Qəza sayını artıran avtobus zolaqları: "Son anda sərt manevrlə toqquşma riski yüksək olur"
“Qış aylarında nisbətən təcrübəsiz sürücülər manevr hərəkətlərinə daha çox diqqət etməlidirlər”.
Bunu qış aylarında sürücülərin diqqət etməli olduğu məslələrdən danışan nəqliyyat eksperti Elməddin Muradlı Yenicag.az-a açıqlamasında deyib.
Eş Muradlı sürücülərin qış aylarında sürücülər avtomobillərini qışa hazırlıq vəziyyətinə gətirməli olduqlaırnı bildirib:
“Müəyyən texniki qulluqlar göstərilməli, müəyyən addımlar atılmalıdır. Ən vacib məsələ qış təkərlərindən istifadə etməkdir. Bir çox ölkələrdə bundan rəsmi qaydada istifadə olunur. Bəzi dövlətlərin rəsmi tələbi var ki, qış aylarında hər kəs öz maşınını qış təkərləri ilə təchiz etməlidir. Bizdə bunu sadəcə tövsiyə kimi edirlər. Bəzən protektorlar ölçülür, uyğundursa, məsələ həll olunmuş sayılır. Bir çox ölkələrdə mövsümə uyğun təkərlərin quraşdırılması qanunun tələbi kimi ortaya qoyulur”.
Ekspert avtobus zolaqları çəkiləndən sonra çox sayda qəza olduğuna diqqət çəkib:
“Yağışlı, qarlı havalarda təcrübəsiz sürücülər yola çıxıb istədikləri sürətlə sürürlər, hava şəraitini dəyərləndirmirlər. Qanuna görə hər bir sürücü yol və hava şəraitini mütləq nəzərə almalı, dəyərləndirməlidir, ona uyğun hərəkət sürəti seçməlidir ki, manevr edərkən ona uyğun davransın. Belə məsələlərə sürücülər mütləq əməl etməlidir. Əks halda, qəza riski qaçılmazdır.
Avtobus zolaqlarında, adətən, qəza riski var. Yola girib sağa-sola dönmək istəyən sürücülər qəza riski ilə üzləşirlər. Qırıq-qırıq xətt verilmir ki, sürücü zolağa vaxtında girsin və avtobus zolağının özündən dönsün. Bəziləri ikinci cərgədən sağa baxmadan birbaşa dönürlər. Doğrudur, qanun deyir ki, sürücü mütləq sağdan düzünə gedəni buraxmalıdır, amma bəziləri buraxmır. Ona görə də avtobus zolaqları çəkiləndən sonra çox sayda qəzalar olur. Nə qədər avtobuslar əzilib, çox sayda vətəndaşa ziyan dəyib. Düşünürəm ki, bunu həll etmək lazımdır. Yol ayrıcına təxminən 20 metr qalmış nəqliyyat vasitələri avtobus zolağına daxil ola bilməlidir ki, sağ zolaqdan sağa dönə bilsin. Əks halda, son anda sərt manevrlə toqquşma riski yüksək olur”.
Nurlan Cəfəri












