Bu gün Azərbaycanın Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günüdür.
1985-ci ilin 7 yanvarında Şəmkir rayonunun Qılıncbəyli kəndində dünyaya göz açan Rəşad Saləddin oğlu Atakişiyev ilk təhsilini Qılıncbəyli kənd tam orta məktəbində, sonra isə Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil alaraq uçuş mühəndisi ixtisasına yiyələnən R. Atakişiyev daha sonra pilot kimi peşəkar fəaliyyətinə başlayıb.
Xatırladaq ki, 2019-cu il iyulun 24-də, gecə təlim-məşq uçuşları zamanı şəhid pilot R. Atakişiyevin idarə etdiyi MiQ-29 təyyarəsi ilə rabitə əlaqəsi qəflətən kəsilərək aviasiya vasitəsi radarlardan itmişdi. Daha sonra isə təyyarənin Xəzər dənizinə düşdüyü müəyyən edilmişdi. Azərbaycan Müdafiə Nazirliyinin 19 avqust 2019-cu il tarixli məlumatında isə təyyarənin qara qutusunun tapıldığı və ertəsi gün şəhid pilotun nəşinin sudan çıxarıldığı qeyd olunmuşdu.
2019-cu ilin 21 avqustunda İkinci Fəxri xiyabanda dəfn olunan R. Atakişiyevin fədakarlığı 7 may 2021-ci ildə rəsmi olaraq onun şəhid statusu ilə qiymətləndirilməsi ilə nəticələnib.
Yenicag.az-la söhbətində politoloq Qabil Hüseynli kürəkəni – şəhid pilot R. Atakişiyevin təyyarəsinin Xəzər dənizinə düşməsi hadisəsi ilə əlaqədar bir sıra məqamlara toxunub:
“İstisna etmirəm ki, şəhid pilotumuz Rəşad Atakişiyevin təyyarəsinin vurulmasında Rusiyanın əli var. Azərbaycanın Xəzər dənizi üzərində tez-tez həyata keçirdiyi hava təlimləri, bir növ, ölkəmizin dəniz üzərində hüquqi olan sahələrdə mövcudluğunu nümayiş etdirməsinə xidmət edirdi. Bu addımlar Azərbaycanın Xəzər dənizi ilə bağlı suveren hüquqlarını təsdiqləmək və möhkəmləndirmək məqsədi daşıyırdı. Lakin belə bir vəziyyətin Rusiyanın maraqlarına uyğun olmadığını düşünmək mümkündür. Çünki Rusiya Xəzər dənizinin üzərindəki hərbi və iqtisadi üstünlüyü yalnız özünə aid görür və bu bölgədə digər ölkələrin, xüsusən də Azərbaycanın öz hüquqlarını təsdiqləmək cəhdlərini qəbul etməyə bilər. Azərbaycanın Xəzər dənizində öz suverenliyini möhkəmləndirməsi və bu istiqamətdə addımlar atması rus dairələrində narahatlıq yaratmışdı.
Bu baxımdan, təyyarənin vurulması hadisəsi həmin maraqların kəsişmə nöqtəsi kimi qiymətləndirilə bilər”.
Rafi Müslümov
www.yenicag.az