Şişirdilmiş uğur hekayəsi: “Yapı Kredi” başqa, rəqəmlər başqa şey deyir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə bağladığını açıqlayıb. Faiz gəlirləri 53 milyon manatdır, artım 14 faiz. Qeyri-faiz gəlirləri 28,7 milyon manatdır, artım 12 faiz. Xalis faiz gəliri 39,5 milyon manat səviyyəsindədir.
Yenicag.az xəbər verir ki, kredit portfeli isə əsas “uğur” kimi təqdim olunur: bir il ərzində 47 faiz artım və 467 milyon manatlıq rekord həcm. Bunun 309 milyon manatı biznes kreditləridir və artım 64 faizdir. İstehlak kreditləri 97 milyon manat, daşınmaz əmlak kreditləri 62 milyon manatdır.
Depozit portfeli 528 milyon manat təşkil edir. Bunun 431 milyon manatı hüquqi şəxslərin, cəmi 96 milyon manatı fiziki şəxslərin payına düşür. Kapital adekvatlığı göstəriciləri normativdən yuxarıdır: I dərəcəli kapital 14,4 faiz, məcmu kapital 17,1 faiz. Məcmu kapitalın həcmi 109 milyon manatdır.
Gözə kül üfürən “rekord” ritorikası
Rəqəmlər diqqətlə oxunanda ortaya narahatedici mənzərə çıxır. 47 faiz böyüyən kredit portfeli fonunda cəmi 10 milyon manat xalis mənfəət bankın real effektivliyini göstərir. Bu, uğur deyil, sualdır. Bu qədər sürətli böyümə niyə adekvat gəlir yaratmır? Kredit həcmləri şişir, amma qazanc eyni tempdə gəlmir. Bu isə sağlam inkişafdan çox, statistikanı gözəgəlimli göstərmək təəssüratı yaradır.
Sürətli kredit artımı – sabahın yükü
Biznes kreditlərində 64 faizlik artım açıq-aşkar risk konsentrasiyasıdır. Bank balansının əsas yükü məhz bu seqmentin üzərinə yığılır. Bu qədər sürətli genişlənmə həmişə “nə bahasına?” sualını doğurur. Kredit keyfiyyəti, seçimin sərtliyi və risklərin real qiymətləndirilməsi barədə isə rəqəmlər susur. Azərbaycan bankçılığının keçmişi göstərib ki, bu cür “rekordlar” çox vaxt sonradan problemli aktivlər kimi geri qayıdır.
Pərakəndə bazarda zəiflik gizlədilmir
İstehlak kreditlərinin cəmi 19 faiz artması bankın kütləvi müştəri bazasında ciddi sıçrayış edə bilmədiyini göstərir. Bu, təsadüfi deyil. Pərakəndə sektor stabil və uzunmüddətli gəlir mənbəyidir, amma burada ciddi mövqe qazanmaq çətindir. Bank isə daha asan, amma daha riskli yol seçərək korporativ kreditləşməyə yüklənir. Nəticədə risklər dar seqmentdə toplanır.
Depozit strukturu – zəif yer açıq görünür
Depozitlərin böyük hissəsinin hüquqi şəxslərə məxsus olması təhlükəli balansdır. 528 milyon manat depozitin 431 milyon manatı bir qrup iri müştərinin qərarlarından asılıdır. Fiziki şəxslərin payının bu qədər aşağı olması bankın geniş ictimai etimad bazası formalaşdıra bilmədiyini göstərir. Belə struktur sabitlik yox, kövrəklik deməkdir. Bu vəsaitlər uzunmüddətli deyil, fürsət düşən kimi yerini dəyişə bilən resurslardır.
Kapital var, amma arxayınlıq üçün əsas deyil
Kapital adekvatlığı normativdən yuxarıdır deyə məsələ bitmir. Kapital göstəriciləri kağız üzərində yaxşı görünə bilər, amma kredit portfelinin sürətlə şişdiyi şəraitdə bu bufer çox tez incələ bilər. 109 milyon manat kapital 467 milyon manatlıq kredit yükü fonunda elə də rahat yastıq təsiri bağışlamır. Xüsusilə risklərin bir istiqamətdə cəmləndiyi halda.
Qısacası, “Yapı Kredi Bank Azərbaycan”ın 2025-ci il hesabatı uğur hekayəsi kimi təqdim edilsə də, faktiki mənzərə daha sərtdir. Bank böyüyür, amma bu böyümə dayanıqlı mənfəət və balanslı strukturla müşayiət olunmur. Kredit həcmləri sürətlə artır, depozit bazası dar və asılıdır, mənfəət isə bu miqyas üçün zəifdir. Bu, triumf deyil, xəbərdarlıq siqnalıdır. Rəqəmlər alqış yox, ciddi suallar doğurur.
İqtisadiyyat şöbəsi












