!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Proseslər güzəşt HƏDDİNDƏ: Sülhməramlılar komendantlığa transformasiya olunur? - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Danışıqlara, masalara baxanda açıq şəkildə görürük ki, Ermənistan-Azərbaycan münasibətləri və Qarabağ problemi bir-birindən ayrılıb. Ona görə də biz də bu problemi ayrı-ayrılıqda təhlil etməliyik.

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün müxtəlif ölkələr cəhd edir. Təbii ki, öz maraqları daxilində. Hər kəs divident qazanmaq üçün çabalayır. Çünki məlum dəhliz məsələsi yeni bazarlar, yeni qazanclar gətirəcək. Köhnə qazanc yollarına isə çomaq soxacaq. Ona görə də köhnə yolların ağaları yeni yoldan pay istəyir.

Faktiki olaraq Qarabağ Azərbaycanın daxilindəki problemdir. Çünki Azərbaycan ordusu Qarabağdakı qeyri-qanuni silahlıları tam mühasirədə saxlayıb. Azərbaycanda nədənsə bu sözü deyəndə bəziləri qorxurlar. Elə bilirlər ki, reallığı deyəndə ermənilərin əlinə “kozır” verəcəklər. Belə deyilsə, rəsmi Bakı niyə hər fürsətdə “Qarabağ daxili məsələmizdir” deyir? Sizin qorxaq olmağınız reallığı dəyişdirmir.

Qarabağ daxili məsələdir, ancaq həm də Rusiyanın və Ermənistanın məsələsidir. Niyə? Çünki daxilimizdə sülhməramlı adı altında rus ordusu və sayı qeyri-müəyyən olan ermənilər var. Ermənilərin olması da Ermənistanı maraqlandırır. Niyə? Biz necə İranda yaşayan soydaşlarımızın haqqı və hüququ barədə danışırıqsa, onlar da özündə bu hüququ görürlər. Qərəz, reallıqlara göz yummaqla, pafoslu çıxışlarla problem həll etmək olmur, olmaz.

Qarabağla bağlı Rusiya, Azərbaycan və Ermənistan üçlüsündə ən ciddiyə alınacaq tərəf Rusiyadır. Azərbaycanlılar mövzusunda İran Azərbaycanı nə qədər ciddiyə alırsa, Azərbaycan da erməni mövzusunda Ermənistanı o qədər ciddiyə almalıdır.

Gələk Rusiyaya.

Rusiyanın əlini digər ölkələrə baxmış güclü edən sahədə olmasıdır. Digər ölkələr dediyim də ABŞ, Fransa, ümumilikdə Avropa İttifaqıdır. Çünki regionda marağı olan ölkələrin heç biri Rusiya qədər sahədə güclü sayılmır. Rusiyanın həm Ermənistanda, həm Azərbaycanda ordusu mövcuddur. Bu, rəsmi Moskvanı əsas oyunçu edir. Azərbaycan istər Ermənistanla, istərsə də Qarabağda maraqlarının təmin olunması üçün Rusiya ilə uzlaşmaya gedə bilər. Misal üçün, Rusiya Zəngəzur dəhlizinin açılmasını təmin edərsə, rəsmi Bakı Rusiyanın Qarabağda qalmasına güzəştə gedə bilər. Bu, sülhməramlı yox, komendant sistemi ola bilər. Maraqlar uzlaşmadan problemin həll olacağını gözləmək məntiqsiz olardı. Azərbaycanlıların nə istəməsindən asılı olmayaraq, Qarabağda, ehtimal ki, müəyyən sayda erməni əhalisi qalacaq. Birdən-birə Bakının ora daxil olması və idarəçiliyi təkbaşına əlinə alması çətin görünür. Buna görə də kənar qüvvənin Qarabağda olması gözləniləndir. Bu qüvvənin də Rusiya olacağı daha realdır. Əslində, Rusiyanın olması həm də sərfəlidir. Niyə? Ən yaxşı düşmən tanıdığın düşməndir. Üstəgəl, sahədə ruslara rüşvətlə hər şeyi etdirmək mümkündür. Biz bunu ötən iki il yarımda da gördük. Detallara indiki məqamda gərək yoxdur.

Rəsmi Bakı qeyri-qanuni silahlıların ərazidən çıxarılması üçün qan yox, mülkiləşdirmə siyasətinə daha çox üstünlük verir. Əslində, məntiqli olan tərəfi də budur. Antiterror, məcburetmə əməliyyatları onsuz da daim masadadır. Əgər qansız həll ola bilirsə, ağrımaz başı ağrıtmağa da gərək yoxdur. Qarabağdakı bütün silahlıları terrorçu kimi damğalamaq da olmaz. Bu həm də məntiqsizdir. 18 yaşı tamam olub çağırışla orduya gedən cinayətkar sayıla bilməz. Rəsmi Bakı əgər qansız şəkildə prosesə nail olsa, həmin şəxslərin əfv ediləcəyi realdır. Yeri gəlmişkən, bu məsələnin olma ehtialını bir neçə həftə öncə hərbi ekspert Tərlan Eyvazovla işləmişdik. Prezident İlham Əliyev də bu ehtimalların olmasını dilə gətirdi. Tarixdə bu halların çoxlu sayda analogiyası mövcuddur. Bunun Azərbaycan tarixində də örnəkləri var. Cümhuriyyət dövründə də bu hal yaşanmışdı. Zamanında eks-prezident Əbülfəz Elçibəy də belə bir addım atmışdı. Rusiya Çeçenistan müharibəsi də örnəklərdən biridir. Dövlət idarəçiliyi bunu tələb edir. Pafos, boşboğazlıq həll yolu deyil.

Nəzərə almaq lazımdır ki, Qarabağda bir diviziyalıq silahlı var. Onlar təkcə atıcı silahlarla silahlanmayıblar. Məsələn, Qarabağdakı silahlıların kifayət qədər topu, minaatanı mövcuddur. Təsəvvür edin, total əməliyyatlara start verilir və o toplar bir neçə dəqiqəyə açılır. Nə baş verəcək? Mütləq şəkildə Laçın, Şuşa, Tərtər zərbələr alacaq. Bəziləri hətta çıxıb camaatın başının altına yastıq qoyurlar ki, bəs, müharibədən sonrakı əməliyyatlarda itki verməmişik, ona görə də total əməliyyatlar baş versə, yenə itki olmayacaq. Yalançını mənzilinə kimi qovaq. Sentyabr ayındakı sərhəd toqquşmasında verilən itki deyildi? Yoxsa “UAZ əməliyyatı”ndakı itki deyildi? Təkcə ötən ay 4 şəhid verilib. Dəxli yoxdur, son 4 şəhid əməliyyatlarda olub, yoxsa mövqe döyüşündə, əsas odur, olub. Əgər qarşı tərəfin əlində silah varsa və sən ona güllə atanda o sənə gül atmayacaq. Ona görə də rəsmi Bakı mülkiləşdirmə, qansız həll etmə yolunu tutmaqda daha maraqlı görünür.

Bunu da yazmasam, olmaz. Bir müddətdir ki, Azərbaycan mediasını məşğul edən məsələlərdən biri də rusların ermənilərə hələ də silah daşımasıdır. Bir video ortaya atılıb və idda edilir ki, ruslar yenə silah daşıyır. Sual yaranır: silah haradan daşınır? Ermənistandan gətirilir, yoxsa daxildə hansısa kənddən hansısa kəndə aparılır? Bunu o adamlar iddia edirlər ki, həm Azərbaycanın sərhəd-buraxılış məntəqəsi qoymaqla bütün məsələni həll etdiyini, həm də silah daşındığını deyirlər. Bu adamların məntiqi ilə sərhəd-buraxılış məntəqəsi müqəvvadır. Bu adamlar həm deyir, uraaa, sərhədləri tam bərpa etdik, həm də deyirlər, silah daşınır. Bu iki bir-birinə zidd fikirin hansı gerçəkdir? Mütləq şəkildə biri yalandır. Özləri cavab versinlər.

Azərbaycan ictimaiyyətini erməni informasiya maşınından daha çox, özünü ciddi sayan qeyri-ciddi adamların sərsəmləmələri çaş-baş salır. Bunda əsas günah da özünü ciddi sayan media qurumlarının belələrinə yer verməsidir.

www.yenicag.az

1062
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv