İyunun 24-də Rusiyada baş verən hadisə ortaya bir sıra suallar çıxarıb və bu olayın baş verməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Hadisənin əsl səbəbi isə bilinmir və müəmmalıdır.
Yenicag.az xəbər verir ki, iyunun 24-də yayılan xəbərlərdə “Vaqner”hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojinin Rusiya ordusuna qarşı hərbi qiyama başladığı və bu ölkənin müəyyən ərazilərini nəzarət altına aldığı bildirilib.
Y.Priqojin bu addımını Rusiya hərbçilərinin Ukraynadakı “Vaqner” qoşunlarına ölümcül raket zərbəsi endirməsi ilə əsaslandırıb. Rusiya Müdafiə Nazirliyi bunu təkzib etsə də, “Vaqner” muzdluları bu ölkənin hərbi rəhbərliyini devirmək üçün sona qədər gedəcəyini bəyan edib. Rusiya Prezidenti Vladimir Putin isə televiziya ilə xalqa müraciət edərək “Vaqner”i qiyamda və xəyanətdə günahlandırıb. V.Putin qiyamda iştirak edənlərin cəzalandırılacağını deyib. O, eyni zamanda müraciətində böhranın öhdəsindən gəldiyini bildirib.
V.Putin Rusiyanı müdafiə edəcəyinə söz verərək, böhranla mübarizə üçün bütün lazımi göstərişlərin verildiyini də vurğulayıb. Rusiya Prezidenti “Vaqner”in hərəkətlərini “arxadan vurulan zərbə” adlandırıb və vəziyyəti 1917-ci ilin oktyabrı ilə müqayisə edib. Rusiya hakimiyyətinin digər nümayəndələri də muzdlu qruplaşmanın rəhbərini hərbi qiyamda ittiham edib, qiyam iştirakçılarını silahı yerə qoymağa çağırıb. Ölkənin bəzi yerlərində hərbi vəziyyət rejimi elan olunub. Lakin “Vaqner” qrupunun lideri ittihamları rədd edib və başladığı işlə bağlı sonadək gedəcəyini deyib. O,hakimiyyəti korrupsiyada ittiham edib. Buna baxmayaraq, günün sonuna yaxın yayılan məlumatlarda Belarus Prezidenti Aleksandr Lukoşenkonun Y.Priqojinlə danışıqlar apardığı və “Vaqner”in qan tökməmək üçün geri çəkildiyi bildirilib.
Sadalananlar hadisənin görünən tərəfini təşkil edir. Hadisənin baş vermə və Y.Priqojinin geri çəkilməsəbəbləri, eləcə də digər məsələlər isə hamı üçün maraqlı olsa da, qaranlıq qalır.
Amerika Birləşmiş Ştatlarında dərc edilən “New York Times” və “Washington Post” qəzetləri yazıb ki, ABŞ Rusiyada hazırlanan qiyam barədə əvvəlcədən məlumatlı olub. Həmçinin Priqojinin hazırlıqları barədə Rusiya Prezidenti də ən azı bir sutka əvvəldən məlumatı olub. Lakin Putinin bunları bilə-bilə heç bir addım atmaması naməlum qalır. Qəzetlərin yazdığına görə, ABŞ kəşfiyyatı da Y.Priqojinin planları barədə iyunun ortalarından xəbər tutmağa başlayıb, lakin onun mahiyyəti və ya dəqiq vaxtı barədə məlumat olmayıb.BBC-nin məlumatına görə, ABŞ Müharibə Araşdırmaları İnstitutu da daxil olmaqla, bir sıra təhlil mərkəzlərində qiyamın əvvəlcədən planlaşdırıldığını hesab edirlər.Təhlillərdə bildirilir ki, iyulun 1-dək könüllü birləşmələr Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı idi. Buisə Priqojinin siyasi və bəlkə də şəxsi gələcəyi üçün təhlükə kimi qəbul edilə bilərdi. Buna görə də, o, “Vaqner”in müstəqil qüvvə kimi qalmasının yeganə yolunu Müdafiə Nazirliyinə qarşı çıxmaqda görüb. Belə ki, Y.Priqojin bu hadisədən əvvəl Rusiya müdafiə nazirinin, Baş qərargah rəisinin və bir sıra generalların vəzifədən uzaqlaşdırılmasını tələb edib. Lakin V.Putin tələblərə ciddi reaksiya verməyib və bu, qiyamlanəticələnib. Rusiya Prezidentinin xalqa müraciətində baş verənləri “bir qrup şəxsin dövlətə qarşı cinayət əməli” və “dövləti arxadan xəncərləmək” adlandırması Putinin Priqojinə onu dəstəkləmədiyinin mesajı olub. Priqojinin buna “Putin səhv tərəfi seçdi və biz Moskvaya doğru hərəkəti davam edəcəyik” cavabını verməsi isə onu göstərib ki, baş verənlər daxildəki güc dinamiklərinin toqquşmasıdır. Siyasi ambisiayları olduğu üçün Y.Priqojin Rusiya siyasətində daha böyük rol oynamaq istəyib.
Səsləndirilən digər fikirlərdə isə bildirilir ki, Priqojin bu hadisələri Qərb ölkələri, xüsusilə də ABŞ ilə əlbir törədib. Lakin hələlik buna dair sübutlar göstərilmir. Əksinə İtaliyanın “La Repubblica” nəşrinin məlumatına görə, Y.Priqojinin hərbi qiyama cəhdindən sonra NATO Rusiya Müdafiə Nazirliyi ilə əlaqə saxlayıb. Rusiyada baş verənlərdən sonra NATO-nun diqqəti ölkədə dərhal istifadəyə hazır 1400-dən çox nüvə başlığına yönəlib.Qərb həm də dərhal üsyançıların cəsarət etdiyi hərəkətlərdə Qərbin heç bir rolunun olmadığını açıqlamaq istəyib.
İctimaiyyət arasında bu hadisələrin planlaşdırılmışşəkildə həyata keçirilməsinə dair fərziyələr də dolaşmaqdadır. Səsləndirilən fikirlərə əsasən, məqsəddünyaya Rusiyanın möhkəm olduğunu və xalqın V.Putinin ətrafında sıx birləşdiyini bir daha nümayiş etdirmək, eyni zamanda da Ukraynada aparılan müharibəyə etiraz edə biləcək daxili qüvvələrin “gözünü qorxudaraq” mümkün gələcək səfərbərliklərə zəmin yaratmaq və Ukraynada qələbəyə nail olmaqdır. Bu isə Rusiyanın dünyada nüfuzunun artmasına səbəb olacaq və gələcək planların həyata keçirilməsini asanlaşdıracaq.
Müxtəlif versiyalara baxmayaraq, hələlik hadisənin baş verməsinin səbəblərinə dair sübuta yetirilmiş faktlar ictimaiyyətə təqdim olunmayıb. Əlbəttə ki, zaman keçdikcə Rusiyada iyunun 24-də baş verən hadisənin səbələri və nəticələri bəlli olacaq. Bu gün üçün məlum olan isə odur ki, Y.Priqojinin harada olması barədə məlumat verilmir. Rusiyanın dövlət mediası onun Belarusa gedəcəyinə dair məlumat yayıb. Priqojinə və döyüşçülərinə qarşı ittihamların da ləğv ediləcəyi deyilir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “Vaqner” muzdluları istəsələr Müdafiə Nazirliyinə qoşula bilərlər.
Qeyd olunanlardan çıxış edərək hələlik demək olar ki, yəqin ki, Y.Priqojin artıq tez-tez sosial şəbəklər vasitəsilə çıxış edərək Rusiyanın müdafiə nazirinin və Baş qərargah rəisinin ünvanına xoşagəlməz ifadələr işlətməyəcək. “Vaqner” hərbi birləşməsinin adı isə tədricən tarixə qovuşacaq.
Qeyd edək ki, Y.Priqojinin əvvəllər V.Putinlə yaxın əlaqələrinin olduğu bildirilir. O, hətta “Putinin aşpazı” adı ilə tanınır.
www.yenicag.az