!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin çevirdiyi “KÖHNƏ SƏHİFƏ”: “İslahatlar yenə də “qan soranların” xeyrinə olacaqdısa...”

!Reklam – Yazi

“Prezident İlham Əliyev Mikayıl Cabbarovdan əzənin deyil, əzilənin, zalımın deyil, zülmə məruz qalanın, haqsızın deyil, haqlının, özbaşınalığın deyil, qanunun yanında olmasını istədi…”

Bütövlükdə bu həftə, xüsusən də dünən Azərbaycanda tamamilə yeni bir dönəmin təməli qoyuldu. Daha doğrusu, köhnənin sonunun başlanğıcına start verildi və yeni dönəmin qapısının açıldığı bəyan edildi. Söhbət heç də uzun illər boyu Azərbaycan siyasətində önəmli yer alan və dövlətin əsas idarəedici simalarından biri olaraq bildiyimiz Ramiz Mehdiyevin istefaya göndərilməsindən getmir. Bu istefa özü-özlüyündə yeni dönəmin başladığının əsas göstəricisi olsa da, dünən Prezident İlham Əliyev yeni təyin etdiyi İqtisadiyyat naziri Mikayıl Cabbarova tapşırıqlar verərkən yeni dönəmin başladığını həm cəmiyyətə, həm də məmurlara açıq mətnlə bildirdi.

Mikayıl Cabbarova verdiyi tapşırıqlardan belə göründü ki, Prezident ölkədəki sosial-ictimai, eləcə də sosial-iqtisadi problemlərin hardan və kimlərdən qaynaqlandığını bilir. Əslində heç kimə sirr deyil ki, Azərbaycan iqtisadiyyatının inkişafını ləngidən və dövlətin imkanlarını öz yararlarına istifadə edən böyük bir məmur ordusu var. Hansı ki, bu məmurlar 15-20 ildir ki, vəzifədədir. Bəziləri isə 30 ildən artıqdır, hətta hələ sovet dönəmindən Prezidentin sözü ilə desək, bu xalqın “qanını sorurlar”. Əgər başladılan bu islahatlar yenə də “qan soranların” xeyrinə olacaqdısa, yenə də onlar islahatların “qaymağını” yeyənlər olacaqdısa, islahatlara qarşı olanlar islahatların “bəhrəsini” görəcəkdisə, onda buna islahat deməyin mənası belə yoxdur. Yəni bu xalq üçün, hər gün məmur istismarını və həmçinin, məmur biznesinin istismarını öz üzərində hiss edənlər üçün, bir şeylər dəyişməlidir. İslahatlar da bunun üçün olmalıdır. Ədaləti bərpa etmək və məmur özbaşınalığından doğan köhnə sistemi yeni sitemlə əvəzləmək – İslahatların mahiyyəti buna dayanmalıdır. İslahatlar bu istiqamətdə davam etməlidir.

Çox sevindirici haldır ki, ölkə Prezidenti də vəziyyəti olduğu kimi görür və Mikayıl Cabbarova verdiyi tapşırıqlarda da bu açıq-aydın göründü. Yəni Prezident İlham Əliyev Mikayıl Cabbarovdan əzənin deyil, əzilənin, zalımın deyil, zülmə məruz qalanın, haqsızın deyil, haqlının, özbaşınalığın deyil, qanunun yanında olmasını istədi. Və böyük ehtimalla da bundan sonra belə olacaq. Çünki Prezident İlham Əliyevin dünən ortaya qoyduğu qətiyyət deməyə əsas verir ki, bu belə olacaq.

O üzdən də demək olar ki, ölkə Prezidenti dünən doğrudan da, yeni bir dönəmin qapısını açdı. Və bu dönəmin adı da artıq post-neft dönəmi olmalıdır. Dövlətimizi, gələcəyimizi və rifahımızı yenidən inşa etmək üçün iqtisadi azadlığa ehtiyacımız var. Bu ehtiyac ödənilməlidir. Prezidentin Mikayıl Cabbarovun qarşısına qoyduğu ən önəmli vəzifələrdən biri də məhz bu idi.

Azərbaycanın ən böyük problemlərindən biri illərdir davam edən miqyassız korrupsiyadır. Bunu illərdir deyirik. Korrupsiyanı yaradan isə məmur və məmur biznesidir. Azərbaycanda korrupsiyanı böyüdən birinci faktor məmur biznesidir. Azərbaycanda iqtisadiyyatın inkişafına mane olan birinci faktor da məmur biznesidir. Azərbaycanda islahatların qarşısana sipər olan birinci faktor da məmur biznesidir. Məmur biznesi Azərbaycanda ədaləti, bərabərliyi yox edir, rəqabəti ortadan qaldırır və kölgə iqtisadiyyatını çiçəklənidirir. Məmur biznesi dövlət büdcəsini talayır və dölətin inkişafa yönəltdiyi maliyyəni məmurun öz cibinə yönəldir.

Azərbaycanda qeyri-neft sektorunu inkişaf etməyə qoymayan da məmur biznesidir. Çünki qeyri-neft sektoru inkişaf edərsə, o zaman təbii olaraq ortaya bir rəqabət çıxacaq və bu rəqabət məmur biznesinin monopoliyasının “qatili” olacaq.

Bu gün Azərbaycanda biznes yaratmaq çox asandır. Amma biznesi inkişaf etdirmək mümkün deyil. Məmur biznesi olmadan, ya da bir məmurun himayəsinə daxil olmadan və o məmurun qara işlərini çevirmədən kimsənin biznesdə uğur qazanması mümkünsüzdür. İnanırıq ki, Mikayıl Cabbarov Prezident tərəfindən ona verilən bu tapşırıqları layiqincə yerinə yetirəcək və Prezidentin də dediyi kimi məmur biznesini kökündən qazıyacaq addımlar atacaq. Qeyd edim ki, bunun üçün İqtisadiyyat Nazirliyinin hələ köhnə strukturunun kifayət qədər imkanları var. İndi isə daha geniş səlahiyyətlərlə Mikayıl Cabbarov bu işin öhdəsindən gəlmək zorundadır. Bu artıq onun məsuliyyətidir.

Azərbaycanda post-neft dövrünə keçid etmək üçün bu gün bütün imkanlar var. Sadəcə, bu imkanlar səfərbər olunmalı və ən önəmlisi iqtisadi azadlıq məmur əsarətindən qurtarılmalıdır. Bunun üçün Azərbaycanın iqtisadi göstəriciləri də kifayət qədər nikbin danışmağa imkan verir. Statistikaya görə, təkcə bu ilin yanvar-sentyabr ayları ərzində ölkədə qeyri-neft sənayesində 15 faizdən çox artım qeydə alınıb. Bəs iqtisadi azadlıq və biznes məmur istismarından azad olsaydı, bu artım neçə faiz olardı? Çox olardı, həm də lap çox.

İslatatlara mane olan problemlərin ortadan qalxması təkcə daxili problem deyil. Bu həm də bizim xarici siyasətimizin effektli olmasına mane olan əsas faktordur. Azərbaycanın xarici siyasətini kütləşdirən daxili siyasətdə olan məhdudiyyətlərdir və bu məhdudiyyətlərin biri də məmurların daxili bazarı istədiyi kimi idarə etmələridir. Məhz bu üzdən Azərbaycana qeyri-neft sektoruna sərmayələr qonşularımıza nisbətən çox məhdud qoyulur. İqtisadi azadlıq olarsa, və Prezidentin dediyi kimi, biznes ancaq vergi ödəyərsə, o zaman ölkəyə gələn sərmayə də birə on artar. Üstəlik, ödənilən vergidən həm dövlət, həm də xalq qazanar. Xalqın sosial rifahı yüksələr. Amma hazırda ancaq kölgə iqtisadiyyatını idarə edən məmurların rifahı yüksəlir və bu da danılmaz faktdır.

Azərbaycanda aparılan iqtisadi islahatlar Azərbaycan xalqının sifarişi olduğu kimi, həm Qərb, həm də Şərqin Azərbaycan hakimiyyətindən istəkləri arasında yer alır. Bu, Azərbaycanın yeni, tamamilə sağlam bir sferaya daxil olması anlamına gəlir və bunu istəməyən ancaq Ermənistan kimi düşmənimiz ola bilər.

Bütün hallarda islahatlar Azərbaycanın bu günü, eləcə də gələcəyi üçün çox önəmlidir və hamılıqla Prezident İlham Əliyevin qətiyyətli addımlarına dəstək verməliyik ki, inkişaf edən dünyanın bir parçası ola bilək.

Azər Qaramanlı

www.yenicag.az

3820
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv