!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin-Tramp-Zelenski üçbucağında NÖVBƏTİ MƏRHƏLƏ: “Barış masasını qura biləcək yeganə ölkə Türkiyədir”

!Reklam – Yazi

“2014-cü ildən bəri davam edən gərginlik və toqquşmalar, xüsusilə də son üç ildə daha da şiddətlənən Rusiya-Ukrayna münaqişəsi Tramp və Putinin 1,5 saatlıq telefon danışığından sonra yenidən dünya gündəminin mərkəzinə çevrildi”.

Bunu Yenicag.az-la söhbətində Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

Analitik ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə baş tutan telefon danışığından sonra səsləndirdiyi fikirlərə, habelə üçüncü ildönümü yaxınlaşan Ukrayna müharibəsinin yekunlaşmasına dair ortaya atılan iddialara münasibət bildirib.

H. Oktay diqqətə çatdırıb ki, Putin əvvəlcə Bayden administrasiyası dövründə, cəmi bir ay ərzində Ukraynanı tamamilə nəzarətə götürməyi, Zelenskini hakimiyyətdən uzaqlaşdıraraq, özünə yaxın bir iqtidarla irəliləməyi planlaşdırırdı:

“Lakin NATO və Avropa İttifaqının qeyri-rəsmi dəstəyi sayəsində Ukrayna gözləniləndən daha güclü müqavimət göstərdi. Bununla belə, Rusiya Ukraynanın şərq hissələrini işğal etməyə müvəffəq oldu və Qara dənizlə Ukrayna arasında əlaqəni tamamilə kəsmək üçün hərbi əməliyyatlara başladı. Ancaq Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar və sərt bəyanatlar bu planın qarşısını aldı”.

Professorun qənaətinə görə, ABŞ-də prezident seçkiləri yaxınlaşdıqca, Tramp hakimiyyətə gəldiyi halda müharibəni dərhal dayandıracağını vəd etmişdi:

“Ancaq seçilməsindən 3, inauqurasiyasından isə 1 ay keçməsinə baxmayaraq, hələ də ciddi bir addım atılmayıb. Digər tərəfdən, Ukrayna Trampın hakimiyyətə gəlmə ehtimalını nəzərə alaraq, Rusiyanın sərhəd bölgələrinə ciddi hücumlar təşkil etdi. Beləliklə, İkinci Dünya müharibəsindən bəri ilk dəfə olaraq, Rusiya öz ərazilərində işğala məruz qaldı. Ukraynanın bu addımı gələcəkdə barış danışıqları zamanı torpaq dəyişikliyi əsasında razılığa gəlmək məqsədi daşıyır”.

KAFKASSAM sədri onu da əlavə edib ki, Trampın atəşkəs və sülh planının hansı şərtlərlə həyata keçiriləcəyi hələlik bəlli olmasa da, bir neçə ssenari müzakirə olunur:

“Ukraynada seçkilərin yaxınlaşması səbəbindən yeni bir hökumətin formalaşması və bu hökumətin Rusiya ilə sülh danışıqları aparması ehtimalı var. Digər bir variant isə Ukraynanın yeraltı sərvətlərini ABŞ-yə güzəştə gedərək ərazi bütövlüyünü təmin etməsi və Avropa İttifaqına üzv olmasıdır. Lakin bu, Putin üçün ciddi məğlubiyyət kimi qiymətləndiriləcəyi üçün Kremlin bu yanaşmaya isti baxması çətindir. Daha əvvəl Türkiyə İstanbulda Rusiya və Ukrayna arasında barış danışıqları üçün masa yaratmışdı. Lakin Putin bu müharibəni bir ay ərzində qazanacağına dair hərbi və kəşfiyyat qurumları tərəfindən inandırıldığı üçün sülh sazişi bağlanacağı təqdirdə, həmin şəxsləri cəzalandıra biləcəyi qorxusu səbəbindən danışıqlar uğursuz oldu”.

“Tramp hakimiyyətə gəldikdən sonra verdiyi bəyanatlar – Qəzza məsələsində HƏMAS-a qarşı mövqeyi, Kanada, Meksika və Cənubi Amerikaya dair yanaşmaları – onun siyasətinin uzunmüddətli perspektivdə sabit olmayacağını göstərir. Əslində, Tramp Yaxın Şərq və Ukrayna münaqişələrini həll edərək, Çinin iqtisadi yüksəlişini cilovlamağa yönəlməli idi. Ancaq, əksinə, o, daha çətin problemlərlə məşğul olaraq, ABŞ-ni gələcəkdə ciddi çətinliklərə sala bilər. Ukrayna böhranında barış masasını qura biləcək yeganə ölkə Türkiyədir. Çünki Türkiyə həm NATO üzvü kimi Qərb dünyasının bir parçasıdır, həm də Putinlə yaxşı münasibətləri qoruyub saxlayan azsaylı dövlətlərdən biridir. Bu səbəbdən, münaqişənin həllində Türkiyə mühüm rol oynaya bilər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

www.yenicag.az

102
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv