Putinin Türkiyə səfərində GÖZLƏNİLMƏZ DETALLAR – Moskva Ankaradan NƏ İSTƏYƏCƏK?

media-hightechnic-468x90

“Əgər Türkiyə yenidən təşəbbüs göstərsə, həm Rusiya, həm də Ukrayna üçün çox mühüm və əhəmiyyətli bir addım olacaq”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putini öz ölkəsinə qonaq çağırması fonunda Rusiya-Ukrayna müharibəsinin burada mümkün həllindən danışıb.

Siyasi şərhçi bildirib ki, Rusiya-Türkiyə münasibətləri praqmatik xarakter daşıyır:

“Onlar arasında müxtəlif sahələrdə – iqtisadi məsələlər, kənd təsərrüfatı məhsulları, turizm sahəsində əməkdaşlıq, həmçinin enerji əməkdaşlığı və digər sahələr əməkdaşlıq platformaları mövcuddur. Bu münasibətləri daha da genişləndirmək üçün təbii ki, Rusiya və Türkiyə prezidentlərinin birgə görüşü və aparacaqları müzakirə inkişafa mühüm töhfə verə bilər. Nəticə etibarilə Ərdoğanın Putini ölkəsinə dəvət etməsi mühüm əhəmiyyət kəsb edir”.

Onun sözlərinə görə, eyni zamanda onların regional əməkdaşlıqla bağlı müzakirələri də gündəmdə ola bilər:

“Burada həm Suriya, həm də Ukrayna məsələsi ön plana çıxır. Çünki Türkiyə, ümumilikdə, regionda sabitlik istəyən dövlətlərdən biridir. Hətta Rusiya-Ukrayna müharibəsinin başlandığı vaxtda belə ilk olaraq bu danışıqlara ev sahibliyi edən və təşəbbüs göstərən tərəf Türkiyə idi. Şəxsən Ərdoğan prosesə rəhbərlik etdi və İstanbulda çox ciddi və mühüm danışıqlar mərhələsi keçirildi. Nəticə olaraq taxıl dəhlizi açıldı”.

Müsahibimiz söyləyib ki, taxıl dəhlizinin o vaxt işə salınması böyük əhəmiyyət kəsb edirdi:

“Çünki müharibə qəfil başlamışdı. Ərzaq çatışmazlığından əziyyət çəkən ölkələr həmin prosesin qurbanına çevrilə bilərdilər. Bu isə dünyada qlobal ərzaq böhranı yarada bilərdi. Məhz Türkiyənin təşəbbüsü ilə İstanbulda keçirilən danışıqlar böhranın qarşısını aldı”.

Həmsöhbətimiz əmindir ki, həmin danışıqlar davam etdirilmədi, çünki buna imkan verilmədi:

“Həm bəzi Qərb dairələri, həm də Rusiya özü prosesin nəticələnməsində maraqlı olmadı. Əslində, Ukrayna üçün də o danışıqlar daha sərfəli idi. Ukrayna hələ o qədər ərazi itirməmişdi. Eyni zamanda Rusiya üçün də sərfəli idi, çünki indiki qədər zəifləməmişdi. Müharibə nəticəsində Rusiya həm iqtisadi, həm də hərbi sahədə ciddi itkilərlə üzləşib, Ukrayna isə böyük torpaq itkisi verib. Əlavə olaraq müharibə illərdir davam edir”.

“Türkiyədə keçirilən danışıqlar qarşılıqlı etimad, real vəziyyətin düzgün qiymətləndirilməsi və ərazi bütövlüyünün qorunması şərtləri ilə daha səmimi və uyğun formatda aparıla bilər. Əgər Türkiyə yenidən təşəbbüs göstərsə, həm Rusiya, həm də Ukrayna üçün çox mühüm və əhəmiyyətli bir addım olacaq”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa