan azad olması məni də hədsiz dərəcədə sevindirir və bu münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Şuşanın azad olmasında atam da iştirak etdiyi üçün onunla fəxr edirəm. Sizə və atama inanıram. Sizin çıxışlarınızda dediyiniz bir ifadə çox xoşuma gəlir: “Biz bir dəmir yumruq kimi birləşmişik”. Mən də böyüyəndə atam kimi hərbçi olacağam və Sizin kimi Azərbaycanın müstəqilliyi, bütövlüyü uğrunda çalışacağam.

Şöhlə Abbasovadan, Ağdaş, Azərbaycan
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizin rəhbərliyinizlə şəhər və kəndlərimizin gündən-günə abadlaşması, yollarımızın yenidən qurulması, xarici və daxili siyasətiniz, Ordumuzun möhkəmlənməsi üçün gördüyünüz işlər bizi fərəhləndirir, Sizinlə fəxr edirik. Sizin uzaqgörən siyasətinizin nəticəsidir ki, Azərbaycan inkişaf etmiş dövlətlər sırasındadır.
Cənab Prezident, Sizin rəhbərliyiniz ilə ordumuzun qazandığı qələbə 30 ildir ki, xalqımızın ürəyində məskən salmış Qarabağ yarasını sağaltdı, şəhidlərimizin ruhunu şad etdi. Qarabağın ürəyi olan Şuşanın alınması xəbərini verərkən Sizdə olan vüqarı, şücaəti, əzəməti, eləcə də qəlbinizin dərinliyində olan kövrəkliyi hiss etdik.
Əziz balam, Sizi, ailənizi, Ordumuzu və xalqımızı Qələbə və 9 noyabr Bayraq Günü münasibətilə təbrik edir, bağrıma basaraq öpürəm. Atalar demişkən: “Ot kökü üstündə bitər”. Müstəqilliyimizin banisi olan ulu öndərimiz Heydər Əliyevə xalqın sevgisini bildirən “Xalq Heydər, Heydər xalqım deyəcək!” şüarı dillər əzbəri olduğu kimi, indi də Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığınız məqsədyönlü mübarizəyə görə “Azərbaycan-İlham, Qarabağ Azərbaycandır!” şüarı dillər əzbəridir.
Tanrı Sizi, Ordumuzu və xalqımızı qorusun!
Qarabağ Azərbaycandır!

Tapdıq Abdullayevdən, Füzuli, Azərbaycan
Hörmətli Ali Baş Komandan.
Siz Şuşanın yenidən bizə qayıtması xəbəri ilə bütün Azərbaycan xalqını sevindirdiniz. Azərbaycan xalqı Sizinlə fəxr edir.
Sizin sayənizdə yeni bir tarix yazılır. İnşallah bütün torpaqlarımız işğaldan azad olunandan sonra Sizin başçılığınızla oralar cənnətə dönəcək.
Möhtərəm cənab Prezident, bu qələbələr münasibətilə Sizi təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Dəmir Qurbanlıdan, Tovuz, Azərbaycan
Möhtərəm cənab Prezident, hörmətli Ali Baş Komandan!
Əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi siyasi xadim Heydər Əliyev siyasətinin davamçısı olaraq xalqımızın dəstəyi ilə 2003-cü ildən həyata keçirdiyiniz uğurlu, məqsədyönlü, düşünülmüş daxili və xarici siyasətinizin son 17 ildə gərgin və yenilməz fəaliyyətinizin nəticəsidir ki, bu gün dünyanın və regionun lider dövlətinə çevrilmiş Azərbaycan və onun qəhrəman Ordusu Sizin komandanlığınızla doğma Qarabağımızı, Şuşamızı işğaldan azad etməklə təkcə erməni faşizminin planlarını darmadağın etmədi, eyni zamanda, son 200 ildə ermənilərin tarixi himayədarlarının dəstəyi ilə “Böyük Ermənistan yaratmaq” planlarını da darmadağın etdi. Bu Qələbə təkcə Ermənistan üzərində Qələbə deyil. Bu Qələbə ermənilərə himayədarlıq edən, onları silahlandıran, ruhlandıran beynəlxalq güc mərkəzləri, erməni lobbiləri üzərində Qələbədir.
Cənab Ali Baş Komandan!
Arzum budur ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycanın milli marşalı, dünyanın generalissimusu hərbi rütbəsi verilsin. İşğaldan azad edilən şəhərlərimizdə, rayonlarımızda və Bakı şəhərində generalissimus rütbəsində Sizin heykəliniz ucaldılsın.
Eşq olsun Ali Baş Komandanımıza!
Eşq olsun qəhrəman Ordumuza!
Qarabağ Azərbaycandır!

Murtuz Əliyevdən, Zaqatala, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Sizi Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə kollektivimiz adından ürəkdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, işlərinizdə uğurlar arzulayıram.
Sizin Ali Baş Komandanı olduğunuz Ordumuz xalqımıza heç vaxt unudulmayacaq tarixi anlar və böyük qürur hissi yaşatdı. Artıq biz qalib xalqıq.
Yaşasın şanlı Azərbaycan Ordusu!

www.yenicag.az

201