“Malayziya təyyarəsinin vurulması hadisəsi Ukrayna ərazisində baş vermişdir. Həmin təyyarə, faktiki olaraq, Rusiyanın dəstəklədiyi Donbasdakı separatçılar tərəfindən Rusiyanın hava hücumundan müdafiə sistemi ilə vurulub. Rusiya bu məsuliyyəti öz üzərinə götürməmək üçün hadisəni separatçıların üzərinə yükləmiş və məsuliyyətdən yayınmağa çalışmışdır.
Təyyarənin yüksəkdən uçması nəticəsində yerə düşərək tamamilə dağıldığı üçün hadisə ilə bağlı araşdırma və təbliğat prosesi uzun və mürəkkəb olmuşdur”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Oktay Qasımov deyib.
Analitik Rusiya prezidenti Vladimir Putinin ötən gün Prezident İlham Əliyevə dünənki zəngini və başsağlığı mesajını şərh edib.
O. Qasımova görə, hazırkı vəziyyətdə isə məsələ ilə bağlı açıq və konkret sübutlar mövcuddur:
“Qara qutu”nun təhlili və 29 sağ qalan şəxsin ifadələri məsələni daha da aydınlaşdırmışdır. Bu ifadələr hadisənin səbəblərini dəqiq göstərir. Rusiyanın bu məsələdəki prosedur pozuntuları və cavabdehlik məsələsi xüsusi diqqət çəkir. Hava hücumundan müdafiə sistemlərinin idarəçiliyində məsuliyyət daşıyan şəxslərdən biri Axmat Kadırovun yaxın qohumu olmuşdur. Bu şəxs hadisədən sonra mükafatlandırılmış, hətta sonradan Azərbaycan tərəfinə təkliflər etməyə çalışmışdır ki, bu da nə səviyyə, nə də etik baxımdan qəbul edilə bilərdi”.
Həmsöhbətimiz əmindir ki, hadisənin səbəbləri üç əsas istiqamətdə araşdırıla bilər:
1. Peşəkarlıq çatışmazlığı;
2. Məsuliyyətsizlik;
3. Qəsdən törədilmiş hərəkət.
Peşəkarlıq çatışmazlığı ehtimalı istisna edilir, çünki Rusiya hava hücumundan müdafiə sistemləri kifayət qədər təcrübəli və effektivdir. Lakin məsuliyyətsizlik və ya bilərəkdən törədilmiş hərəkət ehtimalı daha yüksəkdir. Səs yazıları və pilotlarla aparılan danışıqlar da göstərir ki, hadisənin qarşısı alınmaq üçün lazımi tədbirlər görülməmişdir”.
Siyasi təhlilçinin fikrincə, təyyarə yaxınlıqdakı hava limanlarına endirilə biləcəyi halda uzaq ərazilərə yönləndirilmiş və sonda dəniz üzərinə düşməsi təmin edilmişdir ki, bu da izləri itirmək məqsədi güdürdü:
“Rusiya tərəfi də bu məsələdə öz rolunu yaxşı bilir. Azərbaycanın mövqeyi birmənalıdır: törədilən cinayətlə bağlı günahkarlar müəyyən edilməli, cəzalandırılmalı və kompensasiya ödənilməlidir. Biz Rusiyanın strateji tərəfdaşı kimi hər zaman qarşılıqlı hörmət prinsiplərinə sadiq olmuşuq və eyni hörməti də özümüzə gözləyirik. Hazırda Azərbaycanın gözləntisi şəffaf və obyektiv istintaqın aparılması, məsələnin bütün tərəflərinin araşdırılması və günahkarların hüquqi məsuliyyətə cəlb edilməsidir. Əgər Rusiya bu istiqamətdə lazımi addımları atarsa, Azərbaycan tərəfi bunu tərəfdaşlıq münasibətlərinə uyğun bir yanaşma kimi qiymətləndirəcəkdir”.
Rafi Müslümov
www.yenicag.az