Prezidentin Laçın MÜJDƏSİ: İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi davamı – TƏHLİL

Azərbaycannın 44 günlük Vətən müharibəsində qazandığı böyük Zəfərdən sonra təqribən iyirmi bir ay səbirsizliklə gözlədiyimiz an, nəhayət, yetişdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdışımızı, həmçinin Zabux və Sus kəndlərinin də nəzarətə götürülməsini xalqa qürurla müjdələdi.

Sosial şəbəkələrin Azərbaycan seqmentinə nəzər saldıqda da 26 avqust tarixinin məhz “Laçın Günü” olduğuna şübhə yeri qalmır. Azərbaycanlı istifadəçilərin əksəriyyətinin profilini dövlət başçısının “Twitter”dəki paylaşımının skrini və korpus komandirinin Laçından Müzəffər Ali Baş Komandana məruzəsinin videosu bəzəyir. Doğrudan da, fəxr ediləsi bir mənzərə və ona uyğun ictimai ovqat yaranıb.

Ancaq müharibənin yekunlaşdığını rəsmiləşdirən üçtərəfli bəyanatın imzalanmasından sonra bir çoxlarının ərazi bütövlüyümüzün bərpasını şübhə altına almağa yönəlik iddiaları da yada düşür. O fikirdə olanlar, yaxud elə görünməyə çalışanlar Qarabağa Rusiya qoşunlarının yerləşdirilməsini əzəli torpaqlarımızın birdəfəlik itirilməsi kimi qələmə verməyə, ictimai rəyi bu mövqeyə kökləməyə çalışırdılar.

Buna baxmayaraq, Kəlbəcər və Ağdam rayonları bir güllə atılmadan boşaldıldı, Laçın rayonunun mütləq hissəsi yenə eyni qayda ilə ermənilərdən təmizləndi. Nəticə daha necə olmalıdır? Müharibəyə əl atmadan düşməni zəbt etdiyi torpaqlardan çıxarmağa kimin nə sözü ola bilər? Az qala çoxlarının görmək ümidlərini itirdiyi torpaqlarımız artıq Dövlətimizin və Ordumuzun nəzarətindəir.

2022-ci il avqustun 26-da isə Laçın şəhəri qoparıldığı bütövə – Azərbaycana qovuşdu. Son 3-4 həftədə baş verənləri yada salaq. Laçında, Zabuxda, Susda qanunsuz məskunlaşan ermənilər o ərazilərdən çıxmayacaqlarını, “lazım gələrsə, döyüşəcəklərini” deyirdilər? Nə oldu bəs? Heç nə! Artıq gücünü bildikləri “Dəmir yumruq” xofu qarşısında şələ-külələrini toplayıb qaçmaqdan başqa nə edəcəkdilər ki?

Bütün bunlar, əlbəttə, çox qürurverici, Dövlətin gücünü və iradəsini növbəti dəfə dünyaya nümayiş etdirən gedişatdır. Lakin unutmayaq ki, heç nə elə-baş vermir. Bu gün Laçın şəhərinin 30 illik işğal dönəmindən sonra yenidən ölkəmizin nəzarətinə keçməsi Azərbaycan Prezidenti İlham Əliyevin saniyəsinə və nöqtəsinə qədər dəqiqliklə hesabladığı siyasətin məntiqi sonluğudur.

Xatırlayırsınızsa, dövlət başçısı müharibədən sonrakı çıxışlarının birində populistlərin yersiz tənqidlərinə cavab olaraq nəyi, necə və nə vaxt etmək lazım gəldiyini hər kəsdən yaxşı bildiyini bəyan etmişdi. Bu gün Laçında Azərbaycan bayrağının dalğalanması bu özgüvən dolu bəyanatın heçdən verilmədiyini təsdiqlədi.

Baxın üçtərəfli bəyanatda Laçın dəhlizinə alternativ yolun 3 il ərzində çəkilməsi, Laçın şəhərinin də məhz o vaxt boşaldılması nəzərdə tutulmuşdu. Azərbaycan Prezidenti isə alternativ yolun çəkilişini 1 il tez tamamlamaqla Ermənistanı fakt qarşısında qoymaqla kifayətlənmədi, İrəvanı məcburetmə siyasəti ilə bəyanatdakı həmin müddəanın icrasını da 1 il tezləşdirdi.

Laçının strateji əhəmiyyətini uzun-uzadı izah etməyə ehtiyac yoxdur. Çünki Azərbaycanın digər rayonlarının işğalında məhz bu son dərəcə mühüm ərazinin itirilməsi həlledici rol oynadı. Laçının işğalı Qarabağdakı separatçı rejimin “anklav” vəziyyətindən çıxmasına, birbaşa təchizat yolunun açılmasına, nəticə etibarilə işğalçıların toparlanmasına və güc yığmalarına səbəb olmuşdu.

Ancaq Azərbaycan 30 illik arzuolunmaz gedişatı dayandırdı və hərbi-siyasi gücü ilə Laçın üzərində nəzarəti bərpa etdi, üçrəngli bayrağımızın laçınlar yurdunda yenidən dalğalanması üçün bütün maneələri aradan qaldırdı. Laçının boşaldılması ilə gözləntilərimizin ünvanı və miqyası da dəyişdi. İnşallah, növbəti ümummilli coşqumuz bayrağımızın Xocalı, Ağdərə, Xocavənd, Əsgəran və Xankəndidə də dalğalandığı gün olacaq…

Biz Ali Baş Komandanımızın “Mən nəyi nə zaman harada edəcəyimi yaxşı bilirəm” sözündəki qətiyyətə inanırıq. Bilirik ki, İlham Əliyev bizim bu arzularımızı da çin edəcək.

“Yeni Çağ” Analitik Qrupu