“Qadın özündən az qazanan bir kişi ilə ailə həyatı quranda və o daha çox qazananda ailədə hegemonluq etməyə, həyat yoldaşını alçaltmağa çalışır, üzərinə daha çox yük götürdüyü üçün aqressivləşir, tez-tez həyatından şikayətlənir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında qadınların özlərindən daha az əmək haqqı qazanan kişilərlə münasibətdən çəkinməsi barədə danışan psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, qadınlar sevgi, qayğı, diqqət istəsə də onlar son dövrlərdə münasibətdə pulu daha çox əsas tutur:
“Bu, artıq valideynlərdə də özünü göstərir. Məsələn, elçi gedəndə ən birinci sualı “evi, işi varmı, nə qədər qazanır” olur. Qadın özündən az qazanan bir kişi ilə ailə həyatı quranda və o daha çox qazananda ailədə hegemonluq etməyə, həyat yoldaşını alçaltmağa çalışır, üzərinə daha çox yük götürdüyü üçün aqressivləşir, tez-tez həyatından şikayətlənir. Ümumilikdə qadın özündən az əmək haqqı alan bir kişi ilə münasibət quranda bir çox problem ortaya çıxır. Həmin ailələr bir o qədər də uğurlu olmur. Çünki bu ailədə qadının hegemonluğu hökm sürür. Xüsusilə də Azərbaycanda kişilər heç də özlərindən yüksək maaş alan qadınlarla ailə qurmur. Çünki fikirləşirlər ki, əgər qadın məndən daha çox əmək haqqı alırsa, bu zaman ailəmizdə problemlər, qadının hegemonluğu, kaprizləri ortaya çıxacaq”.
G.Orucova qeyd edib ki, bir çox xarici ölkələrdə də nə qədər əksini iddia etsələr də, qadınlar kişilərdən nələrsə umur:
“Qadın özünün edə bilməyəcəyini kişinin etməsini istəyir. Kişi də bunu edə bilmir və bunu özü edirsə, artıq onu kişi gözündə görməməyə başlayır. Bu səbəbdən də ailələrdə elə məhz kişinin üstünlüyünü də qadından daha çox pul qazananda görürük. Bir çox ailələrdə də görürük ki, kişi əsəbləşəndə, yaxud da qadın kişiyə hər hansı bir fikrinə etiraz edəndə kişi sənin üçün heç nə etməyəcəyəm deyir. Ona görə də əsasən indiki xanımlar özündən az pul qazanan kişi ilə ailə həyatı qurmaq istəmir. Düzdür, onlar arasında istisnalar da olur. Bu da qadın çox sevəndə güzəştə getməyi bacarır və onunla da ailə həyatı qurur. Amma gələcəkdə bəzən görürük ki, uğursuz ailə ortaya çıxa bilir”.
Psixoloq əlavə edib ki, qadın psixologiyası kişidən fərqlidir:
“Kişi nə qədər çox pul qazansa da, öz səbrini, təmkinini, əzmini qoruyub saxlaya bilir. Lakin bəzi qadınlar var ki, onlar daha çox pul qazananda artıq o sərhədləri, hədləri aşır, iş yerlərində işçilərlə istədiyi kimi rəftar edirlər. Bəzən elə problemlər məhz qadınların idarə etdiyi müəssisələrdə çıxır. Ədalətsizlik, yanlış seçimlər məhz orada daha çox ola bilir. Lakin kişilərin idarə etdiyi yerdə ədalət olur. Kişilər qadınlara nisbətdə götürsək, daha ədalətlidir”.
İsmayıl Bakuvi
www.yenicag.az