!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qarabağ Azərbaycanındır! Və ya Nikol Paşinyanı utandıran üç nöqtə!

!Reklam – Yazi

“Maraqlıdır, Paşinyan bu gün kimə güvənir?”

QARABAĞ AZƏRBAYCANINDIR ! КАРАБАХ – ЭТО АЗЕРБАЙДЖАН ! VƏ YA NİKOL PAŞİNYANI UTANDIRAN ÜÇ NÖQTƏ!

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev erməni baş nazirin məlum bəyanatı haqqında “Facebook” səhifəsində status paylaşıb. Yenicag.az yazını təqdim edir:

“Deməli, hadisə belə olub: Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışlarından birində deyib ki, “Qarabağ – Ermənistanın bir hissəsidir və Nöqtə”. Yəni, N.Paşinyan əsrlərlə davam edən bu savaşı ekzorsizmin ən faydalı ənənələrinə sadiq qalaraq, bu ifadəni dəfələrlə təkrarlamaqla həll etmək niyyətindədir. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev onun bu topoqrafik, hüquqi və qrammatik səhvini düzəltdi: “Qarabağ – Azərbaycandır və Nida!”. Mən isə Nöqtədən Nidaya gedən yolun daş – kəsəklərinə aydınlıq gətirmək istəyirəm.

Nikol Paşinyan Ermənistan establişmentinin birinci sırasında otursa da, o sıradan biridir və deyəsən anlamır ki, ayağa duran kimi altındakı yanını yumşaldan kürsü qatlanacaq.

Maraqlıdır, Paşinyan bu gün kimə güvənir? Hardadır general Foma Nazarbekov, komandanlar Andronik Ozanyan, Qaregin Njde, Dro Kanoyan? Müasir Ermənistanda onlardan yalnız Yerevan küçələrində “otkat”lar bahasına tikilmiş heykəllər və korrupsiyaya qurşanmış və demoralizə olmuş (yaxud ruhdan düşmüş), 2016-ci ilin aprel ayında tamamilə döyüşə hazır olmadıqlarını nümayiş etdirən ordu qalıb.

Nikol Paşinyan unutmamalıdır ki, ötən əsrin əvvəlində yuxarıda adları çəkilən erməni komandirlərinin Azərbaycan torpaqlarında yüzlərlə müsəlman kəndlərini yandırıb, qoca, qadın, uşaqlarımızı qıraraq torpaqlara sahib çıxmaq iştahasının qarşısını şanlı Azərbaycan Ordusu aldı, qəhrəmancasına döyüşərək, hərbi geyimdə olan minlərlə erməni oğullarını məhv etdi və işğal olunmuş Qarabağ, Naxçıvan və digər ərazilərimizi azad etdi. Azərbaycan bu gün də müharibəni uduzmayıb – savaş başqa müstəvidə olsa belə, davam edir və in şa Allah, bütün torpaqlarını qansız-qadasız geri almaq niyyətindədir, ona görə ki, biz XXI əsrdə yaşayırıq və balalarımızın, genofondumuzun qədrini bilirik. Amma sizin döyüş görməyən ağzınızdan çıxan “xorultular” yenə də minlərlə erməni gəncinin həlak olması ilə nəticələnəcək və onların arasında sizin və digər erməni qadınlarının oğulları olacaq.

Axı Nikol Paşinyan niyə belə edir?

Bir neçə il əvvəl Nikol Paşinyan hakimiyyətə gələndə mən onun ilk addımlarını görüb Allaha şükür etdim ki, nəhayət, Ermənistanda Kirovobaddakı (indiki Gəncə) Peşə Məktəbini kafi qiymətlərlə bitirən “məhlə uşaqları”nın dövrü sona çatdı və artıq öz xalqını qanına qəltan edənlərin yerinə müasir, ali təhsilli və ən əsası, dünyəvi və Azərbaycanla danışıqlar prosesində populist yox, realist bir adam oturacaq… 25 ildən çoxdur bu torpaqlara Ermənistan hökuməti nəzarət edir. Nə qədər gəlir gətirib Ermənistan büdcəsinə bu torpaqlar? Sıfır! Bəs nə qədər xərc edib Ermənistan, daha doğrusu, erməni xalqının büdcəsi bu topraqların qarovulçuluğuna?

100 milyonlarla ABŞ Dolları! Bu az pul deyil. Amma mən bugünkü Qarabağ ermənilərinin güzəranı ilə ötən əsrin 80-ci illərini müqayisə edəndə görürəm ki, onlar onda daha yaxşı yaşayırdılar. Bəs 100 milyonlar? Anlayanlar üçün bu sual ritorikdir! Azərbaycanın inkişafı, hətta kosmosa peyk buraxmasının fonunda Ermənistanın nəzarətində olan Azərbaycan torpaqlarının bərbad vəziyyətdə qalması bir daha onu sübut edir ki, işğalçılar çox gözəl anlayırlar ki, sahib kimdir və o bir gün qayıdacaq, onlar isə ötən əsrin əvvəlində olduğu kimi geri, bizim 29 may 1918-ci ildə güzəştə getdiyimiz torpaqlarımıza qayıdacaqlar.

Mən, Qarabağ və XX əsrin sonu və XXI əsrin əvvəllərində dünyada baş vermiş digər müharibə və inqilablarda iştirak etmiş və bir çox Lider, Fədai və Qəhrəman görmüş mütəxəssis kimi deyə bilərəm ki, Nikol Paşinyanın vətənpərvərliyi məcburi, yarımçıq və prinsipsizdir və bu Ermənistanda bərqərar olan yararsız və korrupsiyaya qurşanmış hərbi-populist idarə etmə üsulunun davamıdır! Əks halda, niyə bütün dünya ölkələri kimi Ermənistan da indiyədək de-fakto Qarabağı Azərbaycan torpağı hesab edir?! Niyə vaxtı ilə güllələnmiş parlamentləri (27 oktyabr 1999-cu il) indiyədək Qarabağı Ermənistanın ərazisi kimi qəbul etmir? Deməli, Nikol Paşinyan səsləndirdiyi cümlənin axırında qoyduğu nöqtəyə əlavə iki nöqtə də qoymalı idi! Yəni üç nöqtə olmalı idi – bu isə, həqiqət olsa da, hər iki xalqda frazeoloji birləşmə olaraq çox pis səslənir!

Nikol Paşinyanın və o tərəfdən Azərbaycana baxan digərlərinin səhvi ondan ibarətdir ki, onlar Azərbaycan Ordusunun arxalandığı qüvvəni görmürlər. Azərbaycan Ordusu və onun Baş Komandanının arxasında dəmir və texnologiya yox, Azərbaycan Dövləti, Azadlıq və Müstəqillik uğrunda sərt mübarizə məktəbindən keçmiş, Liderlərini dəstəkləyən bütün Xalqı dayanıb!”

www.yenicag.az

1653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv