“Ekspert Mixail Aleksandrov belə fikir səsləndirməklə, Rusiyada güclü mövqeyə malik olan erməni lobbisinin xoşuna gəlmək istəyir”.
Bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin aparıcı eksperti, siyasi elmlər doktoru olan Mixail Aleksandrov “raket zərbələri ilə Azərbaycanın enerji sistemini bütünlüklə məhv etmək olar” bəyanatına münasibət bildirən Milli Məclisin deputatı Elman Nəsirov Yenicag.az-a açıqlamasında deyib.
Deputat bildirib ki, Mixail Putinin müəyyən etdiyi kursa ziddir.
“Bu fikiri səsləndirən özünü ekspert sayan şəxs reallıq hissini itirib. Belə fikir səsləndirməklə Rusiyada güclü mövqeyə malik olan erməni lobbisinin xoşuna gəlmək istəyir. Belə bəyanatlar əvəzində içi pulla dolu zərflər ala bilər. Ancaq atdığı bu addım vətəndaşı olduğu Rusiyanın milli dövlətçilik maraqlarına ziddir.
Fevralın 22-si Azərbaycanla Rusiya arasında müttəfiqlik müqaviləsi bağlanılıb. Belə bəyanat verən şəxs Rusiya-Azərbaycan münasibətləri hansı səviyyədə olduğunu dərk etmir?! Dünyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara Azərbaycanın qoşulmadığını bilmir? Belə görünür ki, həmin şəxs erməni maraqlarını ölkənin qlobal maraqlarından üstün tutur.
Doğrudanmı belə adamlar bu gün Rusiyanın ictimai fikrini formalaşdırır??? Buna inanmaq istəməzdim.
Belə anti-Azərbaycan, hədələyici bəyanat verən şəxslər, yəqin ki artan iştahını bunun müqabilində qarşılamaq istəyir. Zatulin vaxtilə anti-Azərbaycan mövqeyi, Rusiyanın milli maraqlarını satdığına görə Soçidə ermənilər tərəfindən deputat seçildi. Görünür, Mixail də deputat olmaq istəyir.
Mixail Putinin müəyyən etdiyi kursa ziddir. Rusiyanı təmsil edən şəxs Putin əlehinə fəaliyyət göstərir…”
Qeyd edək ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin aparıcı eksperti Mixail Aleksandrovun Azərbaycana qarşı təxribat xarakterli çıxışı əsassız şəkildə aqressivlik və açıq-aşkar qeyri-peşəkarlıq kimi qiymətləndirilərək ali təhsil ocağından qovulub.
Nəsimi Ələsgərli
www.yenicag.az