Qafar Çaxmaqlı erməni diasporunun Doğu Perincəklə mübarizəsindən yazdı
Bu imtahan çox şeyi dəyişdirəcək
Türkiyənin uzun onilliklərdi ki, siyasi meydanında külünk vuran bir siyasətçisi var. Döyülən, söyülən, məhkəmələrə çəkilən, yarqılanan, həbs edilən… Bu İşçi Pariyasının lideri Doğu Perincəkdi. Onun və çevrəsindəkilərin düşüncələri bir vaxtlar bizlərə yaxşı tanış olan sosialist görüşlərə yaxındı, bir zamanlar solçu- kommunist düşüncə ilə cəmiyyətdə yer tutmağa çalışardı. Olmadı . SSRİ-nin dağılması ilə onların mübarizə sistemi də fəlakətə uğradı, amma toparlanıb dəyişə bildilər. Daha çox ulusalçılığı mənimsədilər və bəzi milliyətçi görüşə sahib dostlarımız təəssüflənirlər ki, Atatürkçü düşüncə bu topluluğun əlinə keçdi və bu, topluluq, siyasi təşkilat Artatürkçü düşüncə tərzinin mənimsəyən qüvvə kimi meydana çıxdı və bu qətiyyən millətə zərər verəcək bir ideoloji kimi görünmür. Türkçülüyü aşağılayanların, Türklərə böhtan atanlarların, məmləkəti bazara çıxaranların qarşısında indi ulusal görüşlü insanları görməkdəyik. Elə erməni avantüristlərə qarşı da indi adını “ulusalçı” qoyduğumuz bu qrup daha ardıcıl, daha kəskin və sistemli mübarizə aparır. Onların yaratdıqları və Avropada daha təsirli fəaliyyət göstərən “Tələt Paşa” Komitəsinin fəaliyyətində bir zamanlar mən də yer aldığımdan və görülən işin effektini də bilirəm.
Onu da deyim ki, Türkiyədə keçmişdən gələn və hələ də unudulmayan bəzi hadisələrə görə ulusalçıların fəaliyyətinə kölgə düşürənlər var. Amma keçmiş keçmişdə qalsın artıq. Əgər Doğu Perincək ermənilərin Türk millətinə həqarətlərinə dözmürsə, onlara qarşı sərt tavrını ortaya qoyursa və bunun faydalarını görürüksə, onları nədən müdafiə etməməliyik? Və yaxud oğul Perincək sevimli dostum Mehmet Perincək Rusiya arxivlərini ələk- vələk edərək erməni yalanlarını üzə çıxararaq onları ifşa edirsə nədən onu təqdir etməyək? Onun Türkiyədə bir neçə dildə yayınladığı kitablar “erməni məsələsi”nin üzə çıxmasında önəmli rol oynamaqdadır. Bunlar bizim ümumi davalarımızdır. Perincək- İsveçrə məhkəməsi həm də Azərbaycan olaraq bizim maraq dairəmizdə olmalıdır. Həmişə şikayət edirik ki, ideoloji cəbhədə ermənilərə uduzuruq. Zəfərlərimiz barmaqla sayılacaq qədər azdır. Bu mənada İsveçrənin ermənipərəst mövqeyini darmadağın etmək kimi son illər ermənilər üzərində qələbə qazanmış Doğu Perincəyi alqışlamaq olardı.
Deyim ki, bu AİHM-in 17 mart 2013 qərarı böyük qələbə idi. Bu qərarla həm də ermənilərin iç üzü açılır, onların iftirası, saxtakar olduqları üzə çıxırdı. Nədənsə bu uğura o qədər də sevinmədilər. Qısqanc münasibət göstərdilər. Perincəyin bu zəfəri əslində və dolayısı ilə bizim də işimizə yarayırdı. Biz də nədənsə buna duyarsız qaldıq. Nədən buna belə əhəmiyyətsiz məsələ kimi baxdıq və bu işdə Perincəkə dəstək vermədik? Düşündürücüdür. Baxın, bu gün məsələni yenidən məhkəməyə daşıyan İsveçrə olsa da əsas rolda Ermənistandır. Ermənistan bu davada üçüncü tərəf kimi özünü oraya soxa bilib. Amma Türkiyə tərəf deyil. Biz tərəf deyilik. Türkiyə yönətimini hardasa başa düşmək olar. Perincək və onun ətrafındakılar müxalifətdədirlər. Hani milli məsələlərdə iqtidar- müxalifət yox idi? (Hələ mən Bu kişinin uydurma Erkenekon suçlaması ilə nahaqdan neçə il həbsdə yatmasını demirəm). Azərbaycan bu işdə heç tərəf deyil. Azərbaycan televiziyalarını “yağır eləyən” bir politoloq deyir ki, “bizim bu işə qarışmağımız başa düşülməz”. Bu adama heç , həm də heç cavab vermək istəməzdim. Anladığı o qədərdi, burnunun ucundan uzağı görmür bu adam. Amma bir şəkildə bu işə qatqılar edilə bilərdi. Ən azı ona görə ki, bizim düşmən hesab etdiyimiz Ermənistan bu işə tərəf olaraq girmişdi. O nə adla girirdisə, biz də o adla qarışa bilərdik, heç olmasa müraciət edərdik. Bu təkcə mənim fikrim deyil. Azərbaycanın köməyini gözləyən insanların dilə gətirdikləri sözlərdir. Uman yerdən küsərlər –deyiblər.
Baxın, bu ayın 28-də AHİM-də Ermənistanı kimlər təmsil edəcək: Baş prokuror Gevork Kostanyan, onun müavini Emil Babayan, Ədliyyə nazirinin müavini Arman Tatoyan. Və yan- yörələrində yüzlərlə örgüt, erməni lobbisi, erməni diasporu … Baxın, kasıb Ermənistan kimləri vəkil edib. Dünyaca ünlü vəkil Cefri Robertson. Məşhur aktyor Kluninin xanımı Amal Ramzi, Tobi Kolis… Bunları məsələnin nə qədər prinsipial olduğunu anlamağımız üçün deyirəm. Bu iş təkcə Doğu Perincəyin məsələsi deyil ki? Bir qədər öncə Bakıda keçirilən bir toplantıda mən bu məsələni gündəmə gətirmişdim. O toplantıda Qarabağla bağlı onlarca təşkilart iştirak edirdi. Dinlədilər, doğru deyirsən dedilər. Reaksiya sıfır…
Amma bu istiqamətdə gəlişmələr heç də bizi gözləmir. İndi vaxt yetişib. Mənim bir journalist olaraq məlumat verməkdən başqa əlimdən bir şey gəlmiz. Avropa İnsan Haqları Məhkəməsində yanvarın 28-də “Perincək- İsveçrəyə qarşı” məhkəmə işinə baxılacaq. Oxucular üçün bu bilgiləri də verim, Türkiyə İşçi Partiyasının lideri Doğu Perincək bir konfransada “Erməni soyqırımı” olmamışdır” dediyinə görə 9 mart 2007-ci ildə İsveçrə Məhkəməsi tərəfindən pul cəzasına və 1 il müddətinə həbsə məhkum edilmişdi. Buna qədərsə İsveçrə qondarma “Erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun qəbul etmişdi. Bu insanların ifadə azadlığına zidd olsa da qanun qəbul edilmiş və bir konfransda “Erməni soyqırımı”nın yalan olduğunu söyləyən Doğu Perincək dediyimiz tarixdə məhkum edilmişdi. İşi Avropa İnsan haqları Məhkəməsinə verən Doğu Perincək 17 dekabr 2013-də məhkəmə tərəfindənsuçsuz hesab olunmuşdu. Qələbə mən bax buna deyirəm. Daha sonra Ermənilər bunu həzm edə bilmədilər və 2015 qondarma “erməni soyqırımı”nın 100-cü illiyini keçirmək ərəfəsində revanşa üz tutdular. Budur, Erməni basqıları nəticəsində İsveçrə yenidən bu məsələni qaldırmış və işlə bağlı 17 mart 2014-cü ildə Apelyasiya şikayəti vermişdir. İndi 28 yanvar 2015-də həmin işə baxılacaq. Qərarı gözləməkdən başqa əlimizdən bir şey gəlməz… Bu ideoloji zəfəri əldə saxlamağımız lazımdı… Bu imtahandı.