“Namizədlərin verdikləri mesajların əksəriyyəti nəinki seçiciyə yetişmir, hətta gülüş mənbəyinə çevrilir”.
Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov Yenicag.az-a müsahibəsində “11 aprel – növbədənkənar prezident seçkiləri”nin gedişini fərqli aspektdən dəyərləndirib.
– Artıq son həftəyə daxil olan seçki prosesinin gedişini necə qiymətləndirirsiz?
– Ümumi şəkildə desək, proses normal keçir. Ölkədə sabitlikdir və seçki kampaniyası da öz axarında davam edir. Prosesdə hər hansı gərginlik yaranmayıb və bildiyimə görə, gedişatla bağlı ciddi şikayətlər də yoxdur. O nöqteyi-nəzərdən, hesab etmək olar ki, stabil seçki prosesi gedir.
– Bu seçkilərdə siyasi texnologiyaların tətbiqi baxımından heç bir yenilik müşahidə olunmur…
– Bəli, sizinlə razıyam ki, prosesdə hansısa mühüm bir yenilik haqqında danışmaq üçün əsas yoxdur. Belə çıxır ki, nəzərdə tutduğunuz texnologiyaların tətbiqinə tələbat yoxdur. Bu səbəbdən də ölkədə siyasi texnologiyalar inkişaf etmir, yetərli sayda kadrlar yoxdur, namizədlər də mütəxəssislərə müraciət etmirlər. Bunun səbəblərini araşdırıb, qəti nəticəyə gəlmək üçün uzun müddət lazımdır. Ancaq fakt budur ki, seçki kampaniyasında ciddi siyasi texnologiyalardan istifadə olunmadı.
– Rəhbəri olduğunuz mərkəz Azərbaycanda ilk PR qurumlarından biridir. Prezidentliyə namizədlərdən sizə də heç bir müraciət daxil olmayıb?
– Xeyr, olmayıb.
– Belə görünür ki, namizədlər seçki kampaniyasına heç pul xərcləmirlər…
– Onlar “dədə-baba” qaydası ilə kampaniya keçirirlər. Sadə dillə desək, daha çox “qapıdan- qapıya” seçki texnologiyasından istifadəyə üstünlük verərək, seçicilərlə birbaşa görüşlər təşkil edirlər və sair. Lakin namizədlər tərəfindən sistemli seçki kampaniyasının aparıldığını söyləmək mümkün deyil.
– Belə yeknəsək bir seçki prosesi seçicilər üçün nə qədər maraqlıdır?
– Qeyd edim ki, ölkədə hamının seçkilərdən xəbəri var. Mərkəzi Seçki Komissiyası bununla bağlı əhalinin məlumatlandırılmasında fəallıq göstərir. Ölkənin bütün yaşayış məntəqələrində seçkiləri xatırladan plakatlar yerləşdirilib, seçicilər aprelin 11-də seçki olacağını bilirlər, səsverməyə də gedəcəklər. Mən də razıyam ki, namizədlərin seçki kampaniyası daha maraqlı olsaydı, elektoratın seçkiyə marağı daha da artardı.
– Yəqin namizədlərin teledebatlarını izləyirsiz…
– İmkan olduqca, izləyirəm.
– O çıxışlarda seçicilərə ünvanlanan mesajlarda orijinallıq varmı və yerinə düşürmü?
– Namizədlərin indi verdikləri mesajların yerinə düşməsi və ya hədəfə çatması üçün onlar vaxtında ölkədə geniş tədqiqat aparmalı, konkret istiqamətlər üzrə sosioloji sorğular keçirtməliydilər. Beləcə, ölkə vətəndaşlarını daha çox hansı məsələlərin düşündürdüyünü, hansı problemlərin narahat etdiyini müəyyənləşdirməliydilər. Amma namizədlər seçki texnoloqları ilə işləmirlərsə, deməli, belə sorğular da keçirilməyib. Ona görə də belə başa düşmək olar ki, namizədlərin seçicilərə ünvanladıqları mesajlar daha çox intuitiv xarakter daşıyır…
-Çıxış anında nəyi lazım bilsələr, o haqda da danışırlar…
– Yəni ehtimal edirlər ki, ola bilsin, seçicilərə bu və ya digər məsələ maraqlıdır, o barədə danışmağa çalışırlar. Təkrar edirəm, sistemli araşdırma aparılmadığına görə namizədlərin verdikləri mesajların əksəriyyəti nəinki elektorata yetişmir, hətta gülüş mənbəyinə çevrilir.
– Siyasi texnologiyalara belə münasibət ölkədə PR institutunun gələcəyinə necə təsir göstərir?
– Burada mən də daxil olmaqla, hər şey PR mütəxəssislərinin özlərindən asılıdır. Fikrimcə, biz daha fəal olmalıyıq, cəmiyyətə PR-ı daha yaxşı tanıtmalı, onun əhəmiyyətini düzgün izah etməliyik. Təəssüf ki, bunu hələ edə bilməmişik – bu, bizim nöqsanımız sayılmalıdır. Ümid edək ki, gələcəkdə bu məsələlər öz yerini tutacaq.
A. Zeynalov
www.yenicag.az